Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması
Yalnız maarifləndirmə yolu ilə bunu gündəlik həyat normasına çevirmək olar
“Nəticədə ailə institutu daha da möhkəmlənər, boşanmalar azalar, boşanma hallarında isə nizam-intizam formalaşar”
Son illərdə Azərbaycan cəmiyyətində nikah müqaviləsinə dair müzakirələr aparılır, bu sosial institutun məcburi formalaşmasına dair təkliflər səslənir. Mütəxəssislər arasında belə bir fikir var ki, ailədə əmlak münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun formalaşması və ailədə hər bir kəsin hüquqlarının mütənasib qorunmasını təmin etmək üçün nikah müqaviləsinin tətbiq olunması zəruri şərtdir. Bu barədə fikirlər müxtəlifdir, ayrı-ayrı mütəxəssislər nikah müqaviləsinə dair fərqli fikirdədir. Ancaq ümumilikdə götürdükdə, nikah müqaviləsinin bağlanmasının zəruriliyi əksəriyyətin fikridir.
Milli Məclisdə "Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində" mövzusunda keçirilən ictimai dinləmədə millət vəkili Sədaqət Vəliyeva da bu mövzuya toxunub. Azərbaycanda nikaha girənlər arasında nikah müqaviləsi bağlayanların sayı çox azdır: "Mən keçən il özüm araşdırma apardım və gördüm ki, cəmi iki gənc arasında nikah müqaviləsi bağlanmışdı. Onlar da xaricdə təhsil alıb gəlmiş gənclər idi. Nikah müqaviləsi mütləq bağlanmalıdır. Bizdə deyirlər ki, bu, məcburi deyil. Əvvəllər nikah üçün tibbi yoxlanışa getmək deyilsəydi, heç kim razı olmazdı. Amma qanunvericiliklə icbari ediləndən sonra hər kəs gedir. İndi nikah müqaviləsi bağlanmasını da məcburi edək? Axı dünyanın heç bir yerində bu, məcburi deyil".
Məlumat üçün bildirək ki, Mediasiya Şurası da nikah müqaviləsinin imzalanmasını, hətta məcburi tətbiqini dəstəkləyir. Bu barədə bir müddət əvvəl Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov mediaya açıqlamasında deyib. Bu məsələnin kifayət qədər aktual olduğunu vurğulayan MŞ sədri qeyd edib ki, nikah müqaviləsinin tətbiqi ailə mübahisələrinin həcmini çox ciddi şəkildə azaldacaq, mübahisə predmetlərinin əhatə dairəsini konkretləşdirəcək və boşanma olduğu təqdirdə, əmlak rejimini, aliment məbləğini, uşaqla ünsiyyət və sair ailə münasibətlərindən irəli gələn mübahisələri əvvəlcədən tərəflərin iradəsinin ifadəsi qaydasında tənzimləyəcək. Məhkəmələrdə baxılan işlər arasında ailə münaqişələrinin sayının çoxluq təşkil etdiyini xatırladan ekspertlər də hesab edir ki, əmlak mübahisələrini azaltmaq, hətta tam cüziləşdirməyin yeganə yolu nikah müqaviləsidir. Nikahdan qabaq nikah müqaviləsi bağlanarsa, məqsədli evlənmələrə də imkan yaranmaz.
Hüquqşünas Jalə Ağayeva isə “Sherg.az”a açıqlamasında deyib ki, dəfələrlə boşanmış ailələr arasında olan münaqişələrin, əmlak bölgüsü, uşaqların saxlanılması, aliment barədə məsələlərdən irəli gələn anlaşılmazlıqların, hətta bu səbəbdən fiziki güc tətbiq edildiyinin şahidi olmuşuq. İllərlə davam edən məhkəmə prosesləri uzandıqca uzanıb:
“Əgər tərəflər arasında nikah müqaviləsi olsa idi, yuxarıda qeyd olunanların həmin müqavilə ilə tənzimlənməsi nəzərdə tutulardı və hər hansı əlavə münaqişəyə də ehtiyac qalmazdı. Bildiyiniz kimi, evlilik müddətində aldığımız mülklər yarıya bölünməlidir. Fərqi yoxdu mülk kimin adınadır və ya kim alıb. Amma biz nikah müqaviləsi ilə mülklərimizi istədiyimiz kimi bölə bilərik. Yəni nikah müqaviləsi evlənən şəxslərin əmlak hüquqlarını və vəzifələrini müəyyən edir. Daha asan dildə desək, boşandığınız zaman hansı mal kimə qalacaq, bu haqda razılaşmadır. Məsələn, avtomobil sənə, ev mənə”.
