Lefkoşanı tanımadan türk dövlətlərinin yunan Kipri ilə diplomatik münasibətlər qurması planlıdır
Mərkəzi Asiyanın türk respublikaları Yunan Kipri ilə diplomatik münasibətlər qurmağa davam edirlər. Qazaxıstandan sonra Türkmənistan da Kipr Respublikasında səfirlik açıb. Türk Dövlətləri Təşkilatının (TDT) Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) və onun prezidentinə isti münasibət göstərdiyi bir zamanda belə addımların atılması diqqət çəkir. Şimali Kipr prezidentinin xüsusi müşaviri Gökhan Gülər deyib ki, Qazaxıstan və Türkmənistanın Yunan Kiprində səfirlik açması bu ölkələrin ŞKTC ilə münasibətləri kəsməsi, ya da TDT-nin vizyonundan kənarlaşması mənasına gəlmir: “Hər ölkə üçün milli maraqları daha önəmlidir. Dünya siyasətində ölkələrin istər ikili, istərsə də təşkilatlar daxilində bir-biri ilə əməkdaşlıq etməsi başadüşüləndir. İqtisadi maraqlar bəzən rəqib ölkələri belə əməkdaşlığa sövq edir. Qazaxıstandan sonra Türkmənistanın da Yunan Kiprində səfirlik açması vətəndaşlarda qıcıq yarada bilər, lakin beynəlxalq və dövlətlərarası münasibətlərdə belə qarşılanmır. Bu gün bu iki ölkə ŞKTC ilə çox yaxşı əlaqələrə malikdir. Bunun ən real göstəricisi ŞKTC-nin TDT-yə müşahidəçi statusunda üzv qəbul edilməsidir. Buna nə Qazaxıstan, nə də Türkmənistan etiraz edib. Hətta bu iki ölkənin ŞKTC ilə münasibətləri Yunan Kiprinə nəzərən daha yaxşıdır”. G.Gülərin sözlərinə görə, iki ölkə gələcəkdə ŞKTC-də də səfirlik və ya konsulluq aça bilər: “Aydın məsələdir ki, Yunan Kiprində qazaxlar və türkmənlər yaşayır. Bu baxımdan həmin ölkələrin orada səfirlik açması təbiidir. Digər tərəfdən, Yunan Kipri Aİ üzvüdür. Kipr adasındakı münaqişə hələlik tam həll edilməyib. Adada türk xalqına qarşı haqsızlıq olub. Yunan Kiprinə tanınan hüquqlar bizim üçün də tanınmalı idi, amma olmadı. Təbii ki, Qazaxıstan, Türkmənistan ŞKTC-də konsulluq, səfirlik ya da buna bənzər bir institut açsaydı, daha məqbul olardı. Lakin yenə də biz məsələyə beynəlxalq münasibətlər kontekstində baxır və diplomatik yanaşma sərgiləyirik. Bizim bu ölkələrlə təmaslarımız, siyasi münasibətlərimiz Yunan Kiprindən daha dərindir”. KKTC İnsan Haqları Dərnəyinin sədri Hasan Yılmaz İşık isə Qazaxıstanın Cənubi Kiprdə səfirlik açmasına münasibət bildirib, bu vəziyyətin TDT-nin birlik ruhuna və maraqlarına zidd olduğunu müdafiə edib.
Türk dövlətlərinin yunan Kiprində səfirlik açması müəyyən suallar yaradır
Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a deyib ki, Türk dövlətlərinin - Özbəkistan və Qazaxıstandan sonra Türkmənistanın da yunan Kiprində səfirlik açması müəyyən suallar yaradır. Ekspert vurğulayıb ki, BMT üzvü olan yunan Kipri müstəqil dövlət kimi tanınır:
"Adıçəkilən türk dövlətləri də ada dövlətlə diplomatik münasibətlər qurmaq istiqamətində addım atırlar. Mərkəzi Asiya ölkələrinin bu addımı Avropa İttifaqı ilə siyasi-iqtisadi əlaqələrin perspektivləri fonunda atdığını düşünmək olar, hərçənd, başqa bir ehtimal da diqqətdən qaçmamalıdır. Türk dövlətləri Şimali Kiprin müstəqilliyini de-yure tanımasa da, rəsmi Lefkoşanın Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv olması bunun de-fakto tanınması kimi qəbul edilə bilər. Ötən il TDT-nin Şuşada keçirilən Zirvə görüşünə ŞKTC-nin qatılması ilə bu istiqamətdə praktiki addım da atıldı. Lefkoşanı tanımadan adıçəkilən türk dövlətlərinin yunan Kipri ilə diplomatik münasibətlər qurması Ankaraya qarşı atılmış addım kimi görünsə də, əslində, bunun ŞKTC ilə bağlı planlardan qaynaqlandığını düşünmək olar: istisna deyil ki, TDT ölkələri ŞKTC-nin müstəqilliyini tanıyacaq, Ankaranın Lefkoşanı təşkilatın tamhüquqlu üzvü etmək istəkləri də bunu şərtləndirir. Belə görünür ki, TDT ölkələri ŞKTC-ni tanımamışdan öncə yunan Kiprində səfirlik açmaqla balans yaratmağa və Lefkoşa ilə bağlı mümkün addımın Aİ ilə münasibətlərdə problem olmasına imkan verməməyə çalışır".