Erməni qatili ermənilər - Təxribatda Sumqayıt gəncliyinin əli olmayıb


Ermənilər tarix boyu yalan və saxtakarlıqlara əl ataraq ölkəmizə qarşı əsassız iddialar irəli sürüblər. Bu absurd iddialardan biri də elə Sumqayıt hadisələri ilə bağlıdır. Ermənilər o zaman SSRİ dövründə Azərbaycana qarşı planlaşdırılmış və ermənilərin əli ilə törədilmiş təxribat hadisələrini sanki onların faciəsi kimi qələmə verməyə çalışıblar.
Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyi Sumqayıt qırğınlarının 37-ci ildönümü ilə bağlı bəyanat yayıb. İddia ediblər ki, 1988-ci ilin fevralın 27-29-da Azərbaycanın Sumqayıt şəhərində törədilmiş silsilə cinayətlər dövlət himayədarlığı və göstərişi ilə ermənilərə qarşı genişmiqyaslı qırğınların başlanğıcını qoyub. 

Ermənistanın riyakar iddialarına Azərbaycan Xarici İşlər Nazirliyi cavab verib. 

Nazirliyin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Ermənistan Xarici İşlər Nazirliyinin Sumqayıt hadisələri ilə bağlı 27 fevral tarixli bəyanatında ölkəmizə qarşı irəli sürdüyü iddialar tamamilə əsassız olmaqla yanaşı, tarixi faktların təhrif edilməsi və saxtalaşdırılmasıdır”.
Onun sözlərinə görə, bu bəyanat, 1980-ci illərin sonlarından başlayaraq Ermənistanın Azərbaycana qarşı əsassız və qeyri-qanuni ərazi iddialarını həyata keçirmək məqsədilə zorakılıq əməllərini, Ermənistan ərazisində yaşayan azərbaycanlı əhalinin kütləvi qovulmasını, Azərbaycan xalqına qarşı terroru, etnik zəmində təxribatları və hərbi gücdən istifadəni ört-basdır etmək cəhdləridir: “Ermənistan XİN-ə xatırladırıq ki, Sumqayıtda etnik zəmində törədilən iğtişaş SSRİ və Ermənistan rəhbərliyinin, erməni şovinist ideoloqların və ekstremist təşkilatların öncədən düşünülmüş və planlaşdırılmış məqsədyönlü təxribatlarının tərkib hissəsi idi”.
Hacızadə Ermənistan XİN-ə xatırladıb ki, Azərbaycan Respublikası beynəlxalq səviyyədə tanınmış suveren ərazisinin bir hissəsində Ermənistanın onilliklər boyu davam edən hərbi işğalına son qoyub, ərazi bütövlüyü və suverenliyini təmin edib: “Ermənistan tərəfinin guya ermənilərə qarşı 2023-cü ildə “etnik təmizləmə” siyasəti həyata keçirildiyi barədə iddialar səsləndirmək əvəzinə, nəinki indiki Ermənistan ərazisində, eləcə də işğal dövründə azərbaycanlılar və Azərbaycan irsinə qarşı törətdiyi cinayət əməllərinə nəzər yetirməsi daha faydalı olardı. Azərbaycan ərazilərinə qarşı hərbi təcavüz zamanı Ermənistanın Xocalı daxil olmaqla bir çox şəhər və kəndlərdə törətdiyi çoxsaylı müharibə və insanlıq əleyhinə cinayətləri törədənlərdən heç kimin bugünədək hüquqi məsuliyyətə cəlb olunmadığı Ermənistan XİN-ə məlumdur”.

Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndi də “Sherg.az"a açıqlamasında Sumqayıt hadisələrinin canlı şahidi olduğunu deyib və həmin gün yaşanan hadisələri xatırladıb. 

