Boşanmalar artır: Ekspertlər ailə institutunun zəiflədiyini deyir

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması  

Gənclər evliliyə dözmür, demoqrafik təhlükə qapıdadır

Son dövrlərdə Azərbaycanda boşanmaların sayında müşahidə olunan artım cəmiyyətdə ciddi narahatlıq doğurur. Ailə institutunun zəifləməsi ilə müşayiət olunan bu proses təkcə sosial münasibətlərə deyil, eyni zamanda ölkənin demoqrafik vəziyyətinə də birbaşa təsir göstərir.

Mütəxəssislər bildirirlər ki, boşanmaların çoxalması doğum səviyyəsinin azalmasına, tək valideynli ailələrin artmasına və gələcəkdə əmək resurslarının azalması riskinə yol aça bilər. Mövcud tendensiya davam edərsə, bu hal uzunmüddətli perspektivdə əhalinin təbii artımına və sosial sabitliyə ciddi təhlükə yarada bilər.

Statistik məlumatlar göstərir ki, hər 100 nikahdan 56-sı bir il keçməmiş pozulur, yəni cütlüklər arasında ailə həyatının sabitliyi qısa müddətdə pozulur.

Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu “Şərq”ə bildirib ki, artıq ailə institutu, ailə dəyərləri, tərbiyə aradan çıxmağa başlayıb. Onun fikrincə, biz bu dəyərləri yenidən geri qaytarmalı, ailə institutumuzu möhkəmləndirməliyik:

“Əvvəllər evlənəcək gənclərin ailələri bir-birini araşdırır, bir-birinə uyğun olub-olmadığını müəyyənləşdirirdi, daha sonra gənclər ailə qururdu. Lakin indi evlənmək, ailə qurmaq çox asanlaşıb, gənclər özlərini avropalı kimi aparır. Qızlarımız da işləyirlər, iqtisadi cəhətdən sərbəst olublar, ailədə olan söz-söhbətə, problemlərə dözümlülük göstərmirlər. Bir çoxu da sərbəst yaşamaq istəyir. Əvvəllər qadınlar ona görə dözürdülər ki, iqtisadi cəhətdən kişidən asılı idilər, övladlarının gələcəyi, öz gələcəyinə görə bir çox problemlərə susqunluq nümayiş etdirirdilər. İndi isə əksər qadınlar kişilər qədər işləyib, evə pul gətirirlər və hansısa problem olduqda ona sinə gəlmək istəmir, rahatlıqla boşanma qərarını verirlər. 

Həmçinin uşaq dünyaya gətirmək, onu böyütmək çətinləşib. Buna görə ailələr əksər hallarda bir uşaqla kifayətlənir, buna görə ölkəmizdə demoqrafiya da aşağı düşməyə başlayıb”. 

Hüquq müdafiəçisi hesab edir ki, həm sosial-iqtisadi problemlər, maddi sıxıntılar, gənclərin daha çox sərbəst yaşamaq istəyi, çətinliklərə dözümsüzlük boşanmaların artmasına təsir göstərir: “Bu məsələdə televiziyaların da təsiri az deyil. Bəzən görürük ki, 5-ci dəfə evlənən toy edir, o toyu efirdə verirlər, buna baxanlar da düşünürlər ki, onlar da bu cür tez-tez boşanıb, evlənə bilərlər, elin, cəmiyyətin qınağına tuş gəlməyəcək. Amma əvvəllər el qınağı var idi, insanlar boşanmağı böyük ayıb hesab edirdilər, ailələrini hər cür çətinlikdən qorumağa çalışırdılar. İndi isə bütün bunlar sıradan çıxıb".

