"Easy On Me", "Hello", "Someone Like You" və "Rolling in the Deep" hitləri ilə tanınan britaniyalı müğənni Adel səhnə ilə vidalaşıb. Konsert zamanı göz yaşlarını saxlaya bilməyən ulduz emosional çıxış edib.
Sherg.az xəbər verir ki, güclü səsi və emosional mahnıları ilə tanınan britaniyalı müğənni Adel son aylarda musiqiyə ara verəcəyini açıqlayıb.
Britaniyalı müğənni Las-Veqasda "Weekends With Adele" şousu ilə səhnə ilə vidalaşıb. Las-Veqasda 100-cü konsertini verən Adel 4 min nəfərlik Sezar sarayında iki ilə yaxın musiqisevərlərlə görüşüb.
Sosial şəbəkələrdə paylaşılan videolarda Adelin konsert zamanı emosiyaya qapıldığı və səhnə ilə vidalaşarkən ağladığı görünür. Müğənni "Bu konsertlərin bitəcəyinə çox üzülürəm, lakin onların baş tutmasına çox şadam" deyib.
Musiqi ilə bağlı planlarının olmadığını bildirən 36 yaşlı ingilis sənətçi "Bu səhnə üçün çox darıxacağam. Yenidən nə vaxt səhnəyə çıxmaq istədiyimi bilmirəm" deyib.
"Daily Mail" bildirir ki, "Qremmi" mükafatı alan müğənninin gizli planı var. 220 milyon dollar sərvəti olan Adelin aktyorluğa addım atdığı iddia edilir. Adelin Hollivudun məşhur aktyor məşqçiləri ilə işlədiyi və bir ildən artıqdır ki, aktyorluq təhsili aldığı bildirilir.
Mənbələrə görə, Adel öz komandasına böyük kinostudiyalara və prodüserlərə hazır olduğunu "xəbər vermələrini" xahiş edib.
Müğənninin daha sonra qastrollara və musiqilərə qayıdacağı məlum olub.
Digər tərəfdən, ulduz yaxın vaxtlarda albom çıxarmağı planlaşdırmadığını söyləyərək, "Yeni mahnılar ərsəyə gətirmək fikrim yoxdur. Bu verilişlərdən sonra uzun müddət fasilə verməyi planlaşdırıram" deyib.
"Mən heç olmasa bir müddət başqa yaradıcılıqla məşğul olmaq istəyirəm", - Adele əlavə edib.
London əsilli müğənninin "19", "21", "25" və "30" albomları bütün dünyada böyük uğur qazanıb.