Dünyanın hər yerində milyardlarla insanı qadcetlərə “yapışdırmaqdan” gəlir əldə edən Silikon Vadisinin top-menecerləri öz uşaqlarını isə bu cihazlardan ciddi şəkildə uzaq saxlayırlar.
Sherg.az xəbər verir ki, " The New York Times" qəzetində dərc olunan yazıya əsasən, iri İT şirkətlərinin rəhbərləri uşaqlarının ekran qarşısında keçirdikləri vaxtı ciddi şəkildə məhdudlaşdırırlar.
Məsələn, Snap şirkətinin (Snapchat sosial şəbəkəsini idarə edən şirkət) həmtəsisçisi və rəhbəri Evan Spiegel məktəb yaşında olan uşaqları üçün həftədə cəmi bir saat yarımlıq limit müəyyən edib. Bu məhdudiyyətə yalnız qadcetlər deyil, televiziya izləmək də daxildir. Spiegel daha əvvəl etiraf etmişdi ki, öz yaradıcılıq qabiliyyətini, o cümlədən biznes sahəsindəki uğurlarını müəyyən yaşa qədər televizora baxmasına icazə verməyən valideynlərinə borcludur. Bunun nəticəsində və ya məhz bunun sayəsində o, uşaqlıqda daha çox kitab oxuyur və müxtəlif əşyalar düzəldirdi.
Microsoft şirkətinin həmtəsisçisi Bill Qeyts və hazırda Google şirkətinə rəhbərlik edən Sundar Pichai öz ailələrində belə bir qayda müəyyən ediblər: uşaqlara 14 yaşına qədər smartfon verməmək.
Bir vaxtlar Steve Jobs da öz uşaqlarını qadcetlərdən, o cümlədən məhz onun yaratdığı iPad-lərdən ciddi şəkildə uzaq saxlayırdı.
Təsadüfi deyil ki, Kaliforniyada Google-un baş qərargahından cəmi bir neçə kilometr məsafədə təhsil haqqının ildə 47 500 dollar olduğu Valdorf məktəblərindən biri yerləşir. Bu məktəbdə ibtidai və orta sinif şagirdlərinə qadcet gətirməyə icazə verilmir.
Nəşrin qeyd etdiyi kimi, İT menecerləri, o cümlədən süni intellekt sahəsində çalışan rəhbərlər bu və digər elit “tech-free” (yəni qadcetlərdən istifadənin məhdudlaşdırıldığı) məktəblərin qəyyumlar şuralarına daxildirlər. Onlar burada “insan mərkəzli təhsilin” həyata keçirilməsini tələb edirlər. Onların fikrincə, yalnız bu yolla uşaqlarda tənqidi düşüncə və liderlik üçün zəruri olan digər keyfiyyətləri formalaşdırmaq mümkündür.
Daha bir diqqətçəkən məqam ondan ibarətdir ki, dünyanın ən böyük süni intellekt platformalarından biri olan OpenAI şirkətinin baş direktoru Sam Altman valideyn olduqdan sonra qadcetlərin uşaqlar üçün faydası barədə fikrini kəskin şəkildə dəyişdiyini etiraf edib. O, uşaqlıqda əyləncələrin azlığı səbəbindən bəzən darıxdığını, lakin bunun gözlənilməz şəkildə onun inkişafına kömək etdiyini xatırladıb.
“Buna görə də mən övladımın evdən çıxıb palçıqda oynamağına üstünlük verərdim”, - deyə o, bu yaxınlarda bildirib.
Qeyd edək ki, bu mövzuda yayımlanan material ilk belə yazı deyil. Məsələn, hələ 2018-ci ildə "Business Insider" nəşri də oxşar faktları bir araya gətirən material dərc etmişdi.
Əlavə edək ki, bir neçə gün əvvəl ABŞ Apellyasiya Məhkəməsi bir sıra şirkətlərə qarşı qaldırılmış bir neçə min işi icraata qəbul edib. İddialar həmin şirkətlərin yaratdığı tətbiqlərin uşaqlarda və yeniyetmələrdə bilərəkdən ekran asılılığı yaratması ilə bağlıdır.