
Bakıdan qlobal həmlə: İsrail Suriya nümayəndələri 77 ildən sonra Azərbaycanda əl sıxır
AFP agentliyi suriyalı diplomatik mənbəyə istinadən yaydığı məlumata görə, Suriya və İsrail Bakıda birbaşa danışıqlar apara bilər.
Qeyd olunub ki, Azərbaycan Suriya və İsrail arasında birbaşa danışıqlar üçün platforma təmin edəcək.
Məlumata görə, iki ölkənin nümayəndə heyətləri Bakıda birbaşa danışıqlar aparacaq. Nümayəndə heyətlərinin tərkibinə iki ölkənin rəsmiləri daxil olacaq.
Danışıqların tarixi və gündəliyi açıqlanmayıb.
Öncə onu deyək ki, bu gün keçid dövrü Prezidenti Əhməd Əl Şara Azərbaycanda səfərdə olub. O, Prezident İlham Əliyevlə görüşüb. Rəsmi məlumata görə, görüşdə iki ölkə arasında xüsusilə enerji sahəsində əməkdaşlığın vacibliyi qeyd edildi, Suriyanın hazırda ciddi enerji problemi ilə üzləşdiyi bildirildi. Bu xüsusda yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin həyata keçiriləcəyi vurğulandı və bunun Suriyanın enerji təhlükəsizliyinə töhfə verəcəyi qeyd olundu. Azərbaycanın Suriyanın energetika sahəsinin bərpasına töhfə vermək iqtidarında olduğu diqqətə çatdırıldı.
Əhməd Əl Şaraa hazırda ölkəsinin üzləşdiyi ciddi enerji problemlərinin həllində Azərbaycanın töhfəsinin əhəmiyyətini vurğulayaraq, bunun Suriyanın inkişafına xidmət etdiyini dedi. Söhbət zamanı Azərbaycanla Suriya arasında humanitar, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa toxunuldu, o cümlədən suriyalı tələbələrə Azərbaycanda təqaüdlərin verilməsi və mədəni abidələrin bərpası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Ölkəmizin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərində təcrübəsinin olduğu nəzərə alınaraq vurğulandı ki, bu xüsusda Azərbaycan Suriyanın post-münaqişə dövründə bərpa və quruculuq prosesinə öz töhfəsini verə bilər.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparıldı.
Liderlərin görüşü ilə bağlı mətbuata verilən məlumatda Bakının tərəflər arasında vasitəçiliyə ev sahibliyinin müzakirə olunması barədə heç nə qeyd olunmayıb. Amma İlham Əliyevlə Əhməd Əl Şaranın həm də bu barədə fikir mübadiləsi aparmaları tamamilə mümkündür. Belə bir vasitəçilik tərəflərin üçünün də maraqlarına cavab verir.

Məlum olduğu kimi, uzun müddətdir, daha dəqiq desək, 1948-ci ildə İsrail müstəqillik qazandıqdan bəri hər iki dövlət müharibə vəziyyətindədir. İki ölkə üç böyük müharibədə, yəni 1948-ci ildə İsrailin İstiqlal müharibəsi, 1967-ci ildə Altı günlük müharibə və 1973-cü ildə Yom Kippur müharibəsi zamanı bir-biri ilə mübarizə aparıb.
Zaman - zaman qonşu dövlətlər arasında barışığa nail olmaq üçün uğursuz cəhdlər edilib.
Suriya heç vaxt İsrail dövlətinin varlığını tanımayıb. Bu günə qədər tərəflər arasında diplomatik əlaqələr yoxdur.
İsrail isə Suriyanı düşmən dövlət olaraq qəbul edir və vətəndaşlarına bu ölkəyə getmələrini qadağan edir.
İki ölkə arasında heç bir iqtisadi və mədəni əlaqələr yoxdur. Bircə müəyyən vətəndaşların sərhəddəki məhdud fəaliyyəti istisnadır. Suriya İsrailin ərəb boykotunda aktiv iştirakını davam etdirir. Hər iki dövlət atəşkəs xəttinin hər iki tərəfində yerləşən Qolan yüksəkliklərindəki Druze kəndlərinin sakinlərinə məhdud alma ticarətinə icazə verir. Atəşkəs xəttindəki sülh vəziyyəti 2011-ci ildə başlayan Suriyada vətəndaş müharibəsi zamanı pozuldu, ancaq İsrail bu münaqişədə ən az iştirak etdi.
Tərəflər arasında münasibətlər indiyədək gərgindir.
Yaxın Şərqdə davam edən xaos fonunda Təl- Əvivlə Dəməşq arasında diplomatik münasibətlərin qurulması təkcə ikitərəfli əhəmiyyətə malik olmayacaq. Həm də Yaxın Şərq regionunun "qanayan yarasına" məlhəm olacaq. Eyni zamanda perspektivdə tərəflər arasında "suların durulması" bütövlükdə beynəlxalq təhlükəsizliyə töhfə ola bilər.
Fikrimcə, ABŞ də belə bir vasitəçilikdə və tərəflər arasında münasibətlərin normallaşmasında maraqlıdır. Çünki Donald Tramp hakimiyyəti ərəb dünyası ilə münasibətləri pisləşdirmək istəmir. Yeri gəlmişkən, həm də məhz bu səbəbdən ABŞ Yaxın Şərqdə müharibənin genişlənməsinə imkan vermədi.
Bakı Təl- Əvivlə Dəməşq arasında optimal vasitəçilik imkanına malikdir. Çünki Azərbaycanın İsraillə normal münasibətləri var. Bu, özünü İsrail- İran müharibəsində də göstərdi. Həmçinin Azərbaycan Suriya münasibətləri artıq yeni dövrə qədəm qoyub. Azərbaycanın bir çox ərəb ölkəsi ilə normal münasibətləri var. Bunu Prezident İlham Əliyevla Əhməd Əl Şara arasındakı görüş də göstərdi.
İkinci bir tərəfdən, Bakı bu cür vasitəçiliklə özünün neytral mövqeyini bir daha ortaya qoymaqla yanaşı, həm də diplomatik həmlə edə, tərəfsiz aktor kimi öz mövqeyini gücləndirə bilər.
Bəlkə də, artıq Bakı belə bir görüşə ev sahibliyi edib, yaxud yaxın günlərdə edəcək.
Yaxın gələcəkdə İsrail- Suriya əlaqələri ilə bağlı ciddi proseslərin şahidi ola bilərik.
Kənan Novruzov