Şənbə və bazar günləri vətəndaşların bank kartlarından 41048 manat oğurlanıb.
Bu barədə DİN-in Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev məlumat yayıb.
“Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatları naməlum şəxslərə verdiyiniz halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar. Aprelin 12-də və 13-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 11100, 10283, 4900, 2537, 2520, 2183, 1500, 900, 711, 530, 500, 480, 425, 393, 387, 381, 330, 142, 120, 100, 100, 96, 95, 68, 50, 50, 50, 50, 20, 19, 15, 13 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”, - o qeyd edib.
Rəqəmsal sahə üzrə mütəxəssis Vasif Qəhrəmanov “Sherg.az”a bildirib ki, bank kartlarından oğurluq iki əsas problemdən qaynaqlanır:

“Birincisi, bank tərəfindən boşluq olub deyə pullar oğurlana bilər. Bu müştərinin istifadəsindən asılı olan bir vəziyyət deyil. Belə vəziyyətdə oğurlanan pullar təzminat kimi geri qaytarılır. Digər tərəfdən isə səhvin müştəri tərəfindən edilmə ehtimalı var. Yəni CVC kodunu kiməsə təqdim edib, mənşəyi bəlli olmayan tətbiq yükləyərək kartdan pul çıxılıbsa, artıq bunun məsuliyyətini istifadəçi daşıyır. Fiziki aləmdə evə daxil olarkən qapını bağlayırıqsa, digital aləmdə də bunu etməliyik. Yəni CVC kodunu heç kəsə təqdim etməməli, mənşəyi məlum olmayan tətbiqlər yükləməməli, və bizə zəng edilərək təlimatlar veriləndə həmin təlimatları yerinə yetirməməliyik. Bank tərəfindən zəng zamanı şəxsi məlumatlar istənilmir. Əgər zəng edənlər şəxsi məlumatlar, yəni kart məlumatları istəyirsə, o zaman biz şüphələnməliyik. Həmçinin kartlarımızı ancaq ümumi istifadə də olunan, tanınmış şirkətlərin saytlarına əlavə edə bilərik”.