Ərdoğandan texnologiya "bombası": Türkiyə 3 min yeni alim yetişdirəcək

  • Ankara texnologiyada müstəqilliyə hazırlaşır, 20 universitetdə yeni nəsil alimlər hazırlanacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin elm və texnologiya sahəsində yeni insan resursları proqramına start verildiyini açıqlayıb.

Prezident bildirib ki, süni intellekt, kibertəhlükəsizlik, çip texnologiyaları və qabaqcıl kompüter sistemləri kimi strateji sahələr üzrə ilk mərhələdə 550 doktorantura tələbəsi mərkəzləşdirilmiş imtahanla seçiləcək və 20 tədqiqat universitetində hazırlanacaq.

Onun sözlərinə görə, proqramın sonunda, yəni 5 il ərzində Türkiyənin elm və texnologiya ekosisteminə təxminən 3 min gənc tədqiqatçı qazandırılacaq.

Ərdoğan vurğulayıb ki, Türkiyə gələcəyin texnologiyalarını inkişaf etdirən, istehsal edən və dünya bazarına təqdim edən güclü və tam müstəqil ölkə olmaq istiqamətində fəaliyyətini davam etdirəcək.

Türkiyənin yeni proqramı Ankara­nın süni intellekt və çip texnologiyalarını artıq yalnız iqtisadi inkişaf məsələsi kimi deyil, strateji və milli təhlükəsizlik prioriteti kimi gördüyünü göstərir. Xüsusilə çip istehsalı və qabaqcıl hesablama texnologiyaları müasir dünyada müdafiə sənayesindən tutmuş rabitə və kosmik texnologiyalara qədər bir çox sahənin əsasını təşkil edir.

550 doktorantla başlayan və 5 il ərzində 3 min tədqiqatçının hazırlanmasını nəzərdə tutan proqram Türkiyənin xarici texnologiyalardan asılılığını azaltmaq cəhdinin bir hissəsi kimi qiymətləndirilir. Ankara bununla həm yerli mütəxəssis bazasını genişləndirmək, həm də universitetlərlə texnologiya sektoru arasında əlaqəni gücləndirmək istəyir.

Burada ən diqqətçəkən məqam proqramın bir neçə istiqaməti eyni vaxtda əhatə etməsidir: süni intellekt, kibertəhlükəsizlik, çip texnologiyaları və qabaqcıl kompüter sistemləri. Bu sahələr gələcəyin iqtisadi və hərbi rəqabətinin əsas istiqamətləri hesab olunur.

Deməli, Ərdoğanın açıqlaması sadəcə yeni doktorantura proqramı deyil. Bu, Türkiyənin texnoloji müstəqillik və qlobal rəqabət qabiliyyətini artırmaq üçün uzunmüddətli strategiyasının növbəti mərhələsi kimi görünür.