Xaricdə böyüyən azərbaycanlı gənclər assimilyasiyadan qorunmalıdır

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi;

Əsas hədəf

Azərbaycan da yəhudi lobbisi və Türkiyə diasporunun təcrübəsindən yararlanmalıdır

Hər bir ölkə üçün, xüsusən xarici siyasətdə uğur qazanmaq üçün diaspor fəaliyyətinin yüksək səviyyədə təşkili çox vacib məqamlardandır. Çünki diaspor hər bir ölkənin milli maraqlarını xarici ölkələrdə təbliğ etmək, qorumaq və əməkdaşlıqların inkişafına nail olmaq üçün ən önəmli fəaliyyətlərdən birincisidir. Bu mənada bu sahənin inkişafı hər dövlət üçün prioritet olmalıdır. Azərbaycan üçün bu gün diaspor fəaliyyəti ən vacib sahələrdəndir. Xüsusilə də İkinci Qarabağ müharibəsindən sonra bölgədə Azərbaycanın özünün yaratdığı yeni reallıqlar diaspor fəaliyyətində olan təşkilatların da işində inqilabi dəyişikliklərin olmasını labüd etdi. Bəllidir ki, bu gün Azərbaycana qarşı olan qüvvələr açıq şəkildə qərəzli mübarizə variantlrına əl atır, qərəzli bəyanatlar, qətnamələr qəbul edir, Azərbaycan əleyhinə çıxışlar səsləndirirlər. Fransa, Avropa Şurası, Almaniya kimi ölkələrin ermənipərəst mövqeyi bu məsələyə daha çox diqqət ayırmalı olduğumuzu göstərir. Ümumi olaraq, diaspor fəaliyyəti ölkənin xaricdə tanıdılması, mövqeyinin gücləndirilməsi, o cümlədən tərəfdaşların artırılması və ölkənin maraqlarının, mövqeyinin dünya ictimaiyyətinə çatdırılması baxımından zəruri hesab olunur. Məlumat üçün bildirək ki, 2025-ci ildə Azərbaycanın xaricdə təbliğatı - diaspor və lobbiçilik fəaliyyəti üçün xərclərə 7 milyon manat ayrılıb. Bu, diasporun inkişafı və daha genişmiqyaslı, məqsədyönlü fəaliyyəti üçün olduqca zəruridir. Nəzərə alaq ki, Ermənistanın xaricdə xeyli sistemli şəkildə fəaliyyət göstərən lobbi təşkilatları var, bu baxımdan diaspor fəaliyyətinin əhəmiyyəti daha da artır. Qeyd etmək lazımdır ki, xeyli müddətdir Azərbaycan diasporu da fəaliyyətini artırıb, ölkənin haqq səsinin dünyaya çatdırılması istiqamətində mühüm işlər görür. Göründüyü kimi, bu istiqamətdə müəyyən uğurlara nail olunsa da, müəyyən problemlər hələ də qalmaqdadır. Diaspor fəaliyyətinin ən yüksək səviyyədə inkişaf etməsi üçün hələ görüləcək işlər çoxdur və ərazi bütövlüyümüz tam təmin olunandan sonra bu sahənin inkişafına daha ciddi ehtiyac duyulur.

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, siyasi şərhçi Əli Zülfüqaroğlu "Sherg.az"a bildirib ki, Azərbaycan diasporu deyəndə əsasən müstəqilliyin bərpasından sonra xaricə köçmüş azərbaycanlıların formalaşdırdığı təşkilatlar başa düşülür. Ekspertin sözlərinə görə, Azərbaycan diasporu əsasən müstəqillik illərindən sonra formalaşıb:
 "Əlbəttə, bu illər ərzində müəyyən inkişaf var, xeyli işlər görülüb, amma bu, yetərli deyil. Əvvəlki dönəmlərdə Azərbaycan diasporunun inteqrasiya problemi var idi. İnteqrasiya problemi ciddi məsələdir və bir sıra problemlərə yol açır. Bu məsələ birinci nəsil azərbaycanlılar arasında özünü daha çox büruzə verir. Amma indi, xüsusilə Avropa və ABŞ-də ikinci nəsil azərbaycanlıların sayı çoxalıb. Onlar orada doğulub, təhsil alıb və dost-tanışları əsasən yerli xalqların nümayəndələridir. Belə olan halda assimilyasiya problemi önə çıxır. Bizi əvvəllər inteqrasiya problemi narahat edirdisə, indi daha çox assimilyasiyanın qayğısına qalırıq. Bu, daha ciddi məsələdir. Əgər ikinci nəsil azərbaycanlılar öz dillərini, milli adət-ənənələrini, mədəniyyətlərini bilməsələr və eyni zamanda sevməsələr, o zaman onları Azərbaycan diasporuna qazandıra bilməyəcəyik. Belə olan halda Azərbaycan diasporu sonrakı dönəmlərdə ciddi problemlərlə üz-üzə qalacaq".

