Azərbaycan öz resurslarına arxalanaraq güclü və müstəqil iqtisadiyyat qurub -ANALİZ

Aydın Hüseynov: "Həyata keçirilən dövlət proqramları və irimiqyaslı layihələr iqtisadiyyatın dayanıqlı inkişafına təkan verməkdədir"

Pərvin Kərimzadə: "2024-cü il İlham Əliyevin liderliyi ilə hərtərəfli tərəqqi və uğur ili kimi tarixə yazıldı"


2018-2024-cü illər ərzində həyata keçirilən dörd sosial islahat paketi çərçivəsində milyonlarla insanın sosial təminatında böyük irəliləyişlər əldə edilib. Xüsusilə minimum pensiyanın 2,5 dəfə, orta aylıq pensiyanın 2,4 dəfə, müavinət və təqaüd ödənişlərinin isə 5 dəfəyə qədər artırılması Prezidentin sosial rifaha yönəlmiş siyasətinin yüksək səmərəliliyini göstərir. Bununla yanaşı, əmək müqavilələrinin sayının son 6 ildə 600 mindən çox artması işçi hüquqlarının qorunması, formal məşğulluğun genişləndirilməsi və əmək bazarında şəffaflığın artırılması baxımından mühüm nailiyyətdir. Bu rəqəmlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin Azərbaycanı rifah cəmiyyətinə çevirmək istiqamətində uğurlarını nümayiş etdirir. Azərbaycanda əhalinin sosial rifahının təmin olunması istiqamətində dövlət siyasətinin əsas prioritetlərindən biri sosialyönümlü xərclərin artırılmasıdır. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əməli nəticəsi olaraq özünü büdcə göstəricilərində də aydın şəkildə büruzə verir. Məsələn, 2021-ci ildə dövlət büdcəsində sosialyönümlü xərclər 10,3 milyard manat təşkil edirdisə, 2025-ci ilin büdcə layihəsində isə 16,9 milyard manat nəzərdə tutulur. Sosialyönümlü xərclərin dövlət büdcəsində çəkisinin 41 faizə çatması isə sosial rifahın dövlət siyasətinin prioritet istiqaməti olduğunu bir daha təsdiqləyir. Bu artım, həmçinin vətəndaşların həyat keyfiyyətinin yaxşılaşdırılması, sosial təminat sisteminin gücləndirilməsi və əhalinin həssas təbəqələrinin dəstək alması istiqamətində görülən tədbirlərin əhəmiyyətini vurğulayır. Bu yanaşma Azərbaycan dövlətinin sosial sahəyə xüsusi önəm verdiyini və iqtisadi inkişafın insan amilinə xidmət etdiyini aydın şəkildə ortaya qoyur. 2025-ci ilin yanvarından başlayaraq minimum əməkhaqqı 345 manatdan 16 faiz artırılaraq 400 manata çatdırılıb. Fevralın 1-dən isə minimum pensiyanın məbləği 280 manatdan 14,3 faiz artımla 320 manata qaldırılacaq. 2018-ci ildən bəri minimum əməkhaqqında 3,1 dəfə, minimum pensiyada isə 3 dəfəyədək artıma nail olunub ki, bu da əhalinin sosial rifahının əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olub. Həmçinin 2018-2024-cü illər ərzində müavinət və təqaüd ödənişlərində 5 dəfə artım qeydə alınıb. Bu artım dinamikası 2025-ci ildə də davam etdiriləcək. Yaşayış minimumu və ehtiyac meyarının 270 manatdan 285 manata çatdırılması da sosial təminat sisteminin daha da gücləndirilməsi məqsədi daşıyır. Prezident İlham Əliyev yanvarın 7-də yerli telekanallara müsahibəsində yeni sosial islahat paketinin əhəmiyyətini vurğulayaraq, Azərbaycanın həm sosial sahədə, həm də iqtisadi inkişafda tarazlı yanaşma sərgilədiyini ifadə etdi. Dövlət başçısı bildirdi ki, Qarabağın bərpası kimi strateji əhəmiyyətli vəzifələri həyata keçirən ölkənin vətəndaşlarının rifahına bu qədər diqqət yetirilməsi dövlət siyasətinin mahiyyətini nümayiş etdirir. 
