Mask: Gələcəkdə insandan çox robot olacaq

Davosda çıxış edən İlon Mask yaxın illərdə robotların sayının insanların sayını üstələyəcəyini proqnozlaşdırıb. O bildirib ki, robotlaşma insan əməyinə ehtiyacı azaldaraq cəmiyyətə ciddi təsir göstərə bilər.

Musavat.com xəbər verir ki, Maskın sözlərinə görə, “çoxlu robot” mal və xidmət bolluğu yaradacaq və Yer üzündə hər kəsin yaşlı valideynlərə və ya uşaqlara qulluq üçün robot istədiyi bir dövr başlayacaq.

Mask əlavə edib ki, “Tesla” artıq “Optimus” humanoid robotlarını zavod daxilində sadə işlərə cəlb edir və yaxın mərhələdə onların daha mürəkkəb tapşırıqları yerinə yetirməsi hədəflənir. Onun açıqlamasına görə, şirkət robotları “gələn ilin sonuna qədər” ictimaiyyətə satmağa başlaya bilər ki, bu da Davosdakı çıxışın tarixini nəzərə alsaq, 2027-ci ilin sonu deməkdir.

Qeyd edək ki, Maskın Davos mesajında əsas vurğu süni intellekt və robot texnologiyalarının gündəlik həyatdakı ehtiyacları “doyura” biləcək səviyyədə genişlənəcəyi və bunun iqtisadiyyatda kəskin dönüş yaradacağı idi.