- “Azərbaycanın bu mübarizəyə cəlb edilməsi milli maraqlarımıza uyğun deyil”
“Azərbaycan -İsrail münasibətləri Türkiyənin Şərqi Aralıq dənizində olan maraqlarına maneə deyil”.
Bu sözləri Sherg.az-a açıqlamasında Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib.
Politoloqun fikrincə, Şərqi Aralıq dənizində Türkiyə, İsrail, Yunanıstan, Kipr, Misir və Liviya arasında gedən geosiyasi mübarizə artıq təkcə enerji ehtiyatlarının bölüşdürülməsi deyil, həm də regionun gələcək siyasi və iqtisadi düzəninin müəyyənləşdirilməsi məsələsidir: 
“İsrailin Tamar və Leviathan, Kiprin isə Afrodita qaz yataqları ətrafında yaranmış rəqabətin əsas mahiyyəti təbii qazın hasilatından daha çox onun Avropa bazarlarına hansı marşrutlarla çatdırılması və enerji dəhlizlərinə kimin nəzarət etməsidir. Türkiyəni regional enerji layihələrindən kənarda saxlamaq cəhdləri Ankaranı öz dəniz hüquqlarını və strateji maraqlarını daha fəal müdafiə etməyə sövq etmişdir. 2019-cu ildə Türkiyə ilə Liviya arasında imzalanmış dəniz yurisdiksiyası sazişi Ankaranın Şərqi Aralıq dənizindəki mövqelərini gücləndirmək istiqamətində atdığı mühüm geosiyasi addımlardan biridir. 20 oktyabr 2026-cı il tarixində Liviyanın şərqindəki parlamentin həmin sazişi təsdiqləməsi Türkiyənin regional diplomatiyasında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Avropa İttifaqının bu razılaşmaya qarşı çıxması və onun üçüncü dövlətlərin suveren hüquqlarına zidd olduğunu bildirməsi Şərqi Aralıq dənizində hüquqi mübahisələrlə geosiyasi maraqların necə sıx bağlı olduğunu göstərir. Türkiyə isə öz mövqeyini beynəlxalq hüquq çərçivəsində əsaslandırmağa çalışaraq regionda onun iştirakı olmadan enerji və təhlükəsizlik layihələrinin həyata keçməsini qəbul etmir”.
Politoloqun sözlərinə görə, İsrailin enerji və təhlükəsizlik maraqları ilə bəzi Qərb dövlətlərinin regional siyasətinin müəyyən məqamlarda üst-üstə düşməsi Türkiyə ilə İsrail arasındakı rəqabəti daha da mürəkkəbləşdirir:
“Bununla belə, Türkiyənin Liviya ilə əməkdaşlığı, Misirlə münasibətlərini normallaşdırması və regional diplomatik imkanlarını genişləndirməsi Ankaranın yalnız qarşıdurmaya deyil, həm də alternativ tərəfdaşlıqlara üstünlük verdiyini göstərir. Türkiyə–Misir yaxınlaşması ilə Türkiyə–Liviya əməkdaşlığı eyni xarakter daşımır, lakin hər iki istiqamət Ankaranın Şərqi Aralıq dənizində təcrid olunmasının qarşısını almaq baxımından mühüm əhəmiyyət daşıyır. Bu mübarizəni sadəcə Türkiyə–İsrail qarşıdurması kimi təqdim etmək doğru olmazdı, çünki burada Avropa İttifaqının enerji təhlükəsizliyi, Yunanıstanın dəniz sərhədləri, Kipr məsələsi və Şimali Afrikanın siyasi gələcəyi də mühüm rol oynayır. Azərbaycanın isə bu mürəkkəb geosiyasi rəqabətə birbaşa cəlb edilməsi nə Bakının milli maraqlarına, nə də Azərbaycan–Türkiyə strateji müttəfiqliyinin mahiyyətinə uyğundur”.
V. Əfəndiyev hesab edir ki, iki qardaş dövlət arasında münasibətləri Şərqi Aralıq dənizindəki ziddiyyətlər üzərindən süni şəkildə gərginləşdirmək cəhdləri ortaq strateji maraqlara ziddir:
“Türkiyənin öz diplomatik, iqtisadi və hərbi-siyasi imkanları hesabına, Azərbaycanın birbaşa iştirakı olmadan da bu məsələdə maraqlarını qorumaq və qarşısına qoyduğu əsas məqsədlərə nail olmaq potensialı vardır. Nəticədə Türkiyənin Şərqi Aralıq dənizində mövqelərini möhkəmləndirməsi perspektivi realdır və bu mübahisənin Azərbaycan–Türkiyə qardaşlığına xələl gətirməsinə heç bir obyektiv əsas yoxdur”.