Prezident İlham Əliyevin Ağdərənin Suqovuşan kəndində yeni yaşayış kompleksinin açılışı zamanı səsləndirdiyi fikirlər Azərbaycanın 44 günlük Vətən müharibəsi və 24 saat ərzində başa çatan antiterror əməliyyatlarının unikallığını bir daha vurğuladı. Dövlət başçısı açıq şəkildə bildirdi ki, İkinci Dünya müharibəsindən sonra baş verən bütün münaqişələr arasında yalnız Azərbaycan tam və birmənalı qələbə qazanıb. Müasir dövrdə baş verən müharibələrə nəzər saldıqda – Rusiya-Ukrayna müharibəsinin uzanması, ABŞ-ın Vyetnam, Koreya, İraq və Əfqanıstanda tam nəticə əldə edə bilməməsi, İsrailin Yaxın Şərqdə terrorçu qruplaşmalara qarşı mübarizəsi Azərbaycanın apardığı müharibənin miqyasını və mükəmməl strategiyasını daha aydın görmək mümkündür.
Azərbaycanın qələbəsinin arxasında güclü siyasi iradə, müasir texnologiyalardan istifadə, peşəkar ordu quruculuğu və xalqın milli birliyi dayanır. Ölkəmiz Ermənistanın 30 il ərzində işğal altında saxladığı ərazilərdə qurduğu güclü müdafiə xəttini sürətli və effektiv hərbi əməliyyatlarla darmadağın edərək, öz suverenliyini tam bərpa etdi. Xüsusilə Şuşa və Hadrut əməliyyatları, eyni zamanda 2023-cü ilin sentyabrında həyata keçirilən 24 saatlıq antiterror tədbirləri hərb tarixinə misilsiz nümunələr kimi düşdü. Ermənistanın işğal dövründə qurduğu 500-dən çox hərbi mövqe, dərinləşmiş istehkamlar və iri həcmdə silah-sursat ehtiyatlarına baxmayaraq, Azərbaycan Ordusu qısa müddətdə bütün strateji hədəflərə çatdı. Müharibə yalnız döyüş meydanında deyil, siyasi və informasiya cəbhəsində də aparılırdı. Ermənistanın havadarlarının, xarici qüvvələrin, o cümlədən USAİD və onun rəhbəri Samanta Pauerin Azərbaycana qarşı təşkil etdiyi kampaniyalar, daxildə xəyanətkar şəbəkələr formalaşdırmaq cəhdləri boşa çıxdı. Azərbaycan dövləti həm hərbi, həm siyasi, həm də diplomatik müstəvidə tam qələbə qazandı və regionda yeni siyasi nizamın qurulmasına liderlik edir.
Siyasi şərhçi Aqşin Kərimov “Sherg.az”a bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi qətiyyəti və geosiyasi prosesləri, onların nəticələrini düzgün qiymətləndirmə bacarıqları Azərbaycanın ən uyğun zamanda Ermənistan üzərindəki qələbəsini təmin etdi:

“Bununla daha sonra antiterror əməliyyatları ilə Azərbaycan ərazilərindəki separatizmə son qoyuldu. Separatizmə son qoyulması regionda daha böyük dəyişikliklərə yol açdı. Azərbaycan öz strateji qalibiyyətlərini davam etdirərkən Ermənistan geosiyasi ziddiyyətlərin dərinləşməsi missiyasına xidmət etdi. Ermənistan hazırda regionda yeni hərbi-siyasi strategiyalara səbəb olan davranışlar prosesinin ortasında həll yolları tapmağa çalışır. Çünki regiondakı mümkün köklü dəyişikliklər olacağı proqnozu Ermənistanın suverenlik və təhlükəsizlik taleyini də həll edir. Buna görə də Ermənistan Azərbaycanla sülh gündəmini tam elan etmədiyi fərziyyələrlə izah etməyə çalışır. Bu qeyri-müəyyənliyin səbəbi Ermənistanın hələ də havadarlar vasitəsilə təhlükəli zəmanətlər axtarmasıdır”.
Ekspert qeyd edib ki, Ermənistanın arxasındakı qüvvələr, əsasən də Fransa potensial eskalasiya ilə Azərbaycanla Türkiyənin strateji nüfuz zonasına giriş əldə edəcəyini düşünür:
“Buna görə Fransa münaqişələrə vahid nəzəriyyə kimi yanaşır. Məsələn, Fransa üçün Ukraynadakı müharibə, İsrail-Fələstin münaqişəsi arasında fərq yoxdur. Paris indi də Cənubi Qafqazda analoji modelin yaranmasında iddia göstərir. Lakin Azərbaycanın Qarabağ münaqişəsini sonlandırmasının nümunəsində yaratdığı təhlükəsizlik miqyası, onun regional çərçivələri başqa konfliktlər üçün yalnız presedent ola bilər. Münaqişələrin anatomiyası fərqli olsa da, Azərbaycan beynəlxalq aləm üçün ciddi praktiki bir model təqdim edir. Düzgün zamanda, dəqiq geosiyasi hesablamalar aparmaqla münaqişəni bitirmək və qalib dövlət kimi sülhyaratma prosesini gücləndirmək”.