Tesla və SpaceX şirkətlərinin rəhbəri İlon Mask süni intellektin bəşəriyyəti məhv edə biləcəyi ilə bağlı narahatlıqlara ironik cavab verib.
Sherg.az xəbər verir ki, Mask Los-Ancelesdə keçirilən "All-In Summit 2026" sammitində süni intellekt texnologiyalarının yaratdığı risklərdən danışıb.
Ona “Hamımız 10 il ərzində öləcəyikmi?” sualı verilib. Mask isə “Sizi məyus etmək istəmirəm, amma onsuz da bir gün hamımız öləcəyik” deyə cavab verib.
Mask təhlükəsizlik tədbirləri artırılmadığı təqdirdə süni intellekt modelləri inkişaf etdikcə risklərin də artacağını bildirib.
Süni intellektin bəşəriyyət üçün hansı təhlükə yarada biləcəyinə dair suala cavabında isə Mask deyib: “Hərbi sistemlərin idarəsini ələ keçirib, məsələn, nüvə silahının buraxılması əmrini verməsi pis olardı.”
Mask, həmçinin aparıcı süni intellekt şirkətlərinin yeni modelləri istifadəyə verməzdən əvvəl bir-birinin sistemlərini təhlükəsizlik baxımından yoxlamasını təklif edib. Onun sözlərinə görə, bu məsələdə Çinlə də razılığa gəlmək mümkündür.