Cənubi Kiprin müstəqilliyinin tanınması Türkiyəyə təzyiq deməkdir
Son zamanlar Qazaxıstan, Özbəkistan və Türkmənistanın Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq çərçivəsində Cənubi Kiprin müstəqilliyini tanıması və bu istiqamətdə addımlar atması türk dünyasında geniş müzakirələrə səbəb olub. Bu ölkələr Cənubi Kipri dövlət olaraq tanımaqla yanaşı, Yunan Kiprində səfirlik açmağa da qərar veriblər. Bu cür addımlar türk dünyasında xoş qarşılanmayıb.
Türk Dövlətləri Birliyinin Kipr məsələsində fikir ayrılığı rəsmi Ankaranı şok vəziyyətə salıb. Türkiyə son illərdə Şimali Kipr Türk Cümhuriyyətinin ən azı Türk Dövlətləri Birliyi çərçivəsində tanınması üçün əhəmiyyətli səylər göstərsə də, üzv ölkələrin heç biri buvaxtadək rəsmi Ankaranın istəyini yerinə yetirməyib. Ona görə də türkdilli respublikalar ilə adanın Yunan hissəsi arasında diplomatik əlaqələrin qurulması Ankarada narahatlıq doğurmaya bilməz.
Türkiyənin özü üç Mərkəzi Asiya respublikasının Kiprlə bağlı siyasətinə rəsmi qiymət verməsə də, Şimali Kipr hökuməti qərarı sərt tənqid edib. Tanınmamış respublikanın nəqliyyat naziri və İntibah Partiyasının lideri Erxan Erikçi Türkiyə telekanallarından birinin efirində Ankaranı bu dövlətlərə qarşı “tədbir” görməyə çağırıb.
Türkiyənin hakim partiyasının müttəfiqi olan Böyük Birlik Partiyasının sədri Mustafa Destici də Kiprin yunan hissəsində türk respublikalarının səfirliklərinin açılmasını “qəbuledilməz” adlandırıb.
Ekspertlərin fikrincə, bu məsələnin necə qiymətləndirildiyini və bu addımların Türk dövlətlərinin birliyinə təsirini başa düşmək üçün, Mərkəzi Asiya və Türküstan coğrafiyasındakı Türk dövlətlərinin bu yeni siyasətə necə yanaşdığı barədə fikir bildirilməsi əhəmiyyətlidir.

Siyasi şərhçi Tural İrfan “Şərq”ə açıqlamasında deyib ki, Mərkəzi Asiya türk dövlətlərinin Cənubi Kipri tanımaqla əlaqədar müxtəlif fikirlər, rəylər səslənir. Bəziləri Özbəkistan və digərlərinə bunun müqabilində Avropa İttifaqı tərəfindən vəsait ödədiyini qeyd edirlər:
“Hər bir halda bu addım türk dövlətləri üçün doğru addım deyil. Ələlxüsus da türk dövlətlərinin birliyi yolunda işlərin görüldüyü, addımların atıldığı zamanda bunu Türkiyəyə qarşı addım kimi də qiymətləndirmək olar. Uzun müddət Rusiya təsirində olan bu ölkələrə Avropa İttifaqının vədləri, ola bilsin, burada mühüm rol oynayıb. İdeoloji, siyasi birlik olmasa, milli birlik də mümkünsüz olur. Türk ölkələrinin birliyi maraqların qorunmasına və müdafiəsinə xidmət etməlidir.
Təbii ki, bu, türk dövlətlərinin birliyi məsələsinə zərbədir. Görünür ki, Türkiyə ilə bu barədə danışıqlar və məsləhətləşmələr ya aparılmayıb, ya da Türkiyənin mövqeyi nəzərə alınmayıb. Hesab edirəm ki, Avropa İttifaqının təsiri nəticəsində türk dövlətləri bu addımı atıb. Əks halda onların maraqlarının təmin olunması naminə bu addımı atmalarına ehtimal azdır”.
T.İrfanın sözlərinə görə, türk dövlətləri birliyinin bu addımı Türkiyənin maraqlarına ziddir:
“Bu gün Qərb mümkün olan bütün vasitələrdən istifadə edərək Türkiyəyə maksimum təziq göstərməyə çalışır. Türkiyənin həm bölgədə, həm də dünyada bir çox maraqlarının reallaşması rəqibləri narahat edir. Lakin əsasən Yaxın Şərqdə böyük problemlərin həlli yolunda ciddi addımlar atan, daxilindəki PKK kimi problemdən xilas olmaq ərəfəsində olan Türkiyəyə qarşı bu addımın atılması onun üçün yeni münaqişə ocağının yaradılması, yaxud yeni problemin meydana gətirilməsi cəhdidir. Hesab edirəm ki, bu işə imza atan ölkələr yanlış addım atıblar”.