Bu, nə münasibətlərin zəifləməsi, nə də diplomatik uğursuzluqdur
Baş verənlər tərəflərin mövcud regional reallıqlar fonunda maraqlarını yenidən kalibr etməsi kimi başa düşülməlidir
İsrailin Baş naziri Benyamin Netanyahu 7-11 may tarixlərində planlaşdırılan Azərbaycan səfərini bölgədə baş verən hadisələrlə əlaqədar olaraq təxirə salıb. Bu barədə “The Times of Israel” hökumətin mətbuat xidmətinə istinadən məlumat yayıb. Açıqlamada bildirilib ki, Qəzza zolağında və Suriyada baş verən hadisələr, həmçinin sıx siyasi və təhlükəsizlik gündəliyi nəzərə alınaraq, Baş nazir Netanyahu Azərbaycana nəzərdə tutulan səfərini daha sonrakı tarixə keçirmək qərarına gəlib. O, Prezident İlham Əliyevə dəvətinə görə təşəkkür edib və iki ölkə arasında mövcud olan səmimi münasibətləri yüksək qiymətləndirdiyini əlavə edib.
Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a deyib ki, Benyamin Netanyahunun Azərbaycana səfərinin təxirə salınmasının səbəbi kimi “Qəzza zolağında və Suriyada baş verən hadisələr, eləcə də siyasi proseslərin gərgin qrafiki və təhlükəsizlik tədbirləri” göstərilir. Ekspert vurğulayıb ki, lakin İsrail mediası “Türkiyənin hava məkanını bağlaması” üzərində dayanır:

"İsraildən Azərbaycana fərqli marşrutlar da mövcuddur və məsələnin birbaşa “Türkiyə marşrutu” ilə bağlı olmadığı aydın görünür. İsrail mediasının Türkiyə üzərinə fokuslanması iki məqsədə xidmət edə bilər. Bu, səfərin təxirə salınmasının İsrailin istəyi olmadığını göstərmək və Türkiyəni əsas günahkar kimi təqdim etməklə Bakı-Ankara xəttində narazılıq yaratmaq cəhdidir. Netanyahunun Bakı səfərini təxirə salmasının rəsmi səbəbləri real vəziyyətə adekvatdır. İsrail ordusu Qəzzaya hücumu genişləndirmək məqsədilə ehtiyatda olan minlərlə hərbçiyə çağırış göndərib. Husilərin hücumundan sonra İsrailin hava məkanında təhlükəsizlik problemləri yaranıb. Bakı səfərinin təxirə salınması real vəziyyətə uyğun addım kimi görünür. Hərçənd, əsas səbəbin Ankara-Təl-Əviv xəttində qarşıdurmanın kəskinləşməsi olduğu ehtimalı daha çoxdur. İstisna deyil ki, Azərbaycan Netanyahu və Ərdoğanın Bakıda görüşünü təşkil etməklə İsrail-Türkiyə danışıqlarının ən yüksək səviyyədə davam etdirilməsi və anlaşmanın əldə olunması prosesini hazırlayırdı. Lakin İsrailin durziləri müdafiə etmək adı altında Suriyaya hava zərbələri endirməsi - paytaxt Şamın ətrafı ilə yanaşı, Türkiyənin dəstəklədiyi hərbi qüvvələrin bazalarının vurulması, Qəzzada baş verənlər anlaşma imkanlarını sual altına salır. Burada Bakı-Təl-Əviv xəttində baş verənlər də nəzərə alınmalıdır. Netanyahunun 5 günlük səfərində Azərbaycanla mühüm anlaşmaların əldə olunacağı gözlənilən idi. Mövcud şərtlərdə - İsrailin Azərbaycanın əsas müttəfiqi olan Türkiyə ilə qarşıdurma yaşadığı dövrdə belə bir anlaşmaların imzalanması müzakirə mövzusuna çevrilir. Mümkündür ki, səfərin təxirə salınmasında Bakı və Təl-Əvivin real vəziyyəti qiymətləndirməsi də rol oynayıb".
Analitik əlavə edib ki, Türkiyə-İsrail qarşıdurmasının asanlıqla səngiyəcəyi çətin görünür, xüsusilə Suriyadakı mənzərə fonunda:
"Lakin Azərbaycan tərəflər arasında dialoqun bərpası istiqamətində səylərini davam etdirəcək. Bakıda yüksək səviyyədə təmasların baş tutacağı perspektivi hələ də sıradan çıxmayıb. Çünki Türkiyə-İsrail qarşıdurması ABŞ-nin da maraqlarına uyğun deyil və Vaşinqton nəticə əldə edilməsi üçün Bakının səylərinə dəstək verə bilər".
