Müharibə olmasaydı, olmazdı
İndi Paşinyan Qarabağı Azərbaycanın ərazisi kimi tanımağa hazırdır
"Baş nazir ermənilərə bu reallığı da anlatmağa çalışıb ki, Qarabağ erməniləri Azərbaycanın tərkibində bölgəyə qayıdacaq azərbaycanlılarla birgə yaşayışa hazır olmalıdırlar"
Azərbaycan və Ermənistan arasında 1988-ci ildə başlanmış münaqişədən sonra sülhə ən yaxın vəziyyət yaranıb. Ermənistanın Baş naziri Nikol Paşinyanın son açıqlamaları belə deməyə əsas verir. Ermənistan dövlətinin başçısı ilk dəfə Azərbaycana qarşı ərazi iddiasından imtina etdiyini deyib. Baş nazir Nikol Paşinyan bəyan edib ki, Ermənistan və Azərbaycan tezliklə sülh sazişi bağlamalıdır: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır”. Baş nazir həmçinin bildirib ki, İrəvan və Bakı aprelin 30-dək sərhədin delimitasiyası komissiyasının üzvlərini təyin etməlidir.
O əlavə edib ki, Ermənistanın Azərbaycana qarşı heç vaxt ərazi iddiası olmayıb və Qarabağ məsələsi ərazi məsələsi deyil, hüquq məsələsidir. Paşinyanın sözlərinə görə, Qarabağ ermənilərinin təhlükəsizliyinə təminat verilməsi, onların hüquq və azadlıqlarının təmin edilməsi Ermənistan üçün prinsipial əhəmiyyət kəsb edir. Xatırladaq ki, Prezident İlham Əliyev aprelin 12-də keçirdiyi müşavirədə Ermənistanın Azərbaycana qarşı ərazi iddiasından əl çəkdiyini deyib. Ölkə rəhbəri vurğulayıb ki, İrəvan Azərbaycan tərəfinin təklif etdiyi 5 prinsipdən ibarət təklifə müsbət yanaşıb. Ekspertlərin fikrincə, Paşinyanın parlamentdəki çıxışı bir sıra məqamlar baxımından diqqət çəkir. Hesab edilir ki, sözləri səmimilikdən çox, məcburiyyətdən irəli gəlir. Rəsmi İrəvan anlayır ki, Azərbaycanın ərazi bütövlüyünün tanınmasını nəzərdə tutan sülh sazişinin imzalanmaması ölkənin regionda siyasi-iqtisadi gələcəyini təhlükəyə atır. Sülh sazişi ilə Qarabağdan imtina edilməsi də erməni cəmiyyətində və diasporda ciddi reaksiya doğuracaq. Paşinyan buna görə radikal müxalifətə və dünyadakı erməni lobbisinə mövcud reallıqları anlatmaq istəyir ki, Azərbaycanla sülh sazişi imzalamağa məcbudur.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Paşinyanın çıxışı Ermənistan ictimaiyyətinə, radikal müxalifətə və dünyadakı erməni lobbisinə mövcud reallıqları anlatmaq məqsədi daşıyırdı:
“Paşinyan dedi ki, beynəlxalq ictimaiyyət Ermənistanı Qarabağın statusu məsələsində “plankanı aşağı endirməyə” çağırır. Paşinyan bunu deyərkən Türkiyənin adını tələffüz etməyi də unutmayıb. Demək istəyib ki, “Azərbaycana qarşı ərazi iddialarını davam etdirsək, qarşımızda yenə Azərbaycan-Türkiyə ittifaqını görəcəyik və bu, ermənilərə növbəti dəfə baha başa gələcək”. Bu halda Rusiya və bu ölkənin Ermənistana havayı verdiyi silah da erməniləri xilas edən deyil.
İkincisi, Paşinyanın sözlərinə görə, Qarabağ ermənilərinin təhlükəsizliyinin təminatı “statusdan” daha vacibdir və bunu ona Brüsseldə bir daha anladıblar. Beləliklə, Paşinyan radikallardan və Qarabağdakı separatçılardan fərqli olaraq “yalnız müstəqillik” ifadəsini işlətməkdən imtina edib. Çünki anlayır ki, əks halda Azərbaycanla münasibətlər yenidən gərginləşəcək və növbəti müharibə qaçılmaz olacaq. Bununla Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanımağa hazır olduğunun mesajını verib. Digər yandan Paşinyan parlamentdəki çıxışında etiraf da edib: “Günahkaram ki, xalqımıza deməmişəm ki, beynəlxalq birlik birmənalı Azərbaycanın ərazi bütövlüyünü tanıyır, bizdən də tanıyacağımızı umur, onu da gözləyir ki, Qarabağdan çıxmış azərbaycanlılar da Dağlıq Qarabağın gələcəyinin müəyyən edilməsi və idarəçiliyi məsələlərinə cəlb olunsunlar”. Paşinyan ermənilərə bu reallığı da anlatmağa çalışıb ki, Qarabağ erməniləri Azərbaycanın tərkibində bölgəyə qayıdacaq azərbaycanlılarla birgə yaşayışa hazır olmalıdırlar.
Dördüncüsü, Paşinyan başqa bir etirafını da səsləndirib:
“7 rayonu Azərbaycana təhvil versəydim müharibə olmaz və minlərlə həyat xilas etmiş olardım. Təhvil verməyərək isə faktiki olaraq minlərlə qurbana səbəb olan qərarların müəllifi oldum”.
E.Şahinoğlu qeyd edib ki, Paşinyanın dediyi kimi, o, münaqişənin həlliylə bağlı “mərhələli həll” planına razılaşsaydı, müharibə olmaz və sülh sazişi imzalanardı:
“Ancaq nəinki Paşinyan, heç bir erməni siyasətçisi Azərbaycan Ordusunun gücünü görmədən, itki vermədən qeyd-şərtsiz Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarmayacaqdı. Hətta 1990-cı illərin ortalarında “mərhələli həll” planına razılaşan Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan ermənilərin şərtlərinin yerinə yetirilməsi müqabilində cəmi 5 rayonun qaytarılmasına razılaşırdı. Paşinyan müharibə ilə üzləşməsəydi, bəlkə yenə Şuşada içkili vəziyyətdə yallı gedərək Azərbaycana acıq verərdi. Ona görə də müharibə labüd idi ki, Paşinyan bugünkü reallığı anlasın və bunu cəmiyyətinə də anlatsın”.