İlham Əliyevin Çin səfəri əlaqələrimizi daha da gücləndirəcək -Millət vəkili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına səfəri baş tutub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə Çinə dövlət səfəri etməsi iki ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşdiyinin bariz nümunəsidir. Səfərin məhz dövlət səfəri statusunda baş tutması, protokol baxımından ən yüksək səviyyəli diplomatik format hesab olunur və bu da Çinin Azərbaycanla münasibətlərə verdiyi önəmin göstəricisidir. Bu səfər, həmçinin Azərbaycanın qlobal siyasətdə artan nüfuzunu və çoxqütblü beynəlxalq sistemdə mühüm aktorlarla bərabərhüquqlu əməkdaşlığa əsaslanan siyasətini bir daha nümayiş etdirir. Çin kimi dünyanın aparıcı iqtisadi və siyasi güclərindən birinin Cənubi Qafqaz regionunda Azərbaycanla strateji əlaqələri gücləndirməyə yönəlməsi region üçün də xüsusi əhəmiyyət kəsb edir.

Milli Məclisin deputatı Ceyhun Məmmədov Sherg.az-a bildirib ki, bu gün Azərbaycan-Çin münasibətləri inkişaf edir:

“Cənab Prezidentin Çində yüksək səviyyədə qarşılanması, ona göstərilən diqqət və qayğı bir daha sübut etdi ki, ikitərəfli münasibətlər yüksək səviyyədədir. Çin-Azərbaycan münasibətləri özünün yeni bir mərhələsinə qədəm qoyub. Hər zaman bu əlaqələrin inkişafı üçün real addımlar atılır. Cənab Prezidentin də qeyd etdiyi kimi, digər önəmli məsələ bir müddət əvvəl tərəflərin münasibətlərini strateji müttəfiqlik səviyyəsinə qaldırmasıdır. Hesab edirəm ki, bu səfər əlaqələrimizi daha da gücləndirəcək və inkişaf etdirəcək. Tərəflər növbəti mərhələdə də əlaqələrinin inkişafı və möhkəmlənməsi üçün real addımlar atacaqlar. Çin 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyıb. Azərbaycanın Çindəki səfirliyi 1992-ci ildə Pekin şəhərində fəaliyyətə başlayıb. Hazırda dövlətlərimiz arasında əlaqələr sürətlə inkişaf edir və davamlı olaraq bu münasibətlərin gücləndiyini və möhkəmləndiyini müşahidə edirik. Bu səfər də həmin prosesə öz töhfəsini verəcək.”