"Quyruq bulayanlar"ın təxribat cəhdi: Bəzi qüvvələr Bakı və Moskva arasında nifaq salmağa can atır

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova yazdığı iddia edilən saxta məktub siyasi sifarişdir və “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı spekulyasiya etmək cəhdidir.
Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin “Telegram” kanalında məlumat verilib.
"İnternetdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovdan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova ingilis dilində yazılmış qondarma məktub yayılır. Bu məktubda deyilir ki, ölkəmiz Rusiyanın hava məkanından təhlükəsiz istifadəyə zəmanət verə bilməz. Bu kobud saxtakarlıqdır. Bu, emosional reaksiyaya səbəb olmaq üçün nəzərdə tutulmuş primitiv saxtakarlığın nümunəsidir.", - deyə məlumatda bildirilir.
Məlumatda həmçinin qeyd olunur ki, saxta müəlliflər onu adi poçt domenindən və adi bir e-poçt ünvanından göndərərək, ona rəsmi atributlar verməkdən belə çəkinməyiblər.
Məlumatda daha sonra deyilir: “Aydındır ki, bu cür qərəzli dezinformasiyanın arxasında siyasi sifariş və dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları” QSC-nin sərnişin təyyarəsinin qəzaya uğraması mövzusu ətrafında spekulyasiya etmək cəhdi dayanır”.

Politoloq Tofiq Abbasov "Sherg.az"a söyləyib ki, zaman-zaman "quyruq bulayanlar" və təxribata üstünlük verənlər saxtakarlıqla məşğul olaraq çalışırlar ki, məsələləri daha da dərinləşdirsinlər:

"Bəzi qüvvələr ölkələr arasında nifaq salmağa can atırlar. Azərbaycanın baş vermiş insidentlə bağlı mövqeyi bəlli, haqlı və sağlamdır. Prezident İlham Əliyev Aktaudakı qəzayla bağlı öz fikrini açıq şəkildə bildirib. Rusiya tərəfdən Azərbaycana yönələn neqativ dalğalar millətçi və radikal qrupların özfəaliyyətidir. Həmçinin burada üçüncü ölkələrin, ermənilərin "beşinci kolonunun" əli də var. Həmin qüvvələr kiberhücumlardan istifadə edərək əlavə problem yaratmağa çalışırlar. Digər tərəfdən bu, Rusiyanın marağındadır ki, məsələni araşdırsınlar. Hər halda Azərbaycan və Rusiyanın rəsmi dairələri, dövlət sistemi özlərini elə bir tərzdə ifadə edirlər ki, heç bir fantaziyaya yer qoymurlar. Digər tərəfdən Azərbaycan dəhşətli vəziyyətlə üzləşdi. Üstəlik, təyyarənin kənar təsirlərlə qəzaya uğradığı da ortadadır. Nəzərə almaq lazımdır ki, hadisə Rusiya ərazisində baş verib və həlak olanların içində ruslar da var".

Politoloqun fikrincə, təyyarə qəzası ilə bağlı ciddi araşdırmalar aparılmalıdır ki, gündəmdə olan ağır suallara və bəlli olmayan məsələlərə cavab tapılsın:
"Ümumiyyətlə Azərbaycan və Rusiya da ikitərəfli münasibətlərə xələl gəlməməsində və imiclərin korlanmamasında maraqlıdır. Bu baxımdan hər iki dövlət bir-birinə arxalanaraq həm qonşuluq, həm də beynəlxalq münasibətlər bir çox layihələri birgə həyata keçirir".