
Laçındakı Zirvə toplantısı Azərbaycanın qlobal məsələlərdə güc sahibinə çevrildiyini göstərir -Analiz
Laçında keçirilən üçtərəfli liderlər zirvəsi Azərbaycanın regionda artan rolunun və siyasi çəkisinin aydın təzahürüdür. İşğaldan azad edilmiş ərazidə belə mühüm görüşün təşkili yalnız simvolik addım deyil, həm də Qarabağın bərpa olunmuş reallıqlar içində yaşadığını sübut edən güclü mesajdır. Bu zirvənin 28 May – Müstəqillik Günündə baş tutması, Azərbaycanın dövlətçilik tarixinin ən önəmli günlərindən birinə regional həmrəyliyin damğa vurması ilə nəticələndi. Türkiyə və Pakistan kimi iki nüfuzlu dövlətin bu məqamda Azərbaycanın yanında dayanması həm mənəvi, həm də strateji baxımdan mühüm siqnaldır. Bu iki ölkənin Laçında iştirakı sadəcə dostluğun nümayişi deyil, eyni zamanda üç ölkə arasında yeni əməkdaşlıq modelinin təşəkkül tapdığını göstərir. Artıq Azərbaycan–Türkiyə–Pakistan üçlüyü regional güc balansında yeni bir mərkəz kimi qəbul olunur. Eyni zamanda, bu formatın arxasında Prezident İlham Əliyevin prinsipial və qətiyyətli liderliyi dayanır. Onun bölgədə yaratdığı yeni reallıqlar, ardıcıl və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan bu gün təkcə öz maraqlarını deyil, müttəfiqlərinin maraqlarını da qorumaq gücündə olan dövlət kimi çıxış edir.
Millət vəkili Naqif Həmzəyev Sherg.az-a söyləyib ki, dünən Azərbaycan tarixində çox önəmli və uzun illər unudulmayacaq tarixi hadisəyə şahidlik etdik:

“İlk növbədə, Azərbaycanın Müstəqillik Günü Laçın şəhərində qeyd olundu. Qarabağ torpaqları işğaldan azad olunduqdan sonra üçüncü aeroport sayılan Laçın Beynəlxalq Hava Limanının açılışı baş tutdu. Bu, Azərbaycanın gücünü, qüdrətini və prinsipiallığını göstərən bir fakt idi. Eyni zamanda, Azərbaycan müstəqilliyinin 107-ci ilini Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında, üç liderin birgə Laçında təşkil olunan Türkiyə-Azərbaycan-Pakistan zirvə görüşü ilə nöqtələdi. Sözügedən hadisə, Azərbaycanın yalnız regional deyil, qlobal məsələlərdə də güc sahibinə çevrildiyini göstərir. Xüsusilə də Azərbaycan, özünün strateji müttəfiqlərini bir araya gətirərək yalnız hansısa maraqlar ətrafında deyil, həm də tarixi kökə, milli dəyərlərə, adət-ənənəyə söykənən əlaqələri irəli apararaq qlobal gücə çevrilə bilibdir. Azərbaycan müttəfiqləri ilə birlikdə artıq çox böyük söz sahibidir. Türkiyənin qlobal məkanda oynadığı rolu nəzərə alsaq və Pakistanın da nüvə dövləti olduğunu hesaba qatsaq, əminliklə deyə bilərik ki, Azərbaycan çox böyük dövlətlərin bacarmadığını edib. Azərbaycan bu qardaşlıq və müttəfiqlik münasibətlərini yalnız sözdə deyil, əməldə də dəfələrlə sübut edib. Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin verdiyi açıqlamalar bir-birinə çox yaxındır. Bu isə üç liderin fikirlərində də bərabərlik, gələcəklə bağlı planların birlikdə reallaşdırılması üçün atılması vacib olan addımlar və sülh çağırışları deməyə əsas verir ki, bu müttəfiqlik, nəticə etibarilə, hər üç dövlətin milli təhlükəsizliyinin qorunması, xalqların rifahının yaxşılaşdırılması və regionda sülhün qarantına çevrilə bilməsi üçün zəruri addımlar atmağı şərtləndirir”.
Parlamentari qeyd edib ki, Qarabağda, Laçında təşkil edilən konsert proqramı, səsləndirilən mahnılar, həmçinin liderlər tərəfindən deyilən fikirlər və verilən mesajlar Azərbaycanın gücünü və qüdrətini bir daha nümayiş etdirdi:
“Bundan öncə də çox hörmətli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli və Zəngilan beynəlxalq hava limanlarının açılışlarında şəxsən iştirak etmiş, bir sıra önəmli tədbirlərə qatılmışdır. Ənənəyə sadiq qalaraq, Türkiyə Prezidenti Laçın hava limanının açılışında da şəxsən iştirak etdi. Əvvəlki dövrlərdən fərqli olaraq, bu dəfə 3-cü beynəlxalq hava limanı olan Laçın aeroportuna Pakistanın Baş nazirinin təyyarəsinin enməsi artıq Azərbaycanın beynəlxalq gücünün artmasının və regional nüfuzunun yüksəlməsinin bariz göstəricisidir. Biz inanırıq ki, bu birlik, bərabərlik və ortaq strateji hədəflərə doğru irəliləmə nəticə etibarilə hər üç dövləti daha da gücləndirəcək. Milli maraqlarımızın qorunması, regiondakı müttəfiqlərimiz və dostlarımızla birgə gücümüzün artırılması uzunmüddətli və dayanıqlı sülhün təmin olunması yolunda mühüm bir addım kimi qiymətləndirilməlidir. Çünki biz yalnız güclü olduğumuz təqdirdə sülhün qarantı ola bilərik. Bu zaman digər böyük dövlətlər və beynəlxalq güc mərkəzləri nə Azərbaycana, nə də onun müttəfiqlərinə qarşı hansısa təhdid və ya təzyiq fikrini ağlından keçirə bilər. Bir sözlə, cənab Prezidentin uzaqgörən siyasəti, məharətli addımları və ümummilli lider Heydər Əliyevin siyasi kursuna sədaqəti nəticəsində bu gün Azərbaycan güclü, qüdrətli və söz sahibi olan bir dövlətə çevrilmişdir. Yaxın gələcəkdə daha böyük zəfərlərə şahidlik edəcəyik”.