İndiyədək 81 işəgötürən tərəfindən 100-dək işçiyə uşağının doğulması ilə bağlı 14 təqvim günü müddətində ödənişli atalıq məzuniyyəti verilib.
Teleqraf xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu məzuniyyət uşağın doğulmasından əvvəl və sonrakı dövrləri əhatə edir.
"İşçiyə ödənişli atalıq məzuniyyətinin verilməsi barədə əmr işəgötürən tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) e-qaydada formalaşdırılır. Bu məqsədlə cari ilin yanvar ayında ƏMAS-da yeni funksionallıq tətbiq edilib", - məlumatda vurğulanıb.
Qeyd edilib ki, əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir.