Şuşa şəhərinə daha 51 ailə - 208 nəfər köçürülüb
Yeni dövrün reallıqları həm Böyük Qayıdışın başlanmasını sürətləndirir, həm də Azərbaycanı dünyaya əsl qurucu dövlət kimi tanıdır
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Şuşa şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Bu mərhələdə Şuşa şəhərinə 51 ailə - 208 nəfər köçürülüb. Doğma yurda qayıdan Şuşa sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. Qeyd edək ki, ikinci Qarabağ müharibəsində qazanılan möhtəşəm qələbədən sonra dövlətimizin qarşısında dayanan ən mühüm hədəflərdən biri işğaldan azad edilmiş ərazilərimizin bərpası və keçmiş məcburi köçkünləri doğma yurdlarına qayıdışının təmin edilməsidir. Döyüş meydanında düşməni diz çökdürən və kapitulyasiyaya məruz qoyan qalib Azərbaycan dövləti tikinti meydanında də yüksək ruhla işlər həyata keçirir. Ötən dövrdə reallaşdırılan layihələr onu deməyə əsas verir ki, respublikamız işğaldan azad olunmuş ərazilərin bərpası, soydaşlarımızın məskunlaşdırılması ilə bağlı qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən “Böyük Qayıdış”la bağlı 2022-2026-cı illəri əhatə edən Dövlət Proqramı işğaldan azad edilmiş torpaqlarımıza yenidən həyatın qaytarılmasında mühüm rola malikdir. Dövlətimiz tərəfindən “Böyük Qayıdış” planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər edilib. Həmin ərazilərdə yeni yaşayış məntəqələrinin salınması, infrasturukturun bərpası, yolların çəkilişi, məktəb, xəstəxana tikintisi sürətlə davam edir. Bir zamanlar dədə-baba yurdlarını tərk etməyə məcbur qalan soydaşlarımız indi doğma torpaqlarına ləyaqət və böyük fəxrlə qayıdırlar.
İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, şəhərlərin, kəndlərin yenidən tikilməsi, əhalinin Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən məskunlaşdırılması, həmin bölgələrdə sosial-iqtisadi infrastrukturun yaradılması Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrdəndir. Bu istiqamətdə işlər cari ildə də yüksək sürətlə və keyfiyyətlə davam etdirilib. Prezident İlham Əliyev Qarabağa və Şərqi Zəngəzura müntəzəm səfərləri zamanı bərpa-quruculuq işləri ilə tanış olub, yaşayış məntəqələrinin, vacib infrastruktur obyektlərinin açılışlarında, təməlqoyma mərasimlərində iştirak edib.
Dövlətimizin başçısı işğaldan azad olunmuş ərazilərə 2024-cü ildə ilk səfərini fevralın 26-da Xocalı şəhərinə edib. Prezident İlham Əliyev burada rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, sonra Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyub, sakinlərlə birlikdə şəhərdə aparılan tikinti işlərinin gedişi ilə tanış olub.
Mayın 10-da – Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü günündə də Prezident İlham Əliyev işğaldan azad olunmuş torpaqlarımıza səfər edib. Dövlətimizin başçısı bu səfərdə Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda inşa edilmiş birinci tunelin, Şuşada “Şirin su” hamamının, Mamayı məscidinin açılışlarında iştirak edib, şəhərdə inşa olunacaq üçüncü yaşayış kompleksinin və Turşsu qəsəbəsinin təməllərini qoyub.
Bu səfəri daha əlamətdar edən hadisə isə Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş olub. Görüşdə diqqətə çatdırılıb ki, ilkin mərhələdə birinci yaşayış kompleksinə köç qrafikinə əsasən 20 ailə olmaqla 88 nəfər köçürülüb. İyirmi üç binadan ibarət yaşayış kompleksində 450 mənzil var. Şuşaya ilk köç edən ailələrlə görüşən dövlətimizin başçısı mənzillərin açarlarını sakinlərə təqdim edərək deyib: “Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq - ən müasir, ən rahat, ən gözəl. Buranın təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda, ənənəvi üslubda inşa edilən binalarla tamamlanır. Elə bir gözəl şəhər yaradılır ki, əminəm, hər birimiz, hər bir azərbaycanlı bununla fəxr edəcək”.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev Laçın rayonunun Sus kəndində görülmüş işlərlə tanış olub, kəndə köçmüş sakinlərlə görüşüb. Sus kəndində 60-a yaxın fərdi ev tikilib, 132 şagird yerlik orta məktəb, 50 yerlik uşaq bağçası da inşa olunub. Dövlətimizin başçısı Laçın rayonunda “Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik stansiyalarının açılışlarını edib.
