Son xəbərlər

Süni intellektlə ünsiyyət üçün "Ceyms Bond cihazı" hazırlandı

İsveçrəli alimlər istifadəçilərə süni intellektlə səssizcə ünsiyyət qurmağa imkan verən cihaz icad ediblər.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Sürix Federal Texnologiya İnstitutunun (ETH Sürix) komandası "Ceyms Bond filmlərindən çıxmış cihaz" kimi təsvir edilən "InvisiSpeech" adlı qurğunu hazırlayıb. "InvisiSpeech" istifadəçilərə ucadan danışmadan, dodaqlarını tərpətmədən və əllərindən istifadə etmədən süni intellekt köməkçiləri ilə məxfi söhbətlər aparmaq imkanı yaradır.

Arxa azı dişi ilə yanaq arasına yerləşdirilən cihaz insan dili ilə sözləri formalaşdırarkən yaranan kiçik titrəyişləri qəbul edərək işləyir.

Siqnallar daha sonra smartfona ötürülür və tədqiqatçıların hazırladığı süni intellekt modeli bu siqnalları deşifrə edərək verilən əmrləri yerinə yetirir.

Layihə üzərində çalışan doktorant Yicinq Cianq (Yijing Jiang) bildirir ki, "Cihaz o qədər kiçikdir ki, ağıza rahatlıqla yerləşdirilə bilər".

İnsanların düşüncələri vasitəsilə kompüterlərlə ünsiyyət qurmasına imkan verən beyin-kompüter interfeyslərindən fərqli olaraq, "InvisiSpeech"in taxılıb-çıxarılması üçün invaziv cərrahi əməliyyat tələb olunmur.

Bu cihaz qulaqlıqla birləşdirildikdə istifadəçinin ətrafındakı heç kimin eşitməyəcəyi, hətta süni intellekt köməkçisindən istifadə etdiyini belə hiss etməyəcəyi şəkildə ikitərəfli ünsiyyət təmin edə bilər.

ETH Sürixin kompüter elmləri üzrə professoru və tədqiqatın rəhbəri Kristian Holts (Christian Holz) qeyd edir: "InvisiSpeech bizə tamamilə yeni üsullarla qarşılıqlı əlaqə qurmağa imkan verir: təbii dil vasitəsilə süni intellektə görünməz əmr ötürülməsi".

15 nəfərin iştirak etdiyi sınaqda "InvisiSpeech"in əvvəlcədən müəyyən edilmiş 50 əmrin 90 faizini düzgün tanıdığı müəyyən edilib. Lakin cihazın hər bir istifadəçi üçün ayrıca tənzimlənməsi tələb olunub.

Cihazdan süni intellekt eynəklərini idarə etmək və ya başqalarına narahatlıq yaratmamaq məqsədilə ofislər, iclaslar və ictimai yerlər kimi mühitlərdə də istifadə etmək olar.

"InvisiSpeech"in iclas zamanı məlumat əldə etmək və səsli əmrlərlə cihazları yandırıb-söndürmək imkanları artıq sınaqdan keçirilib.

Tədqiqatçılar gələcək təkmilləşdirmə işlərinin süni intellektlə təbii söhbətləri mümkün edəcəyinə ümid edirlər.

ETH Sürix hazırda Danimarkanın Orhus Universiteti və ABŞ-nin Pensilvaniya Ştat Universiteti ilə birlikdə "InvisiSpeech" cihazını təkmilləşdirməyə davam edir.