J.Ağayeva əlavə edib ki, nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında, istər nikaha daxil olmazdan öncə, istərsə də nikah dövründə tərəflərin razılığı ilə bağlana bilən və notariat qaydasında təsdiq olunan müqavilədir:
“Bu müqavilədə həm nikah dövründə, həm də nikah pozulduqdan sonrakı dövrdə ər-arvadın əmlak hüquq və vəzifələri müəyyən edilə, birgə mülkiyyətin qanunla müəyyən olunmuş rejimi dəyişdirilə, ər-arvadın bir-birini saxlaması, ailə xərclərində iştirak qaydası, boşanma olacağı təqdirdə əmlak bölgüsü, uşaqlara münasibətdə valideynlərin hüquq və vəzifələri və s. müəyyən edilə bilər. Ümumi yanaşdıqda nikah müqaviləsi gələcəkdə ortaya çıxacaq münaqişələrin yaranmaması üçün bir vasitə kimi çıxış edir, deyə bilərik. Lakin bu müqavilənin imzalanıb-imzalanmaması hər zaman tərəflərin iradəsindən asılıdır”.
Bununla belə hüquqşünas hesab edir ki, nikah müqaviləsi məcburi ola bilməz. Maarifləndirmə yolu ilə nikah müqaviləsinin bağlanmasını gündəlik həyat normasına çevirmək olar. Nəticədə ailə institutu daha da möhkəmlənər, boşanmalar azalar, boşanma hallarında isə nizam-intizam formalaşar.
"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə hesab edir ki, bir çoxları nikah müqaviləsinin əsl mahiyyətini dərk etmir:
"Təəssüflər olsun ki, nikah müqaviləsinin bağlanmasında stereotiplər çoxdur. Qarşı tərəf bu müqaviləni bağlamaq istəmir və qınaq nümayiş etdirir. Bəziləri isə bunu özünə təhqir kimi qəbul edir. Bir çox hallarda qadının yalnız əmlaka və gəlirə görə ailə qurduğunu iddia edərək onu utandırırlar. Amma sovet dövründə də belə bir qayda var idi ki, nikaha girən şəxslər arasında onların iştirakı ilə siyahı tutulur və qadının apardığı cehiz və qarşı tərəfin çəkdiyi digər xərclər burada qeyd olunurdu. Bu sənəd də bir növ müqavilə xarakteri daşıyırdı. Bu baxımdan, indiki dövrdə belə bir qanunun qəbul edilməsi çox yaxşı olardı. Bizdə hazırda nikah müqaviləsi məcburi xarakter daşımadığından, məsuliyyət ortaya qoymur. Bir çox ölkələrdə isə bu müqavilə qanunla icbari formada tətbiq olunur. Təcrübə göstərir ki, bəzi hallarda nikah müqaviləsi boşanmanın qarşısını alır. İnsan ailə quranda ağlına gətirmir ki, 3 aydan sonra boşana bilər. Tərəflər öz qarşısına müəyyən şərtlər qoya bilər ki, əgər tərəflərdən hər hansı biri boşanmaq istəyərsə, bu qaydalara əməl etməlidir. Bir çoxları bilmir ki, nikah müqaviləsində nələr yazılır və hansı şərtlər ola bilər. Bu haqda insanlara daha geniş məlumat verilməli və maarifləndirilməlidir. Düşünürəm ki, nikah müqaviləsinin icbari olması boşanmaların qarşısının alınmasında rol oynaya bilər. Özünə əmin olan, öz ailəsini bütöv görmək istəyən insan onsuz da bu müqaviləyə qarşı çıxmayacaq. Necə olur ki, qızlarımız digər ölkə vətəndaşları ilə ailə qurduqda, bu müqaviləyə qəti etiraz etmirlər? Çünki bu, onlarda qanunun tələbidir. İnsanları bu davranışa alışdırmaq lazımdır. Necə ki tibbi müayinədən keçmək məcburi oldu və zamanla heç kim etiraz etmədi, nikah müqaviləsi də bu qayda ilə məcburiləşdirilməlidir. Nikah müqaviləsi qadınların evsiz-eşiksiz qalmasının qarşısını ala bilər. Amma sui-istifadə hallarına da yol verilməməlidir. Yəqin ki, mütəxəssislər bu detalları işləyib hazırlayacaqlar”.