Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-oktyabr ayları ərzində 44643 nikah və 17988 boşanma halları qeydə alınıb.
Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,2-dən 5,3-ə düşüb, boşanmaların sayı isə 1,6-dan 2,1-ə qədər artıb.
Məsələyə münasibət bildirən sosioloq Lalə Mehralı “Sherg.az”a söyləyib ki, ailələrin dağılması cəmiyyətin tənəzzülə uğraması deməkdir:
"Boşanmaların sayı 4-5 il öncə açıqlananda müzakirə zamanı söyləmişdik ki, bu göstərici daha da artacaq. Lakin bu məsələyə etinadsız yanaşıldı. Boşanmalar çoxalması və nigahların azalmasında hər tərəfli biganəlik var. Bu əslində milli strateji bir məsələdir. Çünki ailə bir dövlətin var olması üçün əsas sütundur. Ona görə də bu istiqamətdə səbəblər araşdırılmalı və ekspertlər qrupu yaradılmalıdır. Boşanmaların sayının artmasının səbəbini sosial problem və psixoloji vəziyyətlə əlaqəli olduğunu deyirlər. Mövzunu müzakirə edərkən adətən, 2-3 səbəb üzərində dayanırıq. Əslində isə nəzərə almadığımız çox nüanslar var. Televiziyalarda ele bir formada proqramlar hazırlayırlar ki, insanlar boşanmanın guya, yaxşı bir şey olduğunu düşünürlər. Təbii ki, ailə daxili zorakılıq hallarında boşanma qadının həyatını qurtarır. Amma hər xırda problemə görə, çarəni boşanmaq da görmək doğru deyil. Efirlərdə boşanmış qadınları karyerada uğurlu iş insanı kimi təqdim edirlər. Bu təkcə bizim ölkəmizdən qaynaqlanan bir məsələ deyil. Demək olar ki, dünyanın qlobal problemlərindən biridir".