Cari ilin əvvəlindən həyata keçirilən yeni sosial islahat paketi Azərbaycanın sosial inkişafı və vətəndaşlarının rifahının artırılması məqsədi daşıyır. Bu paket pensiyaların indeksləşdirilərək artırılması da daxil olmaqla, ümumilikdə 3 milyon insanı əhatə edəcək. Həmin şəxslərə yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin artırılması üçün əlavə olaraq 1,4 milyard manat ayrılıb. Bu islahat paketi ölkənin sosial sahədəki ən mühüm addımlarından biri olmaqla, geniş əhali təbəqəsinin maddi təminatını yaxşılaşdırmağa yönəlib. Sosial islahatlar çərçivəsində, 2018-2025-ci illər ərzində sosial ödənişlərin artırılması məqsədilə ayrılan əlavə illik vəsaitin həcmi 7,6 milyard manata çatıb. Bu vəsait vətəndaşların sosial təminatının daha da gücləndirilməsi və ölkədəki sosial rifah modelinin davamlı inkişafı üçün mühüm mənbə təşkil edir. Dövlətin sosial siyasətində bu cür vəsait ayrılması, iqtisadi inkişafın paralel olaraq sosial sahənin inkişafına da xidmət etməsi baxımından böyük əhəmiyyət daşıyır. Sosial islahatların bu qədər genişmiqyaslı şəkildə həyata keçirilməsi, dövlətin sosial məsələlərə verdiyi önəmin və vətəndaşlarının rifahını daha da artırmaq istiqamətindəki qətiyyətinin göstəricisidir. Bu islahatlar həm də Azərbaycan cəmiyyətində daha ədalətli və inklüziv sosial sistemin formalaşmasına xidmət edir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov "Sherg.az"a deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2004-cü ildən başlayaraq Azərbaycanda regionların sosial-iqtisadi inkişafı üzrə dörd dövlət proqramı qəbul edilib. Deputatın sözlərinə görə, bu proqramlar çərçivəsində 100 milyard manatdan çox investisiya yatırılıb ki, bunun nəticəsində regionlarımızın siması başdan-başa dəyişib: 
"Prezident İlham Əliyevin hakimiyyəti illərində Azərbaycanın ümumi daxili məhsulu real ifadədə 3,7 dəfə artıb. Bu, son iki onillikdə qlobal miqyasda əldə olunan ən yaxşı iqtisadi nailiyyətlərdən biridir. Ötən 21 il müddətində qeyri-neft sektoru üzrə ÜDM 3,4 dəfə, dövlət büdcəsinin xərcləri 31 dəfə artıb. Əgər 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, hazırda bu rəqəm 3700 manatdan çoxdur. Xarici ticarət dövriyyəsi 10,8 dəfə, o cümlədən ixrac 16,1 dəfə artıb. 2003-cü illə müqayisədə 2022-ci ildə adambaşına düşən ÜDM 3 dəfəyə yaxın artaraq, 13 min 256 manat təşkil edib. Aparılan çoxşaxəli iqtisadi siyasət nəticəsində davamlı iqtisadi inkişaf tam təmin olunub. Birbaşa xarici borcun həcmi azalaraq hazırda ümumi daxili məhsulun 8 faizini təşkil edir. Azərbaycanın xarici valyuta ehtiyatları son 20 ildə 47 dəfədən çox artaraq 72 milyard dolları keçib. Bu dövr ərzində ölkəmizdə sərmayələrin ümumi həcmi 310 milyard ABŞ dollarından çoxdur və onlardan 200 milyard dolları qeyri-enerji sektoruna yatırılıb. Dövlət başçısının zəngin, çoxşaxəli və unikal dövlətçilik təcrübəsi və bənzərsiz fəaliyyəti təsdiqləyir ki, Azərbaycanda dövlət quruculuğu çox etibarlı və möhkəm əllərdədir. Azərbaycan regionun lider dövləti statusunda həm də qlobal iqtisadi güc faktorudur".

