Analitik: “Çox təəssüf ki, Rusiya kimi qonşumuz var”

Abutalıb Səmədov: “Hər gün özümüzü ondan necə qoruyacağımız barədə düşünməliyik"

“Təyyarə qəzasından sonra Rusiya rəsmilərinin sərgilədiyi davranışı bir daha bu dövlətin mahiyyətini ortaya qoydu”

Azərbaycanın AZAL-ın təyyarəsinin vurulması ilə bağlı irəli sürdüyü haqlı tələblərə cavab olaraq Rusiya Prezident Administrasiyasından Rusiya mediasına sanki “fas” komandası verilib. Rusiya propaqandasının ucuz və primitiv metodları ilə Azərbaycana qarşı qarayaxma kampaniyası başlayıb. Rusiya tərəfi özünün nəzarətində olan kanallar vasitəsilə 2020-ci ilin noyabrında Rusiyaya məxsus helikopterin vurulması ilə AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması arasında paralel gətirir. Bu hadisələri müqayisə etmək istəyən Rusiya unudur ki, o zaman Azərbaycan tərəfi də Rusiyaya da bir sıra suallar ünvanlaya bilərdi. Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin üçtərəfli Bəyanatı 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə imzalanıb. Rusiyaya məxsus helikopter isə 9 noyabr tarixində saat 18:30-da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində vurulub. Helikopter həmin ərazidə nə gəzirdi? Rusiya sülhməramlıları hələ Qarabağda yerləşdirilməmiş, aktiv hərbi döyüşlərin davam etdiyi bir vaxtda Rusiyaya məxsus hərbi helikopterin Ermənistan-Azərbaycan dövlət sərhədinin tam yaxınlığında uçuş həyata keçirməsi, uçuşun günün qaranlıq vaxtında, aşağı hündürlükdə, hava müdafiəsi sisteminin radar müşahidəsindən kənar zonada həyata keçirilməsi, onun Ermənistana məxsus hərbi kolonu müşayiət etməsini Rusiya tərəfi necə izah edə bilər? Amma hərbi əməliyyatlar bitməmiş sərhədə yaxınlaşan naməlum helikopterin legitim hədəf olmasına baxmayaraq, Azərbaycan tərəfi konfrontasiyaya getməmək üçün söz oyunu oynamadı. Prezident İlham Əliyev rusiyalı həmkarına zəng edib üzrxahlıq etdi, helikopterin tam qiyməti ödənildi, həlak olan hərbçilərin ailələrinə kompensasiya ödənildi. Azərbaycana qarşı başlanan kampaniyanın növbəti hissəsi 2023-cü il antiterror əməliyyatı zamanı Qarabağda rusiyalı sülhməramlıların ölümü ilə bağlıdır. Son günlər Rusiya tərəfi yenidən bu mövzunu aktuallaşdırıb. Rusiya və Ermənistanın müxtəlif kanallarında həmin hadisə yerindən çəkilmiş fotolar yayılır. Azərbaycan tərəfinin ünvanına ittihamlar səslənir. Amma Rusiya tərəfi nədənsə unudur ki, antiterror əməliyyatı başlanan zaman Azərbaycan tərəfi sülhməramlıları əvvəlcədən xəbərdar edib. Əməliyyat zamanı onlara gözə görünməməyi, gizləndikləri yerdən çıxmamağı, səssiz-səmirsiz kazarmada oturmağı tapşırmışdı. Lakin naməlum səbəbdən bir neçə hərbçi öz avtomobili ilə döyüş ərazisinə hərəkət edib və Azərbaycan hərbçiləri bunu erməni hərbçilər zənn edərək məhv edib. Buna baxmayaraq, bu dəfə də Azərbaycan konfrontasiyaya yol vermədi. Prezident səviyyəsində üzrxahlıq olundu, cinayət işi qaldırıldı və s. İndi Azərbaycan da Rusiyada eyni yanaşmanı, eyni mərdliklə davranmağı gözləyir. Amma bunun əvəzinə Azərbaycana qarşı qarayaxma kampaniyasına başlanılıb. Azərbaycan öz şərtlərinin yerinə yetirilməsini gözləyir. Etiraf, üzrxahlıq, kompensasiya və günahkarların cəzalandırılmasını istəyir. Rusiya qeyri-dost addımları davam etdirəcəksə, onda Azərbaycanla münasibətlərdə əvvəlki ab-hava olmayacaq. Rusiya onsuz da dostsuz qalıb və belə bir şəraitdə Azərbaycan kimi dostu da itirmək ərəfəsindədir. Rusiya mediasına və onlara Kremldən təlimat verənlərə tövsiyə edərdik ki, onsuz da Azərbaycanda ictimaiyyət arasında pis olan imiclərini daha da aşağı salmasınlar. Bir məqamı da bildirək ki, Qarabağda yaşanan faciələrin əsası 1805-ci ildə Rusiya tərəfindən Qarabağ xanlığının işğalı ilə başlayıb.

"Alyans" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov "Sherg.az"a açıqlamasında deyib ki, təyyarə qəzasından sonra Rusiya rəsmilərinin sərgilədiyi davranışı bir daha bu dövlətin mahiyyətini ortaya qoydu. Aydın şəkildə hamıya Rusiyanın Ukraynaya qarşı müharibədə nədən müttəfiqsiz qaldığını göstərdi. Ekspertə görə, söhbət MDB və KTMT çərçivəsində olan müttəfiqlikdən gedir:
 "Heç kim Rusiyanın yanında yer almadı və bu, bir daha göstərir ki, keçmiş ittifaq respublikaları Rusiyaya həmişə şübhə ilə yanaşıblar, güvənməyiblər. Təbii ki, bu cür yanaşmaqda tam haqlıdır. Təyyarə qəzası baş verib, yəni Rusiya ərazisində təyyarəmiz vurulub və nəticədə üzr istənilib. Növbəti mərhələdə günahkarlar cəzalandırılmalı, təzminat verilməlidir. Əslində, bu addımların atılması Rusiyaya heç bir ziyan vurmayacaq, lakin indiki davranış Moskvanı daha da nüfuzdan salacaq, olan-qalan güvəni də aradan qaldıracaq. Rusiya rəsmilərinin davranışı bizim üçün gözlənilməz oldumu? Təbii ki, olmadı. Əgər bir ölkənin prezidenti özünü "missiya adamı" elan edirsə və bu missiyanın keçmiş sovet torpaqlarını birləşdirməkdən və inkişaf etdirməkdən ibarət olduğunu açıqlayırsa, bu cür davranışa təəccüblənməməliyik. Çox təəssüf ki, belə qonşumuz var. Hər gün özümüzü ondan necə qoruyacağımız barədə düşünməliyik".

Analitikə görə, iki ölkənin münasibətlərinin pozulmasında maraqlı dairələr arasında erməni lobbisi də var və bu, hamıya bəllidir: 
"Ancaq Rusiya hakimiyyətinin ən yüksək eşalonunda olan şəxslərin davranışları da ikili münasibətlərimizə ciddi zərbə vurur. Kreml rəhbəri baş verənlərlə bağlı qəti addımlar atmır. Xarici işlər naziri mətbuat konfransında üstüörtülü Azərbaycanı günahlandırmağa cəhd göstərir. Belə davranışın nəticəsi artıq ortadadır. Azərbaycanda anti-Rusiya əhvali- ruhiyyəsinin güclənməsinə şərait yaradılar. Hesab edirəm ki, şimal qonşumuzu Azərbaycan üçün təhlükə hesab edənlər tamamilə haqlıdırlar".