Rusiya Ukraynadakı müharibədə qazandığı təcrübədən istifadə edərək sualtı donanmasını genişləndirməyə və modernləşdirməyə davam edir.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında bildirilib.
Hesabata əsasən, noyabrın 27-də "Sirkon" raketləri ilə təchiz edilmiş "Yasen-M" layihəli "Perm" çoxməqsədli atom sualtı qayığı Rusiya Hərbi Dəniz Donanmasının tərkibinə qəbul edilib. Bu, göyərtəsində həmin silahları daşıyan ilk Rusiya sualtı qayığıdır. Rusiya lideri Vladimir Putin isə ölkədə daha iki "Borey-A", beş "Yasen-M" və dörd dizel-elektrik sualtı qayığının inşa olunduğunu açıqlayıb.
Analitiklərin fikrincə, Ukrayna qüvvələri Rusiya gəmilərinin buraxdığı "Kalibr" qanadlı raketlərinin demək olar ki, 100 faizini zərərsizləşdirir. Buna görə də Rusiya komandanlığı "Kalibr" ehtiyatlarını Ukraynada sərf etmək əvəzinə onları toplamağa və Qara dənizdən kənardakı digər donanmalara yönəltməyə üstünlük verir.
"Perm" sualtı qayığının daşıdığı "Sirkon" isə uçuş zamanı manevr etmək qabiliyyətinə malik kvaziballistik raketdir və onun vurulması daha çətindir. Bu raketləri zərərsizləşdirmək üçün Ukrayna ordusu ABŞ-nin "PAC-3" kimi bahalı hava hücumundan müdafiə vasitələrindən istifadə etməli olur.
ISW ehtimal edir ki, Rusiya Qərbdə raket əleyhinə sistemlərin istehsalı sahəsindəki çatışmazlıqdan yararlanmaq və dənizdən endirilən zərbələrin effektivliyini artırmaq üçün yeni sualtı qayıqları "Sirkon"larla təchiz edir. Qurum bu addımların Ukraynadakı hazırkı döyüşlərə ciddi təsir göstərməyəcəyini, lakin gələcəkdə Rusiyanın iştirakı ilə baş verə biləcək münaqişələr üçün əhəmiyyət daşıyacağını qeyd edib.