V.Əfəndi bildirib ki, Sumqayıt hadisələrini hər il gündəmə gətirən Ermənistan hakimiyyəti indiyə qədər bizə qarşı törətdikləri bütün cinayətləri zərərsizləşdirmək niyyəti güdsə də, onların etdiklərinin yanında bu iftira keçərli deyil:

 “1988 -ci il 27-28-29 fevral Sumqayıt hadisələri Azərbaycan tarixi səhifəsinə qara hərflərlə yazılıb. Bu hadisələrdən 37 il ötməsinə baxmayaraq, gözümün önündə cərəyan edən hadisələri çox aydın xatırlayıram. Ayın 27-də evimizdə xeyir iş var idi. Bacıma nişan gəlmişdi. Bir ayağım evdə, digəri isə meydanda idi. Şəhər tamamilə nəzarətsiz buraxılmışdı. Ermənistandan gələn qaçqınlar şəhərə axışmaqda davam edirdilər. Üstü açıq yük maşınlarında isə xüsusi qruplar meqafonlarla əhalini iğtişaşa erməniləri qırmağa sövq edirdilər. Bu adamların kimliyi barədə isə həqiqətləri səhəri gün şahidi olduğum hadisə ilə öyrəndim. Gecə səhərə qədər yatmadıq. Səhər tezdən isə təhsil aldığım Neft-Kimya İnstitutunun Sumqayıt filialına yollandım. Səhər tezdən İnstitutun qarşısına çoxlu sayda insanların toplandığını gördüm. Hələ də üstüaçıq maşınlarda sumqayıtlıları qisas almağa səsləyən çağırışlar edilirdi. İnstitutun qarşısına yığışan insanlarla ünsiyyətə girdim. Açığını deyim ki, onların antropoloji quruluşu məndə ilk şübhəni yaratdı. Fərqli insanlar idilər. Yekəpər olmaqla yanaşı dilimizdə aksentlə danışırdılar. Özlərini isə Ermənistan qaçqını kimi qələmə verirdilər. İnstitutun qarşısındakı yolda isə qara rəngli "Qaz-24" maşınlarında qara "layka" plaşlılar var-gəl edirdilər və zaman-zaman bunları daha aktiv olmağa məcbur edirdilər. O zaman İnstitutun həmkarlar ittifaqının sədri Tirmə xanım təxribatçıları institutun içərisinə buraxmamaq üçün kişi dəyanəti ilə sinəsini qabağa vermişdi. Bu zaman "Qaz-24" maşınından bir neçə nağara gətirdilər və nağaraçalanlar qəhrəmanlıq ritmləri ifa edərək kütləni və həyətdə olan tələbələri cuşa gətirməyə başladılar. Vəziyyət gərginləşirdi. Təxribatçılar içəri daxil olaraq erməniləri öldürəcəklərini deyirdilər. Bu zaman biz institutun arxa qapısından rus və erməniləri qaçırtmağa nail olduq. Təxribatçılar bunu anladıqdan sonra daşla girişin pəncərəsini sındırdılar. Biz də sonda razılaşdıq ki, bir neçə nəfər içəri girsin və auditoriyalara baxsın. Təbii ki, içəridə artıq olmayan qeyri millətləri tapa bilmədilər. Bundan sonra isə onlar tələb etdilər ki, tələbələr onlara qoşulsun və meydana gedilsin. Bizim tərəfdən komsomol fəalımız İmamverdi Azərbaycan bayrağını əlinə götürüb bunların qabağına düşdü. Kütlə ilə bir az getdikdən sonra bizim tələbələr qrupdan ayrılmağa müyəssər oldu. Gözlərimin önündə çox biabırçı qeyri-insani hərəkətlər oldu, lakin əminliklə deyə bilərəm ki, iğtişaşlarda iştirak edənlərin heç biri bizim xalqın nümayəndəsi olmayıb. Xırda xuliqan elementlərin iğtişaşlardan yararlanması cəhdləri ola bilərdi. Lakin törədilən vəhşilik qətiyyən Sumqayıt mentalitetinə uyğun ola bilməzdi. O zamanlar Sumqayıt gəncliyinin özünəməxsus xarakteri və mentaliteti mövcud idi. Belə qaydalarla yaşayan Sumqayıt gəncliyi silahsız və köməksiz insanlara qarşı vəhşilik edə bilməzdi. Bu hadisələri sovet rejiminin təşkil etməsinə heç bir şübhəm yoxdur”.