İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı imzaladığı Fərmana əsasən İTSDA və ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin birləşmə formasında yenidən təşkili yolu ilə nazirliyin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi publik hüquqi şəxs yaradılıb. Müəyyən edilib ki, Agentlik Azərbaycanda icbari tibbi sığortanın tətbiqi, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitin icbari tibbi sığorta fondunda cəmləşdirilməsi və həmin vəsaitin idarə olunması, icbari tibbi sığorta üzrə dövlət adından tibbi xidmətlərin mərkəzləşdirilmiş alıcısı və xərclərin ödənilməsi funksiyalarını həyata keçirir, habelə əlilliyin müəyyən edilməsi və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi sahələrində fəaliyyət göstərəcək. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsi ilə bağlı hüquq və öhdəlikləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) keçib.
İqtisadçı Rauf Qarayev “Sherg.az”a açıqlamasında bildirdi ki, burada vəzifələrin bölgüsü aparılıb:

- İTSDA və ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi birləşmə formasında yenidən təşkil edilir. Nazirliyin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi publik hüquqi şəxs yaradılır. Burada məsələ ondan ibarətdir ki, Agentlik icbari tibbi sığorta üzrə xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitlərin İcbari Tibbi Sığorta Fondunda cəmləşdirilməsi və vəsaitlərin idarə olunmasını həyata keçirəcək. Bu işlər əhalinin sosial müdafiəsinə aid olduğundan icranın da ƏƏSMN tabeliyində yaradılan quruma həvalə edilməsi məntiqlidir. Fikir versək görərik ki, məsələn, dərman və tibbi vasitələrlə təminat isə TƏBİB-ə tapşırılır. Yəni, hər bir qurumun funksiyasına uyğun vəzifə bölgüsü aparılır. Ödəniş bir quruma, dərmanla təminat başqa bir quruma həvalə edilir.