Türkiyədə yaşlı əhali getdikcə artır.
Sherg.az xəbər verir ki, mənzil sektoru üzrə mütəxəssislərə görə, bu vəziyyət ehtiyacları da dəyişdirir. Əlçatanlıq, ev daxilində təhlükəsizlik, sosial təcrid və müstəqil yaşam kimi məsələlər daha önəmli hala gəlir.
Mütəxəssislər “yaşlı dostu mənzil” yanaşmasının əhəmiyyətini vurğulayırlar.
Türk Sərbəst Memarlar Dərnəyinin İdarə Heyətinin üzvü Filiz Cingi Yurdakul bildirib ki, mənzillər dəyişən ehtiyaclara uyğunlaşdırılmalıdır.
Yurdakul deyib: “Mənzilləri yalnız bu günə görə deyil, gələcəyə görə də layihələndirməliyik.”
O qeyd edib ki, hazırda mənzillər daha çox say baxımından qiymətləndirilir, halbuki onlar keyfiyyət baxımından nəzərdən keçirilməlidir.
Liftin əhəmiyyətinə diqqət çəkən Yurdakul bildirib: “Vanna otağı və mətbəxdə lazım gəldikdə tutunmaq üçün möhkəm divarların olması, sürüşməyən döşəmə səthlərinin tətbiqi, eyni zamanda astanasız və mümkün qədər düz sahələrin yaradılması vacibdir.”
Yurdakul “ömür boyu istifadə oluna bilən mənzil” anlayışının həyatımıza daxil olduğunu vurğulayıb:
“Uşaqlıq mərhələsi, gənclik dövrü, yetkinlik mərhələsi, daha sonra gənc cütlük, uşaqlı ailə və bəlkə də müvəqqəti əlillik halları ola bilər. Biz bütün bu mərhələlərə uyğunlaşa bilən bir mənzildən danışırıq. Burada memarların da üzərinə böyük məsuliyyət düşür.”