Trampın Azərbaycan mərkəzli Cənubi Qafqaz siyasətinə üstünlük verdiyini müşahidə edirik -ŞƏRH

Cənubi Qafqazda münaqişəyə son qoyulmalıdır. Mən bu həftə Azərbaycan Prezidenti İlham Əliyevin milli təhlükəsizlik müşaviri (Hikmət Hacıyev Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiridir – red.) cənab Hikmət Hacıyevlə danışdım. 
Bu sözləri ABŞ liderinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts sosial şəbəkə hesabında yazıb. O bildirib ki, Azərbaycan və Ermənistanın irəliyə doğru böyük addım atmasından və sülh müqaviləsinə razılıqdan məmnunuq. Mən ona (Hikmət Hacıyevə - red.) dedim ki, biz bu sülh sazişini indi yekunlaşdırmalıyıq, məhbusları azad etməli və regionun daha təhlükəsiz və firavan olması üçün birlikdə çalışmalıyıq. Amerikanın Qızıl Dövrü dünyaya sülh və firavanlıq gətirəcək və bu baş verənə qədər biz işi dayandırmayacağıq. 

Xanım politoloq Aytən Qurbanova “Sherg.az”a söyləyib ki, ümumiyyətlə, sələfindən fərqli olaraq Trampın xarici siyasət konsepsiyasında münaqişələrə son qoyulması və kommunikasiyaların bərpa edilməsi məsələsi prioritet istiqamət olaraq vurğulanır:

“Bu nöqteyi-nəzərdən yanaşdıqda, Amerikanın belə sülh çağırışları Tramp administrasiyasının Cənubi Qafqaz siyasətində də redaktələr etdiyinin bariz nümunəsidir. Xüsusilə də, Azərbaycan mərkəzli Cənubi Qafqaz siyasətinə üstünlük verildiyinin ilkin mesajları artıq müşahidə edilməkdədir. Təbii ki, Ermənistanın işğalçılıq siyasətinin dəstəklənməməsi ən əsas gözləntilərdən biridir. Bu istiqamətdə artıq müəyyən addımların atıldığının şahidi oluruq. Hətta Bayden administrasiyası ilə Ermənistan arasında imzalanmış strateji tərəfdaşlıq müqaviləsinin ratifikasiya edilməməsi ehtimalı da yüksəkdir. Nəticə etibarilə, sülh müqaviləsinin ümumi mətninə dair razılığın əldə edildiyi bir mərhələdə sülhə yeganə maneənin Ermənistanın qeyri-konstruktiv mövqeyi və sülhü imitasiya oyunu olduğunu hərkəs çox yaxşı bilir. Hətta Mayk Uoltsun bu paylaşımından sonra da Ermənistan tərəfindən bir neçə dəfə atəşkəsin pozulması halının şahidi olduq. Ona görə də, düşünürəm ki, əgər Tramp administrasiyası həqiqətən də Cənubi Qafqazda sülhə töhfə vermək istəyirsə, birmənalı şəkildə qətiyyətli mövqe nümayiş etdirərək Ermənistan və onun himayədarlarına qarşı bütün təsir mexanizmlərindən istifadə etməlidir”.