Ermənistan tərəfindən son zamanlar təxribatçı açıqlamalar verilməkdə və addımlar sezilməkdədir. Bunun növbəti bariz nümunəsi isə Ermənistan ordusunun Zəngəzurda tikdiyi yeni hərbi hissələrdir. GSSR44 Teleqram kanalında Ermənistan ordusunun Zəngəzurda tikdiyi yeni hərbi hissənin fotoları yayılıb. Bildirilib ki, yeni hərbi hissə şərti sərhədin bir neçə kilometrliyində yerləşir. Hərbi hissənin ərazisinə alternativ yeni yol çəkilib.
“Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli “Sherg.az”a bildirib ki, Ermənistanın son vaxtlar atdığı əksər addımlar daha çox hərbi xarakter daşıyır:
“Rəsmi İrəvan sülhdən danışsa da, birmənalı şəkildə yeni savaş istiqamətində fəaliyyət göstərir. Amerika Birləşmiş Ştatları, Avropa Birliyi və Fransanın himayəsi altında sürətlə silahlanır. Ermənistan Ordusunun yeni müharibəyə hazırlaşması üçün təlim prosesinin məzmun və keyfiyyəti dəyişdirilir. Ona görə də hesab etmək olar ki, Ermənistan tərəfindən Zəngəzur bölgəsində Azərbaycanla sərhəd bölgədə yeni hərbi bazanın yaradılması gələcək üçün nəzərdə tutulan savaşa hazırlıq mərhələsinin tərkib hissəsidir. Ümumiyyətlə, rəsmi İrəvanın son dövrlər atdığı hərbi addımlarda müəmmalı məqamlar kifayət qədər çoxdur. Bir tərəfdən Avropa Birliyinin Qərb kəşfiyyatçılarından ibarət mülki müşahidə missiyasının sərhəd bölgəsində saxlanılması, digər tərəfdən isə Amerikadan olan peşəkar hərbiçilərin Ermənistan ordusunda təlim məsələlərinə cəlb olunması və ABŞ ilə Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq barədə saziş uzaqgedən planlardan xəbər verir. Qeyd etmək lazımdır ki, bir neçə ay bundan öncə ABŞ-nin Ermənistanda qeyri-leqal hərbi baza yaratması barədə də məlumatlar gündəmə gəlmişdi. Belə ki, ABŞ ordusunun erməni mənşəli hərbiçilərindən ibarət hərbi kontingentin Ermənistana göndərildiyi bildirilirdi. Yəni Qərbin Ermənistan üzərindən olduqca müəmmalı oyunlar oynadığı qətiyyən şübhə doğurmur. Görünən odur ki, Qərbdə olan hansısa qüvvələr, xüsusilə Amerikada Cənubi Qafqazı qarışdırmaq istəyən siyasi dairələr Ermənistandan geosiyasi alət kimi istifadə etmək istəyir. Hesab edirəm ki, hazırki vəziyyətdə Ermənistanın sülhlə bağlı bəyanatları manupulyasiya xarakteri daşıyır. Reallıqda isə Ermənistan sülhdən yayınmaqla yeni müharibə ehtimalını sınaqdan keçirmək niyyətindədir”.