Aliment Fondunun yaradılması çətinliyə düşmüş şəxslərə ilkin mərhələdə yardım göstərilməsi üçün vacibdir -Sosioloq

Cərimə və ya həbs vəziyyətdən çıxış yolu deyil


 Aliment Fondunun yaradılması yenidən gündəmə gəlib.  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında bildirib ki, hər hansı yeni bir qurumun yaradılması geniş müzakirələr, təhlillər və hesablamalar nəticəsində mümkün olur. O qeyd edib ki, alimentlə bağlı problemlər var və Dövlət Komitəsi də bu məsələnin həllinin vacibliyini vurğulayır: "Milli Məclisə illik hesabat təqdim edərkən tövsiyə olunan məsələlərdən biri də aliment fondudur. Bunun üzərində işlər davam edir. Hesab edirəm ki, fond problemləri həll etmək gücündə olmalıdır. Şəffaf, rahat, nəticəsi olan bir fəaliyyət göstərməlidir. Hazırda bununla bağlı təhlillər aparılır ki, bu fonda nə qədər ehtiyac var, bu ehtiyacları nəzərə almaq üçün hansı imkanları nəzərə almaq lazımdır". 
Məlumdur ki, aliment ödənməsi boşanma prosesində həll olunmayan problemlərə daxildir. Rəsmi qaydada boşanmış qadınlar var ki, sabiq həyat yoldaşından – övladının atasından aliment ala bilmir. Bunu şərtləndirən amillərə atanın rəsmi qaydada iş yerinin olmaması, bəzən hətta yaşayış yerinin də dəqiq bilinməməsi, haqqında heç bir dəqiq məlumatın olmamasıyla yanaşı, bəzən cütlüklər arasında rəsmi nikahın bağlanmamış olması da qadını və uşağı maddi təminatsız qoyur. Məhz sonradan yaşana biləcək həlli mümkünsüz görünən problemlər ortaya çıxmasın deyə, xanımlara evlənərkən mütləq rəsmi qaydada nikah bağlanması, nikah sənədinə malik olmaları məsləhət görülür.     

Sosioloq Mətanət Məmmədova "Sherg.az"a bildirdi ki, vəziyyət, şərait və ya hər hansı digər amillər olmasına rəğmən boşanmış xanımlara övladına görə bütün hallarda aliment ödənməsi üçün effektiv üsullar tapılması vacibdir: 
- Belə məsələlərdə məhkəməyə müraciət edilir, amma məhkəmə istintaqının aparılması, çıxarılan qərar və nəhayət qərarın icrası bəzən uzun zaman aparır. Müvafiq sənədlər toplanmalıdır, uşağın doğum haqqında şəhadətnaməsi, ananın tənha olması və ya boşanma haqqında rəsmi sənəd və sair materiallar lazım gəlir.  Əgər uşağın atası məlumdursa, uşaq atasının soyadını daşıyırsa, iş asandır. Amma atalıq müəyyən edilməyibsə, bunun üçün bir qədər çalışmaq, lazımi sənədləri əldə etmək lazım gəlir. Bəzən məlum olur ki, uşağın atası hansısa başqa ölkədə yaşayır. Bu zaman da məsələnin həlli çətinləşir. Həmin ölkədən rəsmi cavab, hansısa sənədin əldə edilməsi vaxt aparır, hətta mümkünsüz olan məqamlar da baş verir. Bu cür qeyri-standart hallar nəzərə alınmaqla alimentlərin ödənilməsinin daha effektiv üsulları tapılmalı və icraya yönəldilməlidir. Bu məsələdə ən çox dəstəklənən təklif Aliment Fondunun yaradılmasıdır. Ailə Məcəlləsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən bir uşağa görə qazancın, yaxud da gəlirlərin 1/4 hissəsi, 2 uşağa görə qazancın və ya gəlirlərin 1/3 hissəsi, 3 və daha çox uşağa görə isə qazancın və yaxud gəlirlərin yarısı aliment olaraq hesablanır. Alimentin miqdarı məhkəmə tərəfindən müəyyən nüanslar nəzərə alınmaqla azaldıla və ya artırıla bilər. Aliment öhdəliyi olan şəxs işləmirsə və ya heç bir gəliri yoxdursa, bu zaman məhkəmə həmin şəxsə alimentin ödənilməsini sabit pul məbləğində təyin edir. Alimentin sabit pul məbləği uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq hesablanır. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Hesab edirəm ki, hazırda işlək qanunlara (Ailə Məcəlləsi, Əmək Məcəlləsi) bir sıra lazımi dəyişiklik və əlavələr etməklə problemin həllində irəliləyişə nail olmaq mümkündür.  

Sosioloq bildirdi ki, aliment ödəməyənlərin cərimə edilməsi və ya həbsi vəziyyətdən çıxış yolu deyil. Bununla  uşağın maddi ehtiyacları ödənməyəcək: 
- Valideyn məsuliyyət daşımalıdır. Lakin öncə uşaq və qadının ehtiyaclarının ödənməsi yerinə yetirilməlidir. Nə uşaq gözləyə bilər, məhkəmə nə zaman qərar çıxaracaq, nə də qadın. Onların təminatı olmalıdır. Bunun üçün də sosial paketlər olmalı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Ədliyyə Nazirliyi ilə birgə işləməli, övladı ilə tənha, maddi sıxıntı içində qalanlar, heç bir yerdən gəliri olmayan və aliment ödənilməsi də mümkün olmayan məhkəmə işləri barədə ƏƏSMN-yə məlumat verilməli, nazirlik də bu şəxslərə yardım etməlidir. Bu məsələdə ən optimal yol Aliment Fondunun yaradılmasıdır. Bir çox ölkələrdə Aliment Fondu institutu fəaliyyət göstərir və alimentdən məhrum qalmış uşaqlar bunun sayəsində maddi cəhətdən təmin edilə bilir. Aliment ödənilməməsinə cərimələrin miqdarının artırılması, əmlakın müsadirə olunması da mümkündür. Lakin bəzən müsadirə ediləsi əmlak da olmur. Bəzən insanlar gəlirlərini, əmlaklarını gizlədə bilir. Bu halda ana və körpə sosial paketlər sayəsində himayə olunmalıdır. Alimentdən “qaçan” atalar barəsində beynəlxalq axtarış vermək olar. Ölkəmiz tərəfindən ədliyyə sahəsində tərəfdaşlıq etdiyi ölkələrə sorğu göndərilməli və həmin şəxslər müəyyən edilərək məsuliyyətə cəlb edilməli, Aliment Fondunun ödədiyi məbləğ də həmin şəxsdən geri alınmalıdır. Amma Aliment Fondunun yaradılması çətinliyə düşmüş şəxslərə ilkin mərhələdə yardım göstərilməsi üçün vacibdir.