Dövlət qulluğuna qəbul üzrə müsahibələr formal xarakter daşıyır?-RƏY

Təhsil müəssisələri üzrə ekspert deyib ki, Fazil Mustafanın təklifi dəyərləndirilməlidir

“Çünki DİM ehtiyat kadr siyahısına malikdir, bütün məlumatlar onlardadır. Bilirlər nə qədər vətəndaş imtahanda iştirak edib, hansı istiqamət üzrə imtahan verib, hansı kateqoriyada sertifikatlara sahibdirlər”

"Müəyyən dövlət qulluğuna qəbul üzrə müsahibələr formal xarakter daşıyır". Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Hesablama Palatasının illik hesabatının müzakirəsi zamanı deyib: ”Hesablama Palatasında dövlət qulluğuna qəbul olduqca şəffaf keçirilib. Mən düşünürəm ki, bunun digər orqanlara da tətbiq edilməsi vacibdir. Çünki hər bir qurumun əsas işi peşəkarlıq səviyyəsi ilə, orada dövlət qulluğunda olan insanların öz vəzifə məsuliyyətini dərk etməsi ilə bağlıdır”. Deputat bildirib ki, həm müsabiqənin müsahibə mərhələsində, həm də ehtiyat kadrların təyinat mərhələsində kifayət qədər çatışmazlıqlar var: “Bir çox hallarda bu müsahibələr formal xarakter daşıyır. Bunun kökündə dayanan əsas məsələ müqaviləli işçi himayədarlığı problemidir. Orqan rəhbərlərinin belə qanunsuzluqlara cəhd etməsinin qarşısında əsas məqsəd həmin saxta və qeyri-leqal yollarla xüsusi tanış və tapşırıqla vəzifələri ələ keçirən müqaviləli şəxsləri saxlamaqdır. Təsəvvür edin ki, şəxs müsabiqədə qalib gəlir, ən yüksək bal toplayır və müsahibədə müqaviləli şəxslərə uduzur. Ömrünü-gününü həsr edib dövlət qulluğunda yer almağa çalışan bir vətəndaş bu mərhələni aşa bilmir. Hesablama Palatası özünün təsdiq etdiyi bu meyarları, prinsipləri təbliğ etməlidir ki, başqa qurumlar da buna əməl etsin. Milli Məclisdə də bu şəffaflıq təmin edildiyinə görə kifayət qədər keyfiyyətli kadrlar Aparatda təmsil oluna bildilər".
F.Mustafa sözügedən məsələ ilə bağlı təkliflərini də səsləndirib: “Mən təklif edirəm ki, maraqlı orqanın təmsilçiləri komissiyadan çıxarılsın, buraya tamamilə neytral insanlar cəlb edilsin. Ehtiyat kadrların təyinatı məsələsində də iki illik müddət bir də nəzərdən keçirilməlidir. Adamı ehtiyata salırlar, sonra iki il iş də vermirlər, yaxşı olardı ki, bu səlahiyyət DİM-ə verilsin, vakant yerlər olduqda müvafiq dövlət qurumuna göndərilsin”.

Təhsil müəssisələri üzrə ekspert Elçin Əfəndi “Sherg.az"a açıqlamasında qeyd etdi ki, dövlət qulluğuna qəbulla bağlı, təəssüf ki, problemli məsələlər var: 
- Vətəndaşlar müraciət edir, ödəniş edib imtahan verir, müvafiq sertifikat alır və oturub gözləyirlər ki, hansı dövlət orqanı nə zaman vakansiya elan edəcək və nə zaman müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə mərhələsində isə süni əngəllər qarşılarını kəsir, müsahibədən keçmələrinə maneə yaradılır və bu şəxslər yenidən növbəti dəfə vakant yerlərin çıxarılacağını gözləməli olur. Beləcə illər keçir, heç bir işlə təmin olunmur, hər hansı vəzifəyə dəvət edilmirlər. Bir halda ki, millət vəkili də təyinat məsələsində səlahiyyətin Dövlət İmtahan Mərkəzinə verilməsini təklif edir, düşünürəm ki, ən doğrusu budur. Bu təklif dəyərləndirilməlidir. Çünki DİM ehtiyat kadr siyahısına malikdir, bütün məlumatlar onlardadır. Bilirlər nə qədər vətəndaş imtahanda iştirak edib, hansı istiqamət üzrə imtahan verib, hansı kateqoriyada sertifikatlara sahibdirlər. Təyinat səlahiyyəti  DİM-ə verilsə, namizədlər də arxayın olar ki, zəhmətləri hədər getməyəcək, etdikləri ödənişlər itməyəcək, kiminsə tanışı onun yerinə işlə təmin edilməyəcək. İndi belə hallara yol verilir, dövlət orqanında çalışan məmurun tanışı gəlib vəzifə tutur, sertifikata sahib peşəkar kadr isə qalır kənarda. Belə halların aradan qaldırılması üçün, bəli, təyinat səlahiyyətinin DİM-ə verilməsi daha məqsədəuyğun olardı.