Problemin səbəbləri və psixoloji aspektlərini dəyərləndirən psixoloq Elnur Rüstəmov qeyd edib ki, ailələr adaptasiya prosesini keçə bilmədikləri üçün boşanmağa qərar verirlər. Onun sözlərinə görə, əsas səbələrdən biri tərəflərin bir-birini yetəri qədər tanımaması və ya tanıtmaq istəməməsi ilə bağlıdır: "Tanışlıq ərəfəsində cütlüklər özlərinin daha çox müsbət tərəflərini göstərməyə çalışırlar. Bir-biri ilə tam səmimi ola bilmirlər və nəticədə ailə qurduqdan sonra problemlər yaranır. Sonra da deyirlər ki, mən onu belə tanımırdım, mən onun bu xüsusiyyətlərini bilmirdim, mən bilmirdim onun ailəsində bu kimi problemlər var və s. Halbuki bunları zamanında çox rahat həll etmək olardı". Psixoloq boşanma hallarına ailələrin müdaxilələrinin də böyük təsir göstərdiyini qeyd edib. Onun sözlərinə görə, klassik bir problem olsa da, qayınana-gəlin münasibəti burada çox önəmlidir: “İstər qız, istər oğlan tərəfin ailələrindən olan müdaxilələr də boşanmalara gətirib çıxarır. Bəzən səbəbsiz qısqanclıqlar da buna səbəb olur”.

Boşanma hallarının azalması və qarşısının alınması məsələsinə gəldikdə isə E.Rüstəmov psixoloqa müraciət etməyi məsləhət görüb. Onun fikrincə, bu məsələyə peşəkarların cəlb olunması çox yaxşı nəticələr verə bilər. Çünki bəzən boşanan tərəflər zaman keçdikcə təəssüf hissi keçirir və qərar verərkən tələsdiyini düşünür. Lakin iş-işdən keçmiş olur.

Sağlam Cəmiyyət Hərəkatının sədri, sosioloq Elçin Bayramlı da açıqlamasında ailə dəyərlərinin zədələnməsinin qlobal bir tendensiya olduğunu deyib. Onun sözlərinə görə, müasirlik adı altında təbliğ olunan yeni həyat tərzi, gənclər arasında aparılan müxtəlif çağırışlar prosesə ciddi təsir göstərir: “Bir çox gənclər həyatlarını yalnız şəxsi maraqlarına uyğun qurmaq istədiklərini bildirərək evlənməyə tələsmirlər. Ailə qurmağa və ailəyə maddi resurs ayırmağa üstünlük vermək əvəzinə, səyahət etməyi və fərdi rahatlığı seçirlər”. Bu yanaşmaların milli-mənəvi dəyərlərimizlə ziddiyyət təşkil etdiyini xatırladan sosioloq qeyd edib ki, ailələrin sayının azalması və boşanmaların artması ümumi əhali strukturunda problemlər yaradır: “Doğum səviyyəsinin aşağı düşməsi demoqrafik tarazlığa təsir edir, boşanmalar isə əlavə hüquqi və sosial öhdəliklər formalaşdırır. Nəticədə dövlətin sosial məsuliyyəti və yükü artır”. Ailə institutunun möhkəmləndirilməsi və sağlam ailə modelinin təşviqini vacib hal kimi dəyərləndirən E.Bayramlı hesab edir ki, minilliklər boyu formalaşmış milli-mənəvi dəyərlərimizi qorumaq və gənclərə ailənin müqəddəs bir institut olduğunu düzgün şəkildə izah etmək mühüm əhəmiyyət daşıyır: “Ailə oyun və ya müvəqqəti qərar deyil, ciddi və məsuliyyətli bir seçimdir. Ailə bir dəfə qurulmalı və qorunmalıdır. Əgər ailədaxili problemlər yaranarsa, onların həlli yolları mövcuddur. Böyüklərin məsləhəti, ailə üzvlərinin qarşılıqlı dialoqu və anlayışı vasitəsilə problemləri aradan qaldırmaq mümkündür. Həll olunmayan problem yoxdur. Gənclər milli dəyərlərimiz əsasında tərbiyə olunduqda ailə institutu daha möhkəm və dayanıqlı olar”.