Plan yerləri niyə boş qalıb?  - AÇIQLAMA

"Bu il ali təhsil müəssisələrində 3300-dən çox yerin boş qalmasının başlıca səbəbi plan yerlərinin artımı ilə əlaqəlidir".
Bunu "Sherg.az"a təhsil eksperti Elçin Əfəndi ali məktəblərdə 3300-dən çox yerin boş qalmasından danışarkən deyib. Onun sözlərinə görə, həm dövlət sifarişli, həm də ödənişli əsaslarla plan yerləri bu il artıb:
"Ona görə də, bəzi ixtisaslarda keçid balları bir qədər enib.  Bir abituriyentin yüksək və ya aşağı nəticə əldə etməsi ümumi təhsil göstəricilərini əks etdirmir. 400-dən yuxarı bal toplayanlar çoxdursa, o zaman təhsil göstəricilərinin yaxşı olduğunu deyə bilərik. Bəzi abituriyentlərin daha zəif nəticə göstərməsinin səbəbi kurikulum əsasında keçirilən imtahanların hələ də şagirdlər üçün çətinlik yaratmasıdır. Eyni zamanda imtahan prosesinə tam adaptasiya olmadıqlarına görə, ballar aşağı ola bilər. Təbii ki, bir neçə il sonra abituriyentlərin imtahan nəticələri daha yaxşı olacaq. Bu da təbii ki, keçid ballarının yüksəlməsi ilə nəticələnəcək".

Qeyd edək ki, ali təhsil müəssisələrinə boş qalan plan yerlərinin sayı açıqlanıb. Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, I mərhələdən sonra I ixtisas qrupu üzrə 1557, II ixtisas qrupu üzrə 217, III ixtisas qrupu üzrə 994, IV ixtisas qrupu üzrə 231, V ixtisas qrupu üzrə isə 350 plan yeri boş qalıb.