ChatGPT ilə şəkil yükləmək risklidir - EKSPERT

Süni intellekt karikaturaları əyləncə kimi görünsə də, şəxsi məlumatlarınız üçün təhlükə yarada bilər

Elvin Abbasov: "Üz şəkilləri deepfake və üz tanıma üçün istifadə oluna bilər”

Sosial mediada süni intellektlə işləyən foto-karikatura tətbiqlərinin qısa müddətdə kütləvi yayılması rəqəmsal texnologiyaların istifadəçi davranışına təsirini yenidən gündəmə gətirib. İstifadəçilər şəxsi fotolarını bu platformalara yükləyərək onları animasiya və ya yumoristik obrazlara çevirir və bunu daha çox əyləncə kimi qəbul edir. Lakin mütəxəssislər bu axının ciddi məxfilik və kiber təhlükəsizlik riskləri yaratdığı barədə xəbərdarlıq edirlər.

bildirilir ki, burada söhbət təkcə vizual effekt əldə etməkdən getmir, foto eyni zamanda məlumatdır və sistemə daxil edildiyi andan etibarən emal olunan rəqəmsal aktivə çevrilir. Ekspertlər hesab edir ki, istifadəçilər çox vaxt məxfilik şərtlərini oxumadan və məlumatlarının necə saxlanıldığını anlamadan bu xidmətlərdən yararlanırlar. Nəticədə qısa müddətli əyləncə üçün paylaşılan bir foto sonradan biometrik məlumat kimi saxlanıla, emal oluna və ya müxtəlif platformalar arasında ötürülə bilər. 

Ən böyük risklərdən biri yüklənən fotoların emaldan sonra dərhal silinməməsidir. Mütəxəssislər bildirirlər ki, bu görüntülər müvəqqəti və ya uzunmüddətli şəkildə saxlanıla, süni intellekt modellərinin təlimində istifadə oluna və qeyri-şəffaf istifadə siyasətləri çərçivəsində üçüncü tərəflərlə paylaşıla bilər. Nəticədə istifadəçi fərqinə belə varmadan şəxsi məxfilik ciddi şəkildə zədələnir.

Mütəxəssislər ən təhlükəli ssenarinin məlumat sızması olduğunu bildirirlər. Belə hallarda real üz görüntüləri pis niyyətli şəxslərin əlinə keçə, şantaj və saxta məzmun istehsalı arta, məlumatlar geri qaytarılması mümkün olmayan şəkildə dövriyyəyə girə bilər. Qeyd olunur ki, heç bir rəqəmsal məlumat bazası tam təhlükəsiz deyil və istənilən sistem hücuma məruz qala bilər.

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov “Sherg.az”a bildirib ki, ChatGPT və digər Süni intellekt əsaslı karikatura zahirən əyləncəli görünsə də, istifadəçilər foto və digər şəxsi məlumatlarını yükləyərkən müəyyən risklərlə üzləşə bilərlər:

“Xüsusilə üz şəkilləri biometrik məlumat hesab olunur və gələcəkdə üz tanıma sistemlərində, deepfake kontentlərin hazırlanmasında və ya üçüncü tərəflərlə paylaşımda istifadə oluna bilər. Bundan əlavə, bəzi platformalar yüklənən məlumatları serverlərdə saxlayır və model təlimi üçün istifadə edə bilər ki, bu da məlumat üzərində nəzarətin zəifləməsi deməkdir. Şəxsi məlumatların qorunması üçün istifadəçilər platformanın məxfilik siyasətini diqqətlə oxumalı, məlumatların necə və harada saxlanıldığını yoxlamalıdır. Şəkilləri yükləməzdən əvvəl metadata məlumatlarını silmək, yüksək keyfiyyətli orijinal fayllar əvəzinə optimallaşdırılmış versiyalardan istifadə etmək və şəxsi mühit detallarını gizlətmək tövsiyə olunur. Rəqəmsal mühitdə hər paylaşımın iz buraxdığını nəzərə alaraq, xüsusilə biometrik məlumatlara daha həssas yanaşmaq vacibdir”.