Ərdoğanın yanından getdi - İki partiya dəyişdi, bir də qayıtdı

Türkiyə Böyük Millət Məclisində siyasi qüvvələr balansında dəyişiklik baş verib.

Musavat.com xəbər verir ki, Yeni Yol Partiyasından istefa verərək müstəqil deputat kimi fəaliyyət göstərən Bursa millət vəkili Cəmaləddin Kani Torun hakim AK Partiyaya qoşulub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın Mərkəzi Qərar və İdarə Heyətinin iclasında Torunun yaxasına şəxsən partiya nişanını taxıb.

Məlumata görə, Torun 2026-cı il avqustun 31-də Yeni Yol Partiyasından istefa verib. Təxminən ay yarım müstəqil deputat kimi fəaliyyət göstərdikdən sonra yenidən AK Partiyaya qayıdıb.

Maraqlıdır ki, Torun əvvəllər də AK Partiyanın deputatı olub. O, Türkiyə parlamentinin 25-ci və 26-cı çağırışlarında Bursa şəhərini təmsil edib. Sonradan Əhməd Davudoğlunun rəhbərlik etdiyi Gələcək Partiyasının qurucuları sırasına qoşulub.

1959-cu ildə Artvində doğulan Torun ixtisasca həkimdir. O, 2011–2014-cü illərdə Türkiyənin Somalidəki səfiri vəzifəsində çalışıb.

Yeni keçid nəticəsində AK Partiyanın parlamentdəki deputatlarının sayı 280-dən 281-ə yüksəlib. Müstəqil deputatların sayı isə 11-dən 10-a düşüb.

Hazırda Türkiyə Böyük Millət Məclisində ümumilikdə 592 deputat fəaliyyət göstərir.