Dünyada və bölgədə baş verən hadisələr, dövlətlərin mövqelərindəki dəyişikliklər və yeni təhdidlər sənədin dövrü olaraq yenilənməsini zəruri edir
Türkiyənin “Milliyyət” nəşri məlumat yayıb ki, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının bu il ilk iclası keçirilib.
İclasın sonunda qəbul edilən bəyanata görə, milli təhlükəsizlik üzrə xarici siyasət sənədi vəziyyətdən asılı olaraq hər 5 ildən bir yenilənəcək.
Yeni sənəddə dünyada və regionda baş verən hadisələrin inkişafı əsasında Türkiyə üçün zəruri olan siyasi istiqamətlər yer alıb.
Qəbul edilən yeddi bəndlik bəyanatda ölkənin daxili və xarici siyasəti, PKK və FETÖ ilə mübarizə, Suriyanın yeni hakimiyyət orqanları tərəfindən təhlükəsizliyin və ərazi bütövlüyünün təmin edilməsi, Qəzza və Fələstin probleminin ədalətli həlli yolları, Türkiyənin Afrika, Yaxın Şərq və Balkanlardakı problemlərin həllində rolu ilə bağlı məsələlərə toxunulub.
Məsələ ilə bağlı "Sherg.az"a danışan Türkiyənin Bahçeşehir Universitetinin Strateji Araşdırmalar Mərkəzinin sədri, terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib ki, ictimaiyyət arasında "Qırmızı Kitab" kimi tanınan, rəsmi adı isə Milli Təhlükəsizlik Siyasət Sənədi olan bu sənəd, Türkiyənin daxili və xarici təhlükəsizlik siyasətlərini müəyyənləşdirir:
"Milli Təhlükəsizlik Şurası tərəfindən hazırlanmış bu sənəd, ölkənin təhlükə qavrayışını, milli təhlükəsizlik strategiyasını, xarici siyasət prioritetlərini və müdafiə mexanizmlərini ehtiva edir. Eyni zamanda, o, dövlətin təhlükəsizlik konsepsiyasını və mövcud təhdidlərə qarşı nəzərdə tutulmuş tədbirləri müəyyən edən əsas çərçivədir. Bununla yanaşı, sənəd yalnız cari təhlükəsizlik vəziyyətini deyil, həm də gələcək strategiyaları müəyyənləşdirir. Təhlükəsizlik mühitinin daim dəyişməsi səbəbindən sənəd mütəmadi yenilənir. Bildiyimiz kimi, bəzi təhdidlər güclənə və ya zəifləyə, yaxud yaxınlaşıb-uzaqlaşa bilər. Buna görə də sənədə yeni maddələr əlavə edilə, aktuallığını itirən məsələlər isə çıxarıla bilər. Dünyada və bölgədə baş verən hadisələr, dövlətlərin mövqelərindəki dəyişikliklər və yeni təhdidlər sənədin dövrü olaraq yenilənməsini zəruri edir. Beləliklə, Milli Güvənlik Siyasət Sənədi, Türkiyənin təhlükəsizlik strategiyasının əsas dayaqlarından biri olaraq, ölkənin maraqlarını qorumaq üçün daim yenilənən, çevik və adaptiv yanaşma tələb edən bir sənəd kimi çıxış edir".