Marneulidə “Aktual Məktəb”in nəzdindəki növbəti “Jurnalistika kursu” başa çatıb

Gürcüstanın Marneuli şəhərində azərbaycanlı tələbə və gənclər üçün nəzərdə tutulmuş ikinci “Jurnalistika kursu” başa çatıb.

AZƏRTAC xəbər verir ki, “Aktual Media”nın nəzdində fəaliyyət göstərən “Aktual Məktəb”in “Jurnalistika Kursu”nun məzunlarına sertfikatlar təqdim olunub.

Marneulidəki “Azərbaycan Evi”ndə keçirilən mərasimdə diplomatik nümayəndəliyin təmsilçiləri, Marneuli bələdiyyə məclisinin üzvləri, siyasətçilər, QHT rəhbərləri, ictiamiyyət nümayəndələri KİV təmsilçiləri, din xadimləri iştirak ediblər.

“Aktual Media”nın direktoru, “Aktual Məktəb”in qurucusu İlkin Hüseynov kursun məqsəd və məramı barədə məlumat verib. Bildirilib ki, keçən ilin ortalarında keçirilən 1-ci kursda məktəbi 7 tələbə uğurla başa vurub. İkinci dəfə təşkil olunan kursu isə 11 tələbə uğurla başa vura bilib. Əvvəli kursu bitirən tələbələrdən ikisi, bu kursu bitirən gənclərdən isə üçü jurnalistika sahəsində fəaliyyət göstərir.

O, bu cür kursların davamlı olacağını söyləyib.

Sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Tamerlan Tağıyev, jurnalistika kursunun müəllimləri - AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri Xətayi Əzizov, “Mtavari Arxi” telekanalının jurnalisti Ceyhun Məhəmmədəli və başqaları çıxış edərək kursun əhəmiyyəti, azərbaycanlı gənclərin jurnalistikaya marağının artırılması, ölkədə Azərbaycan dilli media orqanlarının, eləcə də Gürcüstanın mərkəzi KİV-də azərbaycanlı jurnalistlərin sayının artırılması ilə bağlı fikirlərini bölüşüb, rəy və təkliflərini səsləndiriblər.

Məlumat üçün qeyd edək ki, Gürcüstanda “Aktual Məktəb” 2021-ci ilin iyul ayından “Aktual Media” Qeyri-Hökumət Təşkilatının nəzdində fəaliyyətə başlayıb.