Bəzi internet provayderləri ölkənin imicinə zərbə vurur - EKSPERT

Provayderlər tariflərə yenidən baxmalıdır

“Azərbaycan genişzolaqlı internetin sürətinə görə 5 pillə irəliləyib. Genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət olan “Ookla”nın yanvar ayı üzrə hesabatına əsasən, Azərbaycanda genişzolaqlı internetin sürəti son 12 ay ərzində artaraq orta hesabla 89.88 Mbit/s-ə çatıb. Bu, illik sürətin 34% artımı deməkdir”.

Bu sözləri “Sherg.az”a açıqlamasında informasiya-kommunikasiya məsələləri üzrə ekspert Elvin Abbasov bildirib. Mütəxəssis qeyd edib ki, ötən ilin yanvar ayında bu göstərici 66.83 Mbit/s idi: 

- Eyni dövr üzrə Bakı şəhərinin göstəricilərinə nəzər salsaq, 32% artımla 67.54 Mbit/s-dən 89.29 Mbit/s-ə yüksəldiyini görmüş oluruq. Bakı ilə regionların ortalamasının eyni olması birmənalı olaraq “rəqəmsal bərabərsizliyin” aradan qaldırılması istiqamətində görülən işlər, o cümlədən 1 il bundan qabaq yekunlaşmış “Online Azərbaycan” layihəsinin nəticəsidir. Qurulan infrastruktur 10G, 20G və 50G PON kimi texnologiyaların tətbiqini təmin edir. Başqa sözlə desək “limit is the sky” yəni limitsiz imkanlar təmin edir. 

E.Abbasov bildirdi ki, bunlar öz yerində amma: 

- Bu dinamikanın “doymuşluq həddinə” çatdığını görürük. Əgər provayderlər dəyişikliklər etməsələr artım dinamikasında dəyişiklik gözləmək yumşaq desək mənazıs olacaq. İKTA internet provayderlərinin sürət göstəricilərini dərc etdiyi hesabatda cəmi 5 provayderin 90 Mbit/s-dən yuxarı sürət verdiyini müşahidə edirik. Köhnəlmiş infrastrukturlarını yeniləməyən provayderlər təkcə istehlakçıya yetərsiz xidmtə təqdim etmir həm də ölkənin beynəlxaq imicini zərbə altında qoyur. Provayderlər istehlakçılara sürət paketlərinin təqdim edilməsi yanaşmasını dəyişməlidirlər. Hazırda bazarda provayderlər tərəfindən təqdim olunan 250 Mbit/s sürət tariflərində hər Mbit/s üçün orta ödəniş məbləği 0,14 AZN-dir. Yüksəksürətli internet paketləri daha əlçatan olması üçün provayderlər müvafiq paketlər üzrə tarif strukturuna yenidən baxmalı, qiymət və sürət balansını şəbəkənin davamlı inkişafını təmin edəcək şəkildə optimallaşdırmalıdırlar.