Xanım yazarlar arasında ciddi imza varmı? -  "Şərq" maraqlı müzakirəyə işıq tutur

Əsəd Cahangir Çingiz Əlioğlunun sözlərində həqiqətin ağır basdığını vurğulayır


"Hansısa bir özəlliyi ilə seçilmirlər. Bir misraları yadda qalmır. İndi də “feysbuk ədəbiyyatı” yaranıb. Beləcə ciddi ədəbi nümunələr yaratmırlar"


Əməkdar mədəniyyət işçisi, şair, tərcüməçi Çingiz Əlioğlunun bir sözü xanım yazarları “ayağa qaldırdı”.  Nə var ki, Çingiz Əlioğlu qadın yazarlar arasında ciddi imza görmədiyini və “qadın yazarımız yoxdur” deyib. Xanım yazarlarımız da əlbəttə ki, hər biri öz xüsusiyyətinə uyğun cavablandırıb. Orta nəslin təmsilçiləri “Çingiz müəllim deyibsə, deməli, nəsə bilir” söyləyib, nisbətən gənclər, yəni, od-alovlular “Çingiz müəllim kimi oxuyub, kimi tanıyır ki, belə deyir?!”, “bəzisi də “mənim hansı hekayəmi, povestimi oxuyub ki, deyir “ciddi imza deyil?!”  deyə anında kəskin reaksiya sərgiləyiblər. 

   



Gənc şairəmiz Feyziyyə Soltanmurad da Çingiz Əlioğlunun fikri ətrafında sosial şəbəkədə müzakirə başladıb. Və yazarlardan xahiş edib ki, tanıdıqları yazarların və yadda qalan əsərlərin adını çəksinlər.  Maraqlı rəylərə rast gəldik. Bəzisi ilə tanış olaq:
 
Sahlar Ruhi: Günel Şamilqızı, Mahirə Abdulla, Samirə Əşrəf, Mətanət Vahid, Ülviyyə Tahir...

Feyziyyə Soltanmurad: Sahlar Ruhi, müəllifləri ən bəyəndiyin mətnləri ilə sadala, lütfən.

Sahlar Ruhi: Müvafiq sırayla düzək onda 1) Göz alması 2) Ürəkkeçmə 3) Soyğun 4) Mətanətin hekayəsinin adı yadımdan çıxıb. 5) Buqələmun, Üzü cəhənnəmə…

Feyziyyə Soltanmurad: Sahlar Ruhi, bu başqa məsələ. Tanımayanlar, oxumayanlar üçün də faydalı olar. 

Emil Maqalov: Məhsəti Gəncəvi, Mirvarid Dilbazi, Əminə və s…

Rövşən Əliyev: Mən bir şairə tanıyıram. Ad çəkməyəcəm. Sözlə kino çəkir. Ancaq elə bir şair tanımıram.

Feyziyyə Soltanmurad: Rövşən müəllim, şeir, misra...

Rövşən Əliyev: Tam yadımda deyil.
Qayıdanda yol yerində olsa... bu kimi misralar var idi. Doğrusu şeiri tam başa düşməmişdim. Kino kimi baxmışdım. Oxumaq olmurdu ki. Sözlə kino arasında qalmışdım. Onda ağlıma gəldi ki, ən yaxşı şair kamera ilə çəkilməsi mümkün olmayan kinonu yaradan adamdı.

Elçin İlqaroglu: 

Deyin ona yolların biri ilə getsin, arxa-arxaya,
o biri gözündən itənə qədər.
Deyin ona bu dəfə yalan danışdım,
bu yol haça deyil ki.
Üstünə eləcə qayçı şəkli çəkdim əhənglə.
İstəsə silə bilər, amma əlinin arxasıyla,
yavaşca, ehmalca.
Amma əgər qarşısına çıxan qadının gözünü siləcək olsa,
Amma əgər qayıdanda yol yerində olsa…
Soruşun, “Yolu bəyəndinmi?”
Sonra şəhadət barmağınızı dodaqlarınıza yaxınlaşdırıb pıçıldayın:
“Sss… Yol azaddır, amma azadlıq deyil”…

Rövşən Əliyev: Məncə bu, silsilə şeirlər idi. Əvvəli və sonrası var.

Elçin İlqaroglu: Rövşən bəy, bu şeirin müəllifi elə Fevziyyə xanımdı…
 
Feyziyyə Soltanmurad: Heç vaxt özümü bu tip siyahılarda görmürəm deyə gözlənilməz oldu. Utandığımdan bilmədim nə yazım. Elçin bəyin isə müəllifin adını doğru-dürüst bilməməsinə rəğmən şeiri xatırlamasına sevindim, açığı. Ayın-ilin bu vaxtı iki oxucunun yadında heç olmasa bir şeirlə və ya bir misra ilə qalmaqdan gözəl nə var?

