ChatGPT gözləntiləri doğrultmadı: ağır böhran yaşayır

2026-cı il OpenAI üçün maliyyə baxımından ən çətin dövrlərdən biri ola bilər.

Musavat.com xəbər verir ki, şirkət cari il üzrə 14 milyard dollar həcmində zərər proqnozlaşdırır. Bu göstərici ötən illə müqayisədə təxminən üç dəfə çoxdur.

Məlumatlara əsasən, 2023–2028-ci illər ərzində OpenAI-nin ümumi maliyyə itkiləri 44 milyard dollara çata bilər. Ekspertlər böhranın əsas səbəbi kimi istifadəçilərin ChatGPT üçün ödənişli abunəliyə gözləniləndən qat-qat zəif maraq göstərməsini göstərirlər. Şirkətin mövcud monetizasiya modeli sürətlə artan xərcləri qarşılamaq gücündə deyil.

Bununla yanaşı, bir çox ölkələrdə süni intellekt bazarına nəzarətin sərtləşdirilməsi və tənzimləyici mexanizmlərin gücləndirilməsi OpenAI-nin fəaliyyətini daha da çətinləşdirir. Analitiklərin fikrincə, şirkətin süni intellektdən kənar, stabil gəlir gətirən məhsullarının olmaması onu maliyyə “təhlükəsizlik yastığı”ndan məhrum edir.

Bu şəraitdə bazarda OpenAI-nin gələcəyi ilə bağlı ən sərt ssenarilər müzakirə olunur. Proses bu templə davam edərsə, şirkətin maliyyə ehtiyatları tükənə və nəticədə texnologiya nəhəngləri tərəfindən udulma ehtimalı gündəmə gələ bilər.