 Parlamentari qeyd edib ki, irimiqyaslı neft və qaz layihələri ilə yanaşı, 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi, 2018-ci ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin və 2023-cü ildə Ələt Azad İqtisadi Zonasının açılışı ilə Azərbaycan regionun ən böyük ticarət və logistika ölkəsinə, Şimal-Cənub, Şərq-Qərb və Orta Dəhliz nəqliyyat marşrutlarının mərkəzinə çevrilib:
 "Azərbaycan regionumuzda ən böyük mülki hava, Xəzər dənizində isə ən böyük dəniz yük donanmalarına malik ölkədir. Dövlət başçısının rəhbərliyi dövründə ölkəmizdə 8 beynəlxalq hava limanı tikilib və yenidən qurulub. 2025-ci ildə Laçın Beynəlxalq Hava Limanı istismara verildikdən sonra Azərbaycanda beynəlxalq hava limanlarının sayı 9-a çatacaq. Hazırda Prezident İlham Əliyev Azərbaycanın “yaşıl enerji” ölkəsi statusunun dünya miqyasında möhkəmləndirilməsi istiqamətində ardıcıl iş aparır. Uğurlu və qətiyyətli siyasət, həyata keçirilən dövlət proqramları və irimiqyaslı layihələr Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafına təkan verməkdədir".

 Millət vəkili Pərvin Kərimzadə də deyib ki, 2024-cü il ölkəmiz üçün böyük uğurlarla yadda qaldı. Deputatın sözlərinə görə, ölkə iqtisadiyyatında müsbət inkişaf var və ötən il ərzində Azərbaycanın hərtərəfli inkişafı davam edib: 
"Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasını şərtləndirən əsas amillərdən biri də ölkənin güclü iqtisadiyyata malik olmasıdır. Güclü iqtisadiyyat Azərbaycanın milli maraqlara uyğun siyasət aparmasının təminatçısı, ölkəmizin regionda və dünyada söz sahibi, bütün qlobal əhəmiyyətli nəqliyyat və enerji layihələrinin təşəbbüskarı və iştirakçısı olmasının açarıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyat və sosial həyat sahələrində əldə olunmuş uğurlar Azərbaycanın 2024-cü ildə inkişaf salnaməsinin parlaq səhifələrindən biridir. Dövlət başçısının dediyi kimi, ölkəmizdə ötən il ümumi daxili məhsul 4 faizdən çox, qeyri-neft sektorunda ümumi daxili məhsul 6 faizdən çox, qeyri-neft sənaye sahəsində isə artım 7 faizdən çox olub. Bizim valyuta ehtiyatlarımız isə 72 milyard dollardan çoxdur. Azərbaycan öz resurslarına arxalanaraq güclü və müstəqil iqtisadiyyat qurub. Heç kimdən asılı deyil. İqtisadi müstəqillik təbii olaraq ölkəmizə beynəlxalq müstəvidə böyük imkanlar qazandırıb və bundan sonra da qazandıracaq. Beləliklə, 2024-cü il Azərbaycan üçün Prezident İlham Əliyevin liderliyi ilə hərtərəfli tərəqqi və uğur ili kimi tarixə yazıldı. Ölkə daxilində sosial-iqtisadi sahələrdə əldə olunan nailiyyətlər, beynəlxalq arenada artan nüfuz və işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa işləri Azərbaycanın inkişaf modelinin səmərəliliyini bir daha nümayiş etdirib. Bütün bunlar qarşıdakı dövrdə də parlaq nailiyyətlər qazanacağımızı şərtləndirir".