FHN faydalı iş görür, təhlükənin qarşısını alır -Ekspert 

Yanğın təhlükəsizliyi qaydalarına da, sanitar-gigiyenik qaydalara da riayət edilmir

“Bazarlarda, ticarət mərkəzlərində sərbəst dolaşmaq, rahat alış-veriş etmək mümkün deyil. Kiçik köşklər bir-birinin içinə girib. Nə çıxışları var, nə nəfəslik, nə də havalandırma sistemi...”


  Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. Nazirliyin məlumatına görə, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "Sunay", "İsa-N", "Pərviz" və "Elektron" elm-istehsalat firmasına məxsus ticarət mərkəzlərində keçirilmiş yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Mövcud vəziyyətdə obyektlərin istismarının davam edəcəyi təqdirdə hər an baş verə biləcək yanğın təhlükəsi, yanğının qısa müddətdə əhatə dairəsinin genişlənə biləcəyi nəzərə alınaraq adıçəkilən obyektlərin fəaliyyəti dayandırılıb,  ticarət mərkəzlərinin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı icrası məcburi olan qərar qəbul edilərək cavabdeh şəxslərə təqdim olunub.
  Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev “Sherg.az”a açıqlamasında FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin faydalı iş gördüyünü, təhlükənin qarşısını aldığını dedi: 

"Bu cür ticarət obyektləri çoxdur. Yanğın təhlükəsizliyi qaydalarına da, sanitar-gigiyenik qaydalara da riayət edilmir. Bazarlarda, ticarət mrəkəzlərində sərbəst dolaşmaq, rahat alış-veriş etmək mümkün deyil. Kiçik köşklər bir-birinin içinə girib. Nə çıxışları var, nə nəfəslik, havalandırma sistemi. Ətraf zibillik, natəmizlik. Hərə bir piştaxta kirayələyir, əlinə nə keçdi satışa çıxarır. “8-ci kilometr” bazarını yadınıza salın. Orda elə bir vəziyyətdir ki, insan ayaq basmaq istəmir. Xüsusən yağışlı havalarda ayaq qoymağa yer tapılmır. Hər tərəf su, palçıq içində olur. Belə vəziyyətdə orada ət, balıq məhsullarını satırlar. Böyük mağazaların önünü kiçik köşklər kəsib. Orda bir hadisə baş versə, böyük fəlakət ola bilər. Belə hallar bir neçə dəfə təkrarlanıb. Tikinti materialları satışı mərkəzlərində dəfələrlə yanğın baş verib, sahibkarlar külli miqdarda ziyana uğrayıblar. Sahibkar bilməlidir ki, yanğından mühafizə mütləqdir. Çünki bu, ilk növbədə onun özünə lazımdır. Birincisi, həyatını, sağlamlığını qorumalıdır, ikincisi də əmlakını. Bunun üçün də qaydalara əməl etmək lazımdır ki, sığortalanmış olsunlar. Bu qaydalara əməl etmək çətin deyil, az miqdrada məsrəf tələb olunur.  Qaydalara görə, obyektlərdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğuları quraşdırılmalıdır, su hovuzu – su çəni olmalıdır ki, daimi su təchizatı təmin edilsin, daxili yanğın su kranları, yanğın hidrant qurğuları, yanğın zamanı istifadə ediləcək alətlər işlək vəziyyətdə olmalıdır. Elektrik naqilləri düzgün çəkilməlidir ki, təhlükəsiz olsunlar. Elektrik xətləri yanar konstruksiyaların üzəri ilə çəkilməməlidir. Naqillər artıq yükləmədən və qısaqapanmadan mühafizə edilməlidir qoruyucular vasitəsilə. Taxta konstruksiyalı elementlər odadavamlı məhlulla hopdurulmalıdır. Ticarət sıralarında piştaxtalar olan cərgələrdə ara məsafələr gözlənilməlidir, obyektlərdə insanların yanğın hadisəsi haqqında xəbərdar edilməsi üçün xəbərverici qurğular olmalıdır. Ticarət sıralarındakı arakəsmələr taxta, karton, lambir və tezalışan çadır tipli materiallardan olmamalıdır. Təyinatından asılı olmayaraq bütün obyektlər təhlükəsizlik qaydalarına riayət etməlidirlər. Sahibkarlar bu çatışmazlıqları aradan qaldırmalıdırlar ki, nə canları zərər görsün, nə də malları".