"Azərbaycanda da uşaqlaırn sosial şəbəkələrdən istifadəsi istiqamətində maariflənmə prosesi aparılmalıdır"
Fransa parlamentində 2026-cı il 1 sentyabr tarixindən etibarən 15 yaşdan kiçik şəxslər üçün sosial şəbəkələrin qadağan olunmasını nəzərdə tutan qanun layihəsi müzakirə olunur. Teleqraf xəbər verir ki, bu barədə "BILD" məlumat yayıb. Qanun layihəsinin müəllifləri sosial şəbəkələrin asılılıq yaratması, kiberzorakılıq, zərərli məzmun və yuxu pozuntuları kimi ciddi risklərə dair araşdırmalara istinad edirlər. Yanvar ayında qəbul edilə biləcəyi ehtimal olunan layihəyə əsasən, təhsil müəssisələrində mobil telefonlardan istifadə ilə bağlı qadağalar da sərtləşdirilir. Belə ki, mobil telefonlardan istifadə yuxarı siniflərdə də qadağan ediləcək. Qeyd edək ki, ibtidai və orta məktəblərdə bu qadağa artıq 2018-ci ildən qüvvədədir. Fransa bu məsələdə Avstraliyanın təcrübəsini nümunə götürür. Avstraliya dekabr ayında dünyada ilk dəfə olaraq uşaqlar üçün sosial şəbəkələrə qadağa tətbiq edib. Kanberra hökuməti bu addımı psixi sağlamlığın qorunması naminə tarixi dönüş nöqtəsi kimi qiymətləndirib.
Qeyd edək ki, yetkinlik çatmayanların sosial şəbəkələrə girişinin qadağan olunduğu ölkələr çoxdur. Qardaş Türkiyə də 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan etməyi planlaşdırır.
İnformasiya-kommunikasiya sahəsi üzrə mütəxəssis Elvin Abbasov “Sherg.az”a açıqlamasında bildirdi ki, sosial şəbəkə platformaları azyalılar üçün uyğun deyil: 
- Mən də bu fikirdəyəm ki azyaşlılar sosial şəbəkələrdə olmamalıdır. Bu, onlar üçün uyğun deyil. Onlar üçün faydalı məzmunlar emal edən xüsusi platformalar var ki, uşaqların psixoloji durumlarına, püxtələşməsinə, inkişafına faydalı məlumatlar orada yerləşdirilir. Digər istiqamətlərdə isə ölkələrin fəaliyyətləri daxili qanunvericiliklə və digər müvafiq qanunvericiliklərlə birgə təhlil olunmaldıır. Uşaqların sosial şəbəkələrə girişini məhdudlaşdıran xüsusi proqramlar var, valideynlər bu proqramları smartfonlara yükləyərək uşaqların zərərli məzmunlara daxil ola bilməyəcəyinə əmin ola bilərlər. Əgər bunu istəyirlərsə, təbii ki. Hesab edirəm ki, Azərbaycanda da uşaqlaırn sosial şəbəkələrdən istifadəsi istiqamətində maariflənmə prosesi aparılmalıdır. Əgər valideyn razıdırsa övladı sosail şəbəkə istifadəçisi olsun, yaşına uyğun doğru, faydalı məlumatlara çıxış əldə etsin, o zaman düzgün şəxsi məlumatlar əsasında azyaşlının öz hesabı olmalıdır ki orada sosial şəbəkə məhdudiyyətləri tətbiq edilə bilsin. Əks halda isə mən də tərəfdarı deyiləm ki azyaşlılar sərbəst şəkildə feyk hesablarla sosial şəbəkələrdən istifadə etsinlər.