Aynur Cavid: Cavi Dan, Sevinc Elsevər, Gülnar Əhməd.
  
İbrahim Hacıyev: Kim nə deyir desin... Həqiqət birdir və həqiqətliyində qalır. O deyilsə də belədir, deyilməsə də...

Dilqəm Əhməd: Könül Həsənqulunun şeirləri

Feyziyyə Soltanmurad: Hansı şeir? 

Nadir Qocabəyli: Təranə Vahid ciddi yazıçıdır.

Feyziyyə Soltanmurad: Nadir bəy, ən çox bəyəndiyiniz yazısı hansıdı?

Nadir Qocabəyli: Onun hekayələrini oxumuşam. Qəbiristanlıq haqqında bir hekayəsi vardı, çox xoşuma gəldi. Ümumiyyətlə, oxuduğum bütün yazılarını bəyənmişəm. Bir də gül haqqında bir hekayəsini oxumuşam, o da yaxşı idi.

Feyziyyə Soltanmurad: Nadir Qocabəyli, təşəkkür edirəm. Oxumayanlar da tapıb oxuyar. 

Səfurə Çərkəzqızı: Sara Oğuz.

Rəylərlə tanış olduqdan sonra tənqidçi fikrini də öyrəndik. Əsəd Cahangir Çingiz Əlioğlunun sözlərində həqiqətin ağır basdığını dedi: 



- Sözsüz ki, xanım yazarların başında Afaq Məsud dayanır. Afaq xanım özü sevmir bu fikri. O mənada ki, aslanın erkəyi dişisi olmadığı kimi, yazarın da kişisi, qadını olmur. Amma bütün hallarda qadın, qadındır da!.. Görürsünüz, siz mövzunu söyləyən kimi yada ilk düşən Afaq Məsud oldu. Amma başqa xanım yazarları belə rahatlıqla yada salmaq olmur. Müstəqilliyimizin bərpasından sonra bir sıra qadın yazarlar ədəbiyyata gəldi. Bəziləri ədəbi mühiti vaxtından tez tərk etdi, bəziləri çiçəklənmə dövrü başlamamış zəiflədi, bəziləri diqqətsizlikdən kənara çəkildi. Böyük ümid bəslədiyim xanım yazar Aygün Həsənoğlu idi. Onun “Mağara” pyesi Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyuldu. Mən hesab edirdim ki, Aygün Həsənoğlu Azərbaycan dramaturgiyasında yeni nəfəs idi və spesifik dramaturji istedadı olan yazar idi. Ümid edirdim ki, Aygün xanım ən məşhur xanım dramaturq olacaq. Nəhayət ki, Azərbaycan dramaturgiyasında xanım dramaturqun da imzasını görəcəyik. Amma yox, Aygün xanım mənim üçün bilinməyən səbəblərdən Azərbaycanı tərk etdi, səhv etmirəmsə, hazırda Türkiyədə yaşayır. Azərbaycan dramaturgiyası xanım yazarını, həm də çox istedadlı bir yazarını itirdi. Bir vaxtlar Səhər Əhməd, Rəsmiyyə Sabir... aktiv idilər. Hamısının adlarını yada sala bilmirəm, inciməsinlər. Sonra biri nəsrə keçdi, biri publisistikaya, ədəbiyyatdan uzaqlaşdılar. Gənclər arasında cəhd göstərənlər var, amma qeyri-adi, parlaq xanım yazar, yoxdur. Elə xanım yazar yoxdur ki, deyə bilsin, “bu bizik”, “bu, mənəm”. Hansısa bir özəlliyi ilə seçilmirlər. Bir misraları yadda qalmır. İndi də “feysbuk ədəbiyyatı” yaranıb. Beləcə ciddi ədəbi nümunələr yaratmırlar. Gənc yazarlarda etiraf mədəniyyəti olmalıdır. Çingiz Əlioğlu sıradan biri deyil. Azərbaycan modern poeziyasının görkəmli nümayəndəsidi, ağsaqqal ziyalımızdı. Mən onun gənc yazarlara aqressiv münasibətini də görməmişəm. Düşünmək lazımdır ki, Çingiz Əlioğlu niyə belə deyir? Mən bilirəm ki, Çingiz müəllim səmimi adamdı və səmimi danışır.

Əsəd Cahangir gənc yazarların Antologiyasını çapa hazırladığını da bildirdi:     
                
- Gənc yazarların Antologiyasını çapa hazırlamışam, yəqin ki, yeni ildə işıq üzü görəcək. Nəsr sahəsində ümidverici imzalar var; Günel Şamilqızı, Çinarə Nüsrətli, Şəfaqət Cavanşir. Bunlar ümid verən yazarlardır. Amma heç kim deyə bilməz ki, güclü imzaya, tanınan, oxunan yazara çevriləcəklər, ya yox. Bunu gələcək göstərəcək.