- "Rusiya prezidenti böyük ehtimalla bütün bunları görməzlikdən gələcək"
İran və İsrail arasında baş verən müharibədən sonra Yaxın Şərqdə yaranan yeni geosiyasi vəziyyət beynəlxalq münasibətlər sistemində də müəyyən dəyişikliklərin müzakirəsinə səbəb olub. Xüsusilə ABŞ-Rusiya münasibətlərinin gələcək istiqaməti və Vaşinqtonun Moskvaya yanaşmasında müşahidə olunan dəyişikliklər diqqət mərkəzindədir. Eyni zamanda, tərəflər arasında mümkün siyasi və strateji bazarlıq prosesləri ilə bağlı müxtəlif qiymətləndirmələr də irəli sürülür.
Bu hadisələrin fonunda Trampın Natanyahu və Zelenskiylə görüşü, söylədiyi ifadələr də yeni sualların yaranmağına səbəb olub.
Politoloq Engin Özer Sherg.az-a İran müharibəsindən sonra Amerika Birləşmiş Ştatlarının Rusiya ilə bağlı siyasətinin dəyişməyə başladığını söyləyib:
"Rusiya Federasiyasının bəzi peyk görüntülərini hərbi hədəflərlə bağlı İrana ötürdüyü söylənilir. İddia olunur ki, müttəfiqlərin- Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və İsrailin Yaxın Şərqdəki bəzi hərəkətdə olan hədəflərinin koordinatlarını anlıq olaraq paylaşıb.
Bununla yanaşı, İran mənşəli ballistik raketlərin Rusiya naviqasiya sistemindən istifadə etdiyi, Moskvanın buna dəstək verdiyi istiqamətində də bəzi iddialar mövcuddur. Bunlar tam sübut olunmuş iddialar deyil, amma belə bir məsələ var.
Lakin müharibədən sonra Rusiya ilə Amerika arasındakı münasibətlərdə Moskvanın əleyhinə dinamika formalaşıb".
Analitik Elon Maskın da Rusiyanın istifadəsi üçün Starlink rabitə sistemini bağladığını qeyd edib:
"Rusiya ordusu artıq bundan istifadə edə bilmir.
Bundan başqa, ukraynalıların istifadə etdiyi və Rusiya ərazisində vurduğu hədəflərdə xarici koordinasiya sistemindən istifadə olunduğu deyilir. Buna görə də son dövrlərdə Amerika Birləşmiş Ştatları Rusiya əleyhinə müəyyən mövqe sərgiləyir. Ancaq bu, əlbəttə ki, münaqişəyə qədər davam edəcək bir siyasət və ya mövqe deyil.
Burada söhbət bir bazarlıq prosesindən gedir. Buna görə də Zelenskinin Donald Trampla yeni bir razılaşma əldə etdiyini düşünürəm.
Amerika Birləşmiş Ştatlarının silah sənayesini sevindirəcək və ya qiymətli faydalı qazıntılarla bağlı yeni bir inkişaf baş vermiş ola bilər. Güman ki, Tramp da buna görə məmnundur.
Beləliklə, İran müharibəsindən sonra Rusiya Federasiyası ilə Amerika arasındakı münasibətlər belə bir mərhələyə daxil olub. Bunun həmin proseslə əlaqəli olduğunu düşünürəm".
Politoloq vurğulayıb ki, Putin hazırda Donald Trampla açıq qarşıdurmaya girə biləcək vəziyyətdə deyil:
"Rusiya prezidenti böyük ehtimalla bütün bunları görməzlikdən gələcək".