Azərbaycan Prezidentinin Qarabağa və Şərqi Zəngəzura hər səfəri zamanı yeni müəssisələrin təməli qoyulur, hazır olanların açılışları edilir. Dövlətimizin başçısının sentyabrın 19-20-də Qarabağa növbəti səfəri də bu baxımdan yaddaqalan olub. Prezident İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlini qoyub, Kəngərli kəndində və Ağdam Sənaye Parkında görülən işlərlə tanış olub, yeni zavodların açılış mərasimlərində iştirak edib. Bu parkın yaradılmasında məqsəd işğaldan azad edilən ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının reallaşdırılması, sahibkarlığın dəstəklənməsi, əhalinin məşğulluğunun artırılmasıdır.
Sentyabrın 20-də - Dövlət Suverenliyi Günündə Prezident İlham Əliyev Xankəndi şəhərində Qarabağ Universitetinin və bu ali məktəbin tələbə yataqxanasının təmirdən sonra açılış mərasimində iştirak edib, Universitetin müəllim və tələbə heyəti ilə görüşüb.
Millət vəkili Elman Məmmədovun “Sherg.az"a açıqlamasına görə, beynəlxalq aləmdə nüfuzlu Lider kimi qəbul olunan Azərbaycan Prezidenti İlham Əliyevin xalqımız qarşısındakı xidmətləri, qlobal səyləri, yenilməz iradəsi, qətiyyəti və digər yüksək şəxsi keyfiyyətləri ölkəmizin əldə olunan nailiyyətlərini təmin edən mühüm amillərdir:
“Dövlətimizin başçısının beynəlxalq arenadakı fəaliyyəti Azərbaycanı qlobal miqyasda tanınan nüfuzlu dövlətə çevirib. Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasını şərtləndirən əsas amillərdən biri də ölkənin güclü iqtisadiyyata malik olmasıdır. Obrazlı desək, güclü iqtisadiyyat Azərbaycanın milli maraqlara uyğun siyasət aparmasının təminatçısı, ölkəmizin regionda və dünyada söz sahibi, bütün qlobal əhəmiyyətli nəqliyyat və enerji layihələrinin təşəbbüskarı və iştirakçısı olmasının açarıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyat və sosial həyat sahələrində əldə olunmuş uğurlar Azərbaycanın 2024-cü ildə inkişaf salnaməsinin parlaq səhifələrindən biridir.
Postmüharibə dönəmində yeni hədəflər müəyyənləşdirən Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində sistemli fəaliyyət həyata keçirməklə həm mütərəqqi quruculuq və regional inkişaf modeli, həm də bölgədə yeni tərəfdaşlıq platforması yaradır. Belə ki, müəyyən olunmuş strateji prioritetlərə uyğun olaraq Azərbaycan öz iqtisadi gücü hesabına, müasir texnologiyalardan istifadə edərək və innovasiyalar tətbiq etməklə bərpa-quruculuq işləri aparır”.
Deputatın sözlərinə görə, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub:
“Tarixi Zəfər nəticəsində əldə etdiyimiz yeni dövrün reallıqları həm Böyük Qayıdışın başlanmasını sürətləndirir, həm də Azərbaycanı dünyaya əsl qurucu dövlət kimi tanıdır. Qarabağ və Şərqi Zəngəzur dünyanın ən gözəl məkanına çevrilir, bu da dünyada Azərbaycanın siyasi və iqtisadi cəhətdən güclü dövlət olmasının bariz nümunəsidir.
İşğaldan azad edilmiş ərazilərdə Azərbaycanın göstərdiyi istiqrarlı davranış ölkəmizin beynəlxalq arenadakı nüfuzunu və bölgəyə olan marağı günü-gündən artıraraq, xarici investisiyaların prioritetlərinin dəqiq müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında mövcud olan enerji mənbələri, qiymətli yeraltı sərvətlər, xammal yataqları və çox sayda cəzbedici investisiya üstünlükləri bölgəyə parlaq gələcək vəd edir. Sözün əsl mənasında, Böyük Qayıdış - ilk növbədə Qarabağın işğaldan azad edilməsinin və Qarabağa yenidən dönüşün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Proqramıdır.
Prezident İlham Əliyevin Qarabağ ərazisindəki süni şəkildə erməniləşdirilmiş coğrafi adların - toponimlərin əsl azərbaycanlı adlarının bərpa edilməsi istiqamətində irəli sürdüyü təşəbbüslər, atdığı düşünülmüş addımlar tarixi ərazilərimizin xalqımıza mənsub olmasının özünütəsdiqidir”.