Ziyankar dərsliklər, yoxsa saxta ittiham? - ZİDDİYYƏT: Kimdir müqəssir?

Ölkəmizdə ilk dəfə keçirilən və Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Azərbaycan Dili və Ədəbiyyatı Forumu başa çatıb. Tədbirdə Mədəniyyət Nazirliyinin nümayəndələri, millət vəkilləri, elm, ədəbiyyat və mədəniyyət xadimləri və digər qonaqlar iştirak edib. 
İddialara görə, forumda çıxış edən şair Qəşəm Nəcəfzadə elm və təhsil naziri Emin Əmrullayevə bildirib ki, orta məktəblər üçün nəzərdə tutulan dərsliklərdə ciddi nöqsanlar mövcuddur:

""Altun-kitab” nəşriyyatının direktoru Rafiq İsmayılov dərslikləri yaman günə qoyur, uşaqların bilik, əxlaq və etika-estetikasını korlayır. Qafiyəsiz, zəif, ədəbiyyata dəxli olmayan şeirləri dərsliklərə salır. Nəşriyyatın direktorudur, 1-ci sinifdən 9-cu sinifə kimi Azərbaycan dili dərsliyinin müəllifidir. Amma özü Azərbaycan dilini bilmir. Adam rusdillidir".


"Sherg.az" iddia olunan fikirlərə münasibət bildirməsi üçün "Altun-kitab" nəşriyyatının direktoru, dilçi-alim Rafiq İsmayılovla əlaqə saxlayıb. O bildirib ki, hər kimsənin məni tənqid etdiyinə görə, "işdən ayrılıram", "sizlə işləmək istəmirəm" kimi ifadələr işlətmək uşaq söhbətləri olar:

"Bu iş üçün sino getmədiyimi demişəm. Elm və təhsil nazirliyi lazım gəlsə, dərslik yazmaq üçün başqasını rəhbər təyin edər. Mən də əlavə kitablar yazıb, nəşriyyat işi ilə məşğul olaram. Elm və təhsil nazirliyinin sifarişi ilə dərslik yazıram. Nə qədər ki, bundan savayı planları yoxdur, bu işi davam etdirəcəyəm. Hər dəfə Qəşəm Nəcəfzadənin ittihamları ilə bağlı mövqeyimi niyə bildirmədiyimi soruşurlar. Nə mövqe bildirəsən?! Q.Nəcəfzadə müasir təhsil siyasətindən uzaqdır, dil tədrisinin məqsədlərini bilmir, 60-70-ci illərdə qalıb. Onun əsas məqsədi şeirlərinin dərsliklərə düşməsidir. Yaxşı şeirlər olsaydı, məmnuniyyətlə əlavə edərdik. Həmişə bəyənilən mətn axtarışında olmuşuq. Oraya salınan materiallar qohum və ya dostlarımın mətnləri deyil. Layihə çərçivəsində fəaliyyət göstərən müəllif heyyətinin rəhbəriyəm. Hər dərsliyin öz məqsədi, tələbləri var. Mətn məqsədlərə uyğundursa, onu həmin dərsliyə əlavə edirik. İlk növbədə, uşağa oxuyub, anlamanı öyrətməyə çalışırıq. Çünki Azərbaycan təhsilinin reytinqi bu meyar üzrə beynəlxalq səviyyədə aşağıdır. İstəyirik ki, heç olmasa, orta sıralarda yer alaq. Ona görə də oxuyub, anlama bacarığı vacibdir. Qəşəm müəllim isə bütün bunlardan uzaq insandır. Onun istədiyi şeirlərinin dərsliyə düşməsidir. O hesab edir ki, dərslikdəki şeirlər hansısa bədii və ya digər poetik dil tələblərinə cavab vermir. Lakin seçilmiş mətnlərə bir az fərqli meyarla yanaşırıq. Söhbət yalnız poetikadan, məcazlardan getmir. Ona görə də Q.Nəcəfzadə meyarları bilmir və belə açıqlamalar verir. 10-12 il bundan əvvəl dərsliyə salınıb, çıxarılan parçalara istinad edir, 10 ildən sonra bu məsələni qaldırır. İndi buyursun, baxsın, yeni dərsliklərdə nə tapa bilər, başa düşə bilmirəm".


Şair Qəşəm Nəcəfzadə isə faktiki nöqsanlar göstərdiyini diqqətə çatdırır:


"Orta məktəblər müəllimləri də, nazirlik də fikirlərimi bəyənir. İstər 60-70-ci illər, istərsə də müasir dövr olsun. Yaxşı ədəbi mətn bütün zamanlarda belə də adlanır. R.İsmayılov Azərbaycan dilini yaxşı bilmir, rusdillidir, İlham Rəhimovun dostudur. İ.Rəhimov ona güc verir. Şeir yazan müəlliflərin nöqsanlarını deyirəm, söyləyir ki, həmin müəllif uşaq hazırlayır, savadlıdır, filan universiteti bitirib. Yaxşı şeir yazmağı universitet bitirməklə əlaqələndirirsə, deməli, bəsit adamdır. Onun dərslik anlayışından xəbəri yoxdur. Sifarişə uyğun mətn seçmək tapşırılıbsa, yaxşısını tapsın. Daha ona, buna şeir yazdırıb, dərsliyə əlavə etməsin. Dostları, tanışları, nəşriyyatın əməkdaşlarına yazdırmasın. Yaxud da özü saxta imzalarla şeir yazıb, dərsliyə salmasın. Azərbaycanda tələblərə cavab verən çox zəngin uşaq ədəbiyyatı var. Sadəcə əziyyət çəkmir, araşdırmır. Məsələn, "Həsənə", "Məmmədə", "Günelə", "Arzuya" zəng edərək, şeir yazıb, göndərmələrini deyir. Onlar şair deyil axı. Zahid Xəlil, Qəşəm İsabəyli, Sevinc Nuruqızı kimi şairlərimizə müraciət etsə, daha yaxşılarını yazıb, göndərərlər. "Google"da axtarışa verirəm, məlum olur ki, dərslik müəlliflərinin hamısı "Altun-kitab" nəşriyyatın əməkdaşlarıdır. O da həmin nəşriyyatın direktorudur. "Altun-kitab" nəşriyyatın süpürgəçisindən tutmuş korrektor, redaktoruna kimi hamısı dərsliklərdə şeir müəllifləri sırasında yer alıb. O, dərslik nədir, bilmir. Dərsliklərlə bağlı ən yaxşı, ən gözəl dəyişiklik R.İsmayılovun dərslik yazmaqdan getməyi ola bilər. Ölkədə onun bu fəaliyyətinin əleyhinə olan nə qədər adam var, bilirsiniz?! Şamaxıda baş tutan "Azərbaycan dili və ədəbiyyatı forum"unda dediyim nöqsanlara görə, insanlar məni alqışladı, hələ həmfikir olanları görərdiniz".


Q.Nəcəfzadə tədbirdə sözünün yarımçıq kəsilməsi ilə bağlı söylənilənlərə belə cavab verib:


"Çox informasiyanı yalan yazıblar. Əksinə, sözümü dedim. Heydər Əliyev fondu, mədəniyyət nazirliyi, elm və təhsil nazirliyinə təşəkkürümü bildirirəm ki, belə bir şərait yaratdılar. Geniş fikir mübadiləsi aparıldı, təkliflər verdilər. Ulu Öndərimiz Heydər Əliyevin 100 illik yubileyinə layiq, özəl tədbir oldu. Nöqsanlar da deyilməlidir. Heç kəs sözümü kəsmədi. Mənə elə gəlir ki, elm və təhsil naziri Emin Əmrullayev ilk dəfə idi, R.İsmayılov barədə bu fikirləri eşidirdi. Halbuki onun dərslik yazması ilə bağlı söhbətlər üç ildir, dolaşır. E.Əmrullayev ilk dəfə eşitdisə, bu, onun günahı deyil. Nazirin işləri çoxdur. Sözügedən məsələ ilə nazirlik məşğul olmalıdır. Dərsliklərdəki nöqsanlar barədə orada çalışan Vəfa Yaqubova ilə dialoqlarımız olub. Nazirə vaxtında çatdırsa idilər, R.İsmayılovun ziyankar dərsliklərinin qarşısı alınardı".