Son günlərdə mətbuatda Levon Ter-Petrosyanın hakimiyyətdə olduğu 1993-cü ildə Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmənin bu dövlətin siyasəti olduğunu təsdiq edən çıxışının videoyazısı yayılıb.
Qərbi Azərbaycan İcması bu barədə bəyanat yayıb.
Bəyanatda qeyd edilib ki, hakimiyyət illəri Azərbaycan torpaqlarının işğalı və azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin böyük hissəsinin aparıldığı dövrə təsadüf edən Ter-Petrosyanın bu bəyanatı Ermənistanın sistemli etnik təmizləmə siyasətini və bu kimi fəaliyyətlərə rəvac verən təhlükəli irqçilik ideologiyasını sübut edən fövqəladə əhəmiyyətə malik bir dəlildir:
“Bu bəyanat etnik təmizləmə və işğal siyasətinin arxasında məqsədyönlü niyyətin olmasını, Ermənistanın dövlət məsuliyyətini, insanlığa qarşı cinayətlərin və sülh pozuculuğu cinayətlərinin sistemli və mütəşəkkil xarakterini və konkret planın mövcudluğunu sübut edir.
Bu məsələ ilə əlaqədar olaraq, Qərbi Azərbaycan İcması BMT-nin Baş katibi Antonio Quterreşə və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türkə məktublar ünvanlamışdır. Məktublarda Ermənistanın sistemli şəkildə dövlət səviyyəsində həyata keçirdiyi irqi ayrı-seçkilik və etnik təmizləmə siyasətinin beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə qınanması üçün çağırış edilir.
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyətin Ermənistanın irqi ayrı-seçkilik siyasətinə qarşı qətiyyətli mövqe tutmasına nail olmaq üçün səylərini davam etdirəcək”.
Milli Məclisin deputatı Hikmət Babaoğlu "Sherg.az"a bildirib ki, Ermənistan Respublikası süni dövlət kimi yaradılar-yaradılmaz tarixi torpaqlarımızda Qərbi azərbaycanlılara qarşı cinayətlər törətməyə başlayıb, deportasiya edib və etnik təmizləmə siyasətinə məruz qoyub:
"Qərbi azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti 1918-ci ildən 1987-ci ilə qədər davam edib. Ən son dalğa isə 1987-1991-ci illərdə başlayıb. Bu da əslində Qarabağ hadisələri ətrafında baş verən münaqişə ilə əlaqələndirilsə də, 100 illik erməni siyasəti idi. Elə Levon Ter-Petrosyanın sözügedən çıxışındakı fikirlərdə də bu, ortaya çıxır. Təəssüf ki, bir Prezidentin bu cür etirafları hüquqi məsuliyyət yaradır. Çünki nəticə etibarilə o, bu fikirləri irəli sürərkən, Ermənistan dövlətinin Prezidenti idi. Həmçinin Levon Ter-Petrosyan bilavasitə, etnik təmizləmə siyasətinə rəhbərlik edib. Üstəlik də, qeyri-qanuni olaraq Azərbaycan ərazilərinə gələrək bu torpaqlarda, Ağdam şəhərində bunları bildirib. Digər tərəfdən bu siyasət indi də davam edir".
Deputat əlavə edib ki, Qərbi Azərbaycana qayıdış, Qərbi Azərbaycan İcmasının bərpası Ermənistanı çox ciddi şəkildə narahat edir:
"Bunun əsas səbəbi isə tarixi coğrafiya olaraq, Qərbi Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılmasını etiraf etməmək cəhdləridir. Çünki ermənilər də bilirlər ki, 1918-ci il mayın 29-da Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qərarı ilə İrəvan paytaxt olmaqla 9 min kvadratkilometr ərazi ermənilərə dövlət olaraq verilib. Əgər bugünkü Ermənistan ərazisi tarixi Qərbi Azərbaycan deyilsə, onda nəyə görə AXC belə bir qərar qəbul edirdi? Deməli bu torpaqlar bizə məxsus idi ki, Ermənistana vermişdik. Ermənilər bunu qəbul edərsə, Ermənistan Respublikasının indiki 28.9 milyon kvadratkilometr yox, 9 milyon kvadratkilometr olduğu məsələsi ortaya çıxa bilər. Lakin gec-tez tarixi ədalət öz yerini tutmalıdır. Həmçinin Qərbi azərbaycanlılar öz torpaqlarına qayıtmalıdırlar. Ümumilikdə isə Qərbi azərbaycanlıların torpağı üstündə qurulan Ermənistanda onlar da ermənilərlə bərabər hüquqlar almalıdırlar".