"İranın Azərbaycana olan münasibətini faktlarla danışmaq lazımdır".
Bu sözləri Sherg.az-a Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin sədr müavini, Diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk İranın Naxçıvana dron hücumları ilə bağlı fikirlərini şərh edərkən bildirib:
“İran rəsmilər demirdilər ki, Zəngəzur dəhlizi bizim qırmızı xəttimizdir? Hərbi rəhbərliyi bizi hədələmirdilər? Sərhədə qoşun yığmırdılar? Bu bizim yaxın tariximizdə olub. 30 ildən çox ölkəmizə qarşı açıq və gizli kəşfiyyat fəaliyyətləri aparıb. İranın nə qədər agentura şəbəkəsi ifşa olunub. Bu faktlardan qaçmaq mümkün deyil”.
E.Eltürk onu da əlavə edib ki, Qarabağa görə sözdə Ermənistanı pisləyirdi. Əməldə bütün gücü ilə Ermənistanı ayaqüstə tuturdu.
“İran Qarabağın işğal altında qalmasında maraqlı idi. Çünki Qarabağ vasitəsilə hər iki tərəfə təsir göstərə bilirdi. İranın əsas marağı Azərbaycanı təsir dairəsində saxlamaq və güclənməsinə imkan verməmək idi. Bir dəfə danışıqlar apardı. Danışıqlar gedə-gedə Şuşa işğal olundu. Qardaş Türkiyə Ermənistanla sərhədləri 30 il bağlı saxladı. Sonuna qədər bizim yanımızda oldu. 2001-ci ildə İran sərhədlərimizi pozurdu. Yenə də onun qarşısına Türkiyə çıxdı. Həmin vaxt Türk şahinlərinin uçuşları İranı geri çəkilməyə məcbur oldu. İran bizə qarşı heç vaxt səmimi olmayıb. Azərbaycanın müstəqilliyini, dövlətçiliyini özünə təhlükə görüb”.