Siyasi şərhçi qeyd edib ki, Azərbaycan artıq yeni dönəmə qədəm qoyub:
"Azərbaycan həm bölgədə, həm də dünyada strateji olaraq mövqelərini möhkəmləndirib. Azərbaycan dövlətinin cəbhədə və beynəlxalq miqyasda əldə etdiyi uğurlar yeni sosial sifarişlərin də əsasını yaradır. Dövlət başçısının apardığı siyasətə bütün sahələr üzrə məsul olan şəxslər adekvat fəaliyyət göstərməlidirlər. Eyni zamanda, diaspor istiqaməti üzrə də yeni mərhələnin addım səslərini artıq eşitməliyik. Müxtəlif sahələrdə olduğu kimi, diaspor istiqamətində də yeni, effektiv layihələrin, addımların şahidi olmalıyıq. Biz ərazi bütövlüyümüzü təmin etsək də, informasiya savaşında fəaliyyətimiz yetərli deyil. Burada Azərbaycan mediasının xarici KİV-lərlə əməkdaşlıq imkanları ilə yanaşı, diaspor təşkilatlarının da aktiv rol oynaması vacib şərtdir. Amma biz Azərbaycan diasporunun yerli cəmiyyətlərə inteqrasiyası, xarici media ilə iş prinsipləri və öz aralarında olan problemlərin həlli ilə bağlı müsbət məqamların şahidi olmuruq. Çox təəssüflər olsun ki, bu da bizim axsayan tərəflərimizi göstərir. Ona görə də yeni mərhələdə yeni şərtlər və məsuliyyətli bir dönəm var. Bu dönəmə uyğun olaraq da bütün sahələr, eyni zamanda diaspor təşkilatı aktiv və adekvat fəaliyyət göstərməlidir”.

Ə.Zülfüqaroğlu əlavə edib ki, diaspor mövzusu Azərbaycan üçün kifayət qədər ciddi və strateji əhəmiyyət daşıyır:
 "Çünki biz elə bölgədə yerləşirik ki, dövlətin xarici siyasətinə dəstək vermək üçün diaspor çox güclü olmalıdır. Azərbaycan diasporu xüsusən müstəqillik əldə etdikdən sonra xaricə köçən azərbaycanlıların yaratdığı təşkilatlar nəticəsində formalaşıb. Düzdür, diaspor fəaliyyətində bir sıra irəliləyişlər var, amma bunu yetərli hesab etmək qətiyyən doğru deyil. Çünki son illərə qədər Azərbaycan diasporunun yerli cəmiyyətlərə inteqrasiya problemləri var idi və bu hələ də davam edir. Digər bir problem isə xaricdə, xüsusilə Avropa və ABŞ-də ikinci nəsil azərbaycanlıların diaspora qazandırılması ilə bağlıdır. Dövlət başçısı Şuşa qurultayında diaspor nümayəndələrinə tövsiyələr verdi. Bu tövsiyələr, əslində, bir növ yol xəritəsi idi. Prezident bildirdi ki, Azərbaycan həqiqətlərinin, erməni vandalizminin dünyaya çatdırılması kifayət qədər vacibdir və mübarizə hələ davam edir. Bundan əlavə Azərbaycan tarixinin iki hissəyə bölünməsi faktorunun beynəlxalq ictimaiyyətə çatdırılması kifayət qədər önəmlidir. Bu baxımdan diasporun xarici media subyektləri ilə əlaqələr yaratması da olduqca vacibdir. Əlbəttə, bir çox ölkələrdə bununla bağlı fəaliyyət nümunələri var, amma tam yetərincə deyil. Hesab edirəm ki, bundan sonra da Azərbaycan diasporunun üzərinə yetərincə yük düşür və bizim mübarizəmiz davam edir. Azərbaycan diasporu da bu mübarizənin önəmli bir parçasına çevrilməlidir”.

Analitikə görə, yəhudi lobbisi və Türkiyə diasporunun təcrübəsindən yararlanmaq vacibdir:
 "Onlar xaricdə doğulan və böyüyən gəncləri assimilyasiyadan qoruyurlar. Öz dillərini bilir, mədəniyyətlərini, ənənələrini sevirlər. Eyni zamanda nəslin itməməsi üçün yeni qurulan ailələrin etnik tərkibi diqqət mərkəzində olur. Xaricdə yaşayan azərbaycanlılar arasında da bu faktor önəm daşımalıdır. Bu sahədə ciddi problemlər mövcuddur".