Araşdırmaçı-jurnalist Şahin Qocayev də bildirib ki, İsrail Baş naziri Benyamin Netanyahunun mayın 7-də Azərbaycana planlaşdırılan səfərinin təxirə salınması tərəflərin mövcud regional reallıqlar fonunda maraqlarını yenidən kalibr etməsi kimi başa düşülməlidir. Ekspertin fikrincə, bu, nə münasibətlərin zəifləməsi, nə də diplomatik uğursuzluqdur:

"Əksinə, Ankara, Bakı və Təl-Əviv üçbucağında baş verən bu hadisə, tərəflərin regional və qlobal proseslərə uyğun şəkildə öz siyasətlərini çevik formada tənzimlədiklərini göstərir. Hər üç tərəf öz milli maraqları çərçivəsində qərarlar verir və zəruri hallarda taktiki dəyişikliklərə açıq olduqlarını nümayiş etdirirlər. Azərbaycan üçün İsrail ilə münasibətlərin inkişafı prioritet istiqamətlərdən biridir. Təl-Əvivlə hərbi-texniki, enerji və təhlükəsizlik sahələrində dərinləşən əməkdaşlıq təkcə ikitərəfli deyil, həm də regionda balans yaratmağa yönəlik strateji xəttin tərkib hissəsidir. Netanyahu ilə nəzərdə tutulan görüş də bu kontekstdə əhəmiyyət kəsb edirdi. Habelə Azərbaycanın diplomatik mövqeyi çoxvektorludur. Rəsmi Bakı, Yaxın Şərqdə gedən proseslərə emosional yox, rasional baxışla yanaşır. Bu səbəbdən, səfərin təxirə salınması Azərbaycanın İsrail ilə münasibətləri davam etdirmək niyyətinə xələl gətirmir. Əksinə, daha uyğun bir zamana və kontekstə uyğunlaşdırma ehtiyacının göstəricisidir. Türkiyə tərəfi bu məsələdə açıq şəkildə mövqe ortaya qoydu. İsrailin son dövrlərdə Suriyada, xüsusilə də Dəməşqdə həyata keçirdiyi hava zərbələri Ankaranı ciddi narahat edir. Türkiyə bu zərbələri yalnız regional sabitliyə deyil, eyni zamanda öz maraq dairəsində olan Suriyada balansı poza biləcək təhlükəli bir tendensiya kimi qiymətləndirir. Belə şəraitdə, Netanyahunun Türkiyə hava məkanından istifadə etməsi Ankaranın bölgədəki prinsipial mövqeyi ilə ziddiyyət təşkil edirdi. Türkiyənin hava məkanını bağlaması ilə verdiyi mesaj isə sadədir: Ankara öz təhlükəsizlik və regional maraqları naminə istənilən diplomatik jestdən imtina edə bilər".
Ş.Qocayev vurğulayıb ki, İsrail üçün isə Bakı ilə münasibətlər xüsusi çəkidədir:
"Azərbaycanın strateji coğrafiyası, enerji ehtiyatları və İranla sərhəddə yerləşməsi Təl-Əviv üçün bu əlaqəni əvəzolunmaz edir. Netanyahu üçün bu səfər həm də regiondakı diplomatik mövqelərini möhkəmləndirmək və Türkiyə ilə münasibətlərdə dolayı bir balans yaratmaq vasitəsi kimi çıxış edirdi. Lakin İsrailin Suriya ilə bağlı mövqeyi bu səylərin önünə keçdi. Təl-Əviv üçün bu təxirə salınma Azərbaycanın və Türkiyənin mesajlarını daha diqqətlə analiz etmək, gələcək addımları daha ehtiyatla atmaq üçün fürsət də ola bilər. Bu hadisə göstərir ki, üç ölkənin maraqları üst-üstə düşdüyü nöqtələr qədər, fərqli məqamlarla da müşayiət olunur. Ankara, Bakı və Təl-Əviv hər biri fərqli geosiyasi mövqedən çıxış edir, lakin qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq platformasında ortaq dəyərlər axtarırlar. Səfərin təxirə salınması da bu cür dinamik prosesin bir parçasıdır. Bu, heç bir tərəfi zərbə altında qoymur, əksinə, çevik diplomatik reflekslərin nümayişinə çevrilir".