Tədris metodlarında yenilikçi yanaşmaların tətbiqi qaçılmazdır -Ekspert

Memlərin istifadəsi öyrənilən materialı həm daha maraqlı, həm də daha yadda qalan edir

Memlərdən istifadə orta məktəb şagirdlərinin dərsləri mənimsəməsini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.
Oxu.Az-ın verdiyi məlumata görə, Filippindəki "Ateneo de Manila" Universitetinin alimləri bununla bağlı araşdırma aparıblar. Tədqiqatın nəticələri "Asian Journal of Biology Education" elmi jurnalında dərc olunub.
Müəyyən olunub ki, yumor və mədəni istinadların inteqrasiyası şagirdlərə öyrənilən materialı daha effektiv əlaqələndirməyə kömək edir və fənnə marağı artırır.
Layihədə dəqiq fənlərin dərindən öyrənildiyi özəl orta məktəblərin 200-dən çox 11-ci sinif şagirdi iştirak edib. Yeniyetmələr iki qrupa bölünüb: memlərdən istifadə edərək biologiya tədris olunan eksperimental siniflər və adi tədris materialları olan nəzarət sinifləri. Beş həftə ərzində hər iki qrup hüceyrə bölünməsi və genetika daxil olmaqla mürəkkəb mövzuları keçib, eksperimental qrup həm də dərslərlə bağlı öz memlərini yaratmaqla məşğul olub.
Yekun testlərin nəticələri göstərib ki, memlərdən istifadə edərək təhsil alan yeniyetmələr nəzarət qrupu ilə müqayisədə 21% daha çox bal toplayıblar. Onlar orta hesabla 21,46, ikinci qrup isə cəmi 17,74 düzgün cavab veriblər.
Bundan əlavə, memlər vasitəsilə biologiyanın öyrənilməsi gənclərə fənnə qarşı daha müsbət münasibət formalaşdırmağa və elmi konsepsiyaları başa düşmək və tətbiq etmək qabiliyyətinə daha çox əminlik verib.

Təhsil eksperti Kamran Əsədov “Sherg.az"a bildirib ki, tədris prosesində hər hansı bir mövzunun daha yaxşı mənimsənilməsi üçün müxtəlif üsullardan istifadə etmək zəruridir: 

“Qlobal təhsil təcrübəsi göstərir ki, şagirdlər öyrəndikləri bilikləri gündəlik həyatla əlaqələndirdikdə və ya təqdim olunan material maraqlı bir şəkildə təqdim edildikdə, öyrənmə prosesi daha effektiv olur. Bu baxımdan, memlər, yumoristik yanaşmalar və mədəni istinadlar xüsusilə müasir dövrdə diqqətçəkən metodlardan biridir. Araşdırmalar göstərir ki, yumor və vizual elementlərin inteqrasiyası materialın mənimsənilmə səviyyəsini 20-30% artırır. Azərbaycanda ənənəvi tədris üsulları hələ də dominant rol oynasa da, beynəlxalq təcrübədən öyrənərək kreativ yanaşmaları tədris prosesinə daxil etmək mümkündür. Memlərin istifadəsi, xüsusilə gənc nəsil arasında, öyrənilən materialı həm daha maraqlı, həm də daha yadda qalan edir. Memlər, sosial mediada geniş istifadə edildiyi üçün şagirdlərin gündəlik həyatına yaxındır və onların maraq dairəsinə uyğun gəlir. Məsələn, kimya dərsində elementlərin xassələrini memlərlə əlaqələndirmək və ya tarix dərsində tarixi şəxsiyyətlərə dair yumoristik illüstrasiyalar təqdim etmək dərsə qarşı marağı artırar və şagirdlərin materialı daha yaxşı qavramasına şərait yaradar. Azərbaycanda bu yanaşmanın geniş tətbiq olunmadığını qeyd etmək lazımdır. Tədris prosesi əsasən mühazirə və yazılı tapşırıqlar üzərində qurulur. Müəllimlərin əksəriyyəti kreativ metodları tətbiq etməkdən çəkinir, bunun səbəbləri arasında vaxt məhdudiyyəti, uyğun təlim materiallarının olmaması və bəzən də kreativ yanaşmalara qarşı skeptisizm durur. Lakin gənc müəllimlər arasında sosial mediada dərs materiallarını vizuallaşdırmaq və yumoristik yanaşmalarla təqdim etmək tendensiyası artıq formalaşır. Bu, kiçik olsa da, mühüm bir addımdır. Dünya təcrübəsində belə metodların uğurla tətbiq olunduğunu görürük. Finlandiya təhsil sistemi, məsələn, şagirdlərin gündəlik həyat təcrübələrinə əsaslanan dərs metodlarını geniş istifadə edir. ABŞ-da STEM təhsilində memlərdən, qrafik elementlərdən və interaktiv təcrübələrdən istifadə edilir ki, bu da dərslərin maraqlı və motivasiyaedici olmasına imkan yaradır. Sinqapurda isə texnologiyadan geniş istifadə edərək, dərs materialları sosial media və rəqəmsal platformalar vasitəsilə vizual şəkildə təqdim olunur”.  

Ekspertin sözlərinə görə bu yanaşmalar həm təhsil səviyyəsini artırır, həm də şagirdlərin dərsə aktiv cəlb olunmasına xidmət edir:
“Azərbaycan qanunvericiliyinə əsasən, Təhsil Qanunu müəllimlərə müasir tədris metodlarından istifadə etmək azadlığı verir. Bu, təhsil müəssisələrində yeni və innovativ yanaşmaların tətbiqinə hüquqi əsas yaradır. Lakin təcrübədə bu hüquq tam istifadə olunmur. Təhsil Nazirliyi tərəfindən təklif olunan dərs proqramları əsasən ənənəvi yanaşmaları əhatə edir, kreativ metodların tətbiqi isə müəllimlərin fərdi təşəbbüslərinə bağlıdır. Memlərin və kreativ yanaşmaların tədris prosesinə daxil edilməsi Azərbaycanda həm müsbət təsir göstərə, həm də şagirdlərin dərslərə olan marağını artırmağa xidmət edə bilər. Bu metodun uğurla tətbiqi üçün müəllimlərin kreativliyini inkişaf etdirmək, onların müasir tədris vasitələrindən istifadə bacarıqlarını artırmaq üçün təlimlər təşkil etmək vacibdir. Şagirdlərə dərsləri əyləncəli və maraqlı şəkildə təqdim etmək təkcə materialı daha yaxşı mənimsəməyə kömək etmir, həm də onların ümumi öyrənmə həvəsini artırır. Müasir dövrdə öyrənmə yalnız bilik qazanmaqla məhdudlaşmır, həm də şagirdlərdə analitik düşüncə, problem həll etmə bacarıqları və komanda işi kimi mühüm keyfiyyətləri inkişaf etdirməlidir. Bu məqsədə çatmaq üçün tədris metodlarında yenilikçi yanaşmaların tətbiqi qaçılmazdır. Azərbaycanda təhsil sistemi bu istiqamətdə inkişaf etmək potensialına malikdir. Memlərdən və yumoristik yanaşmalardan istifadənin geniş yayılması, texnologiyanın təhsilə inteqrasiyası və müəllimlərin tədris prosesində daha çox azadlığa malik olması bu məqsədə nail olmaq üçün vacib amillərdir”.