Son günlərdə ictimai nəqliyyat, avtobus dayanacaqları, insanların sıx olduğu yerlər, əsasən də sosial şəbəkələrdə verilən iş elanlarından şikayətlərin sayı artır. Bununla bağlı danışan zərərçəkənlərdən biri, Bakı şəhər sakini Elman Zeynalov bildirib ki, bir müddət öncə sosial şəbəkədə gördüyü iş elanı ilə maraqlanıb.
“Elanda yazılmışdı ki, iş qrafiki sərbəst, əmək haqqı isə yüksəkdir. Əlaqə saxladığım zaman dedilər ki, ofisə gəlməliyəm və mənimlə müqavilə bağlamalıdırlar. Müqavilə üçün isə 20 manat məbləğində ödəniş istədilər. Vurğuladılar ki, müqavilə bağlamadan iş yerinə yönləndirə bilməzlər. Məbləği verdim, müqavilə imzaladım, sonra mənə bildirdilər ki, əlaqə saxlayıb, digər məlumatları verəcəklər. Artıq bir neçə gündür ki, xəbər yoxdur və həmin şəxslərlə əlaqə saxlamaq mümkün deyil”, - o qeyd edib.
Zeynalovun sözlərinə görə, onunla bərabər həmin ofisdə bir çox insan olub:
“Onlar da ödəniş edib müqaviləyə qol çəkirdilər”.
Bəs belə məqamda hüquqları pozulmuş vətəndaş hansı addımlar atmalıdır?
Məsələ ilə bağlı "Sherg.az"a danışan hüquqşünas, Əkrəm Həsənov bildirib ki, elə bir zəmanədə yaşayırıq ki, dələduzlar həddən artıq çoxalıb:
"Əhalinin çox hissəsi işsizdir. Ona görə də yaxşı maaşlı iş axtarırlar. Bu vəziyyətdən istifadə edənlər çoxdur. Fərqi yoxdur, kiməsə pul ödəyirsənsə, rəsmi müqavilə bağlanılmalıdır. Bu zaman isə mütləq şəxsiyyət vəsiqəsi yoxlanılmalıdır. Xüsusən də iş yeri ilə bağlı araşdırma aparmaq lazımdır. Əlbəttə ki, həmin şəxsləri polisə şikayət edərək axtarışa vermək olar. Amma bu uzun bir prossesdir. Zənn edirəm ki, polis 20 manata görə heç kəsi axtaran deyil. Buna görə də vətəndaşlar diqqətli olmalıdır. Çox təəssüflər olsun ki, bizim millətdə belə bir psixologiya qalıb ki, ucuz nəyisə etmək olar. Bəziləri onlayn oyunları pul qoyur və pul qazanmağa çalışırlar. Ancaq nəticədə pulları batır. Azərbaycanda ən ucuz pul qazanmağın yolu gizli korrupsiyadır. Həbs edilmədiyiniz təqdirdə bu vasitə ilə yaxşı pul qazanmaq mümkündür".