- Təhsilli qız təkcə öz gələcəyini deyil, cəmiyyətin də gələcəyini dəyişmək gücünə malikdir
Elm və təhsil naziri Emin Əmrullayev qızların təhsilli olmasının vacibliyindən danışıb. “Qızların Təhsilinə Dəstək” layihəsinin 5 illiyi və Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin yaradılmasının 125-ci ildönümünə həsr olunmuş yubiley tədbirində çıxışı zamanı nazir deyib ki, təhsilli qızlar təhsilli analardır. Anası ali təhsilli olan şagirdlərin nəticələri anası daha az təhsil almış şagirdlərin nəticələrindən yuxarı olur.
“Bu, qısa müddətdə bir insanın həyatını dəyişmək deyil, daha çox insanın həyatına təsir edən addımdır. Son illər ərzində təhsil sahəsində aparılan qiymətləndirmə layihələrində bütün ölkələrdə 4-cü sinifdə keçirilən tədqiqatlarda qızların nəticələri oğlanların nəticələrindən daha yuxarı olur. Amma 15 yaşlı uşaqların nəticələrinə baxdıqda nəticənin oğlanların xeyrinə dəyişdiyini görürük. Bu müddətdə nə baş verir ki, qızların nəticələri aşağı düşür? Bunun səbəbi qızların sosial həyatında məhdudlaşdırıcı addımlarla müşahidə edilir", - deyə nazir vurğulayıb.
E.Əmrullayev, nə qədər qəribə səslənsə də, təhsildə eyni imkanlar, bərabər haqlardan da danışıb. Və deyib ki, qadınların istər iqtisadiyyatda, istər təhsildə, istərsə də digər sahələrdə iştirakının az olması həmin cəmiyyətin yarımçıq olmasından xəbər verir. Bunun üçün ən effektiv üsul təhsildir. Xüsusilə aşağı yaşlarda baş verən dəyişikliklər yuxarı yaşlarda da özünü göstərir. Proses ibtidai təhsildən başlayıb ali təhsilədək davam etməlidir. Amma nazir bunun yolunu, üsulunu, fərqin aradan qalxması üçün hansı addımlar atılacağını deməyib. Nə edilməlidir ki, proses ibtidai təhsildən ali təhsilədək davam etsin?
Təhsil İşçilərinin Həmrəyliyi Alaynsının sədri, təhsil eksperti Əmrah Həsənli Sherg.az-a açıqlamasında bildirdi ki, qızların təhsilə cəlb edilməsi təkcə təhsil siyasətinin deyil, bütövlükdə cəmiyyətin inkişafının əsas istiqamətlərindən biri olmalıdır. Çünki qızların təhsil alması yalnız onun şəxsi gələcəyinə təsir etmir, eyni zamanda gələcək ailəsinin, övladlarının və bütövükdə cəmiyyətin inkişafına töhfə verir. Bu baxımdan cənab nazirin səsləndirdiyi fikirlər əhəmiyyətlidir. Amma burada diqqət etməli olduğumuz məqamlar var:
- Qızların təhsil hüququnu yalnız məktəbə qəbul və ya dərsə davamiyyətlə məhdudlaşdırmaq olmaz, əsas məsələ onların təhsildən kənar qalmaması, keyfiyyətli təhsil alması və gələcəkə öz potensiallarını reallaşdıra bilmələrini təmin etməkdir. Cənab nazirin dediyi kimi, ibtidai siniflərdə qızların nəticələrinin daha yüksək olması, lakin yuxarı yaş qruplarında göstəricilərin aşağı düşməsi ciddi araşdırılmalı məsələdir. Burada ailə mühiti, sosial gözləntilər, erkən nikah riski, məişət məsuliyyətlərinin qızların üzərinə daha çox qoyulması, bəzi hallarda təhsilin davam etdirilməsinə yaranan maneələr nəzərə alınmalıdır. Fikrimcə, qızların təhsilinə dəstək yalnız maarifləndirici tədbirlərlə məhdudlaşmamalıdır, məktəb, ailə və dövlət bu istiqamətdə birgə fəaliyyət göstərməli, xüsusən regionlarda qızların təhsildən yayınma səbəbləri araşdırılmalı və konkret həll mexanimləri hazırlanmalıdır.
Ə.Həsənli qeyd etdi ki, H.Z.Tağıyevin qızların təhsili naminə 125 il əvvəl atdığı tarixi addım bu gün də aktuallığını qoruyur:
- Bu gün bizim vəzifəsmiz həmin ənənəni davam etdirmək, hər bir qızın təhsil almaq və gələcəyini qurmaq imkanına sahib olmasını təmin etməkdir. Çünki təhsilli qız təkcə öz gələcəyini deyil, cəmiyyətin də gələcəyini dəyişmək